“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında ölkədəki mövcud hökumətlə köhnə komanda arasındakı mübarizənin artıq tamamilə açıq müstəviyə keçərək, bütün etik və mənəvi normalarla yanaşı, hüquq çərçivəsini də aşdığına dair yazılara çox tez-tez rast gəlinir. Həmin yazılarda sabiq prezident Robert Köçəryanın həbsdə saxlanması və Serj Sarqsyana qarşı cinayət işinin açılmasının ədalət mühakiməsinin bərpasından daha çox Paşinyanın şəxsi ambisiyaları və rəqiblərilə haqq-hesab çürütməsinə xidmət etdiyi bildirilir.
Təbii ki, Ermənistandakı siyasi “razborkalara” “ilanın ağına da lənət, qarasına da” prizmasından yanaşmaq olar. İstər Köçəryan, istərsə də digərləri onsuz da cinayətkardırlar və Azərbaycan xalqına, dövlətinə qarşı törətdikləri cinayətlərə görə bu və ya digər formada ən ağır cəzalara layiqdirlər. Lakin ortada başqa vaxt insan hüquqları, məhkəmələrin müstəqilliyi, mətbuat və söz azadlığı, siyasi azadlıqlar və s. mövzulardan bir çox ölkələrə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edən Avropa İttifaqı və Avropa Şurası kimi qurumların Paşinyan hökumətinin açıq-aşkar özbaşınalıqlarına susması faktı var.
Bu gün faktiki olaraq, Ermənistan hakimiyyəti öz rəqiblərinə qarşı mübarizədə məhkəmə və hüquq-mühafizə sistemindən gen-bol, kefi istədiyi kimi istifadə etməkdədir. Hökumətə müqavimət göstərmək istəyənlərə güc strukturları, hüquq-mühafizə orqanları və məhkəmələrin əlilə, özü də öz milli xislətlərindən irəli gələn formada hər cür iyrənc üsullardan istifadə etməklə təzyiq edilir. Məsələn, Paşinyana dirəniş göstərən Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyana qızı üzərindən təzyiq göstərilib. Sosial şəbəkədə Tovmasyanın qızı hakim partiyanın deputatı tərəfindən açıq şəkildə təhdid və təhqir edilib. Ümumilikdə Konstitusiya Məhkəməsinin hakimiyyətə göstərdiyi dirənişi aradan qaldırmaq məqsədilə isə Paşinyan hətta ölkə konstitusiyasını dəyişmək istəyir. Parlamentdəki üstünlüyündən istifadə edən baş nazir Konstitusiya Məhkəməsinin hazırkı rəhbərliyini istefaya göndərmək üçün konstitusiya dəyişikiyini referenduma çıxarmaq qərarına gəlib. Bu da Ermənistandakı müstəqil ekspertlər tərəfindən hər yeni hakimiyyətin ölkə konstitusiyasını öz şəxsi istək və maraqlarına uyğun formada dəyişərək, mənasız kağız parçasına çevirməsi kimi qəbul edilir.
Bundan əvvəl isə sabiq təhlükəsizlik şefi də daxil olmaqla, əvvəlki hakimiyyətlərin dövründə işləmiş bir neçə güc strukturu rəhbərinin müəmmalı intihar hadisələri baş verdi. Başda Sarqsyan, bir çoxları bunların intihar hadisəsi olmasına şübhə ilə yanaşdıqlarını bildirdilər.
Qeyd edək ki, Ermənistanda son zamanlar siyasətçilərdən başqa, bəzi jurnalistlər və hüquq müdafiəçiləri də təqiblərə məruz qalırlar. Maraqlıdır ki, “xalq inqilabı” nəticəsində hakimiyyətə gəlmiş “lider” qismində təqdim olunan Paşinyanın hazırda öz siyasi rəqiblərinə qarşı istifadə etdiyi metodların böyük qismi Avropa Şurası və Avropa İttifaqının az qala diktator kimi qələmə verdikləri digər ölkə rəhbərləri tərəfindən istifadə olunmur. Ancaq həmin ölkələr daim təzyiq altında saxlandığı halda, Ermənistanın heç “xətrinə dəyən” də yoxdur.
Məsələ ondadır ki, əvvəlki erməni siyasi elitasının ölkə daxilində cinayət törətdiyi təsdiqlənsə belə, bu gün Avropa İttifaqı və Avropa Şurası Ermənistana münasibətdə, məsələn, əvvəllər Ukraynada Yanukoviç hakimiyyətinə qarşı fəal şəkildə istifadə olunan “selektiv ədalət” terminindən istifadə etmir. Ermənistandakı məhkəmə aparatları siyasi rəqiblərlə hesablaşmalar aparmaq üçün fəal istifadə olunur. Rəqib siyasətçilər və hökuməti tənqid edən jurnalistlərin bir qismi açıq şəkildə təqib olunur. Lakin qeyd etdiyimiz Avropa təşkilatları bütün bunlara göz yumur. Niyə?
Təbii ki, hər zaman olduğu kimi, dini ayrıseçkilik də daxil olmaqla, bu Avropa strukturları bədnam ikili standartlar siyasətinə sədaqətlərini saxlayıblar və bu gün də həmin siyasət davam etdirilir. Digər tərəfdən, Ermənistanın hazırkı hökumətinə Rusiyanın münasibəti birmənalı deyil. Elə Köçəryanın Vladimir Putinin bütün “jestlərinə” baxmayaraq, həbsdə saxlanması da təbii ki, Moskvanı qane edən mənzərə sayılmır. Ola bilsin ki, Paşinyanın özbaşınalıqlarına göz yuman Qərb ölkələri bununla İrəvanın Moskvanın təsir dairəsindən çıxmağa yönələn addımlarına dəstək vermək istəyirlər. Ancaq səbəbin nə olmasından asılı olmayaraq, Ermənistan rəhbərliyinə göstərilən bu münasibət sözügedən təşkilatların, onların çıxardığı qərar və qətnamələrin obyektivliyini böyük şübhə altına alır. Və bu qurumlara qarşı onsuz da çoxdan sarsılan inamı bir az da zəiflədib, heçə endirir.
Rasim ƏLİYEV
AzPolitika.info