Şamaxıda vətəndaşı döyərək ondan külli miqdarda pul tələb etməkdə, başqa bir şəxsi ölüm həddinə çatdırmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Dünyamalı Şahbazovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, onun əməllərindən üç nəfər şəxs zərər çəkib.
Zərərçəkmişlərdən biri Nübari Nazir Nübarəli oğludur. O, hazırda həbsdədir. Nübari Nazir narkotik ittihamı ilə DTX-nın əməliyyatı ilə saxlanılıb.
Məlumata görə, Şamaxı rayonu Şəhriyar qəsəbəsində Rusiya vətəndaşı Dünyamalı Şahbazov şəxsiyyəti məlum olmayan iki nəfərlə birləşərək Nazir Nübarinin yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib, sonra qəsəbədəki Bayraq Meydanı adlanan əraziyə gətiriblər.
Həmin şəxslər orada Nazir Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Dünyamalı Şahbazov şübhəli şəxs qismində tutulub.
İstintaq orqanı tərəfindən Dünyamalı Şahbazovun barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (kədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib. Bu işdə Nübari Nazirin xanımı da zərərçəkmiş kimi tanınıb.
İttihama görə, Dünyamalı Şahbazov Bəxtiyar Həsənzadənin intiharında da suçlanır.
İddiaya görə, Dünyamalı Şahbazovun Bəxtiyar Həsənzadədən külli miqdarda alacağı olub. Həmin məbləğin 30 mini qaytaran Bəxtiyar Həsənzadə pulun 70 minini qaytara bilmədiyi üçün intihar edib.
İttihamda göstərilir ki, Bəxtiyar Həsənzadə Elnarə Əzimzadə ilə intim münasibətləri ilə şantaj edilib.
İstintaq orqanının Dünyamalı Şahbazova qarşı ittihamının mahiyyəti belədir ki, o ayrı-ayrı şəxslərin yüngül həyat tərzi sürən qadınlarla intim görüntülərini əldə edərək onları şantaj etməyə başlayıb. Məlumata görə, Dünyamalı Şahbazov əsasən vəzifəli şəxsləri tora salırmış.
Bu işlə bağlı daha bir ilginc məqam var. Belə ki, Bəxtiyar Həsənzadənin intiharı ilə bağlı Elnarə Əzimzadə adlı şəxs də saxlanılıb.
Səs-küylü intihar hadisəsi ilə bağlı yayılan məlumatlara göstərilirdi ki, mərhum Bəxtiyar Elnarə ilə bir neçə ay sevgili olub. Onlar ayrıldıqdan sonra isə Bəxtiyar intihar edib.
Lakin Bəxtiyarın intiharı ilə bağlı başqa bir iddia da var. Bildirilir ki, Elnarə Bəxtiyarla sevgili olduqdan sonra onunla arasında yaranan münasibətdən istifadə etməyə başlayıb. İddiaya görə, Elnarə, Dünyamalı Şahbazov və başqa bir şəxs birlikdə plan quraraq Bəxtiyar Həsənzadəni intim görüntülərinin olması ilə şantaj etməyə başlayıblar. Onlar Bəxtiyarın bu münasibətini yaxınlarına deyəcəkləri adı ilə ondan külli miqdarda pul tələb ediblər.
Elnarə Əzimzadə isə bir müddət əvvəl həbs edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan dəyişdirilib və həbs edilib.
Elnarə Əzimzadə deyir ki, həbsi mərhum Bəxtiyarın vəzifəli qohumlarının sifarişidir. Elnarə söyləyib ki, Bəxtiyarın evli olduğunu bilməyib və onunla sevgili olib. Sonradan Bəxtiyarın evli olduğunu öyrənib və münasibətlərə son qoyub.
Elan olunmuş ittihamla Şahbazov özünü qətiyyən təqsirli bilməyib. Bildirək ki, Şahbazov daha əvvəl də məhkumluq həyatı yaşayıb.
İlkin Muradov
Musavat.com