Sülhəddin Əkbər: “SSRİ-nin dağılması prosesində uğurla tətbiq edilən strategiya - Rusiyanın xərclərini kəskin şəkildə artırmaq və gəlirlərini azaltmaq strategiyası yürüdülür”
“ABŞ fürsətdən istifadə edərək, Ankara ilə münasibətləri yumşaltmaq istəyir”
Son günlər kəskinləşən Ankara-Moskva münasibətləri, ABŞ-ın üzünü yenidən MDB məkanına çevirməsi, dövlət katibi Mayk Pompeonun Mərkəzi Asiya turnesi və digər bu qəbildən olan hadisələr dünya gündəmində geniş müzakirə olunan mövzulardır. “AzPolitika.info” bu mövzular ətrafında Azad Demokratlar Partyiyasının sədri, siyasi analitik Sülhəddin Əkbərlə söhbətləşib:
- Sülhəddin bəy, sizcə Moskva-Ankara münasibətlərində nə baş verir və hazırkı gərginliyin səbəbi nədir?
- Baş verənlər gözlənilən hadisələrdir. İki dövlət arasında strateji maraqlarda ziddiyyət varsa, yaxınlaşma olsa belə, istər-istəməz konkret situasiyalarda fərqli maraqlar önə çıxır. Son hadisəni götürsək, bu, iki ölkə arasında ilk belə haldır.
Bildirim ki, əgər strateji siyasətdə dəyişiklik olmayacaqsa, 2021-ci ildə Rusiya məsələsi dünya gündəminə gələcək. Hesab edirəm ki, yaxın bir il - il yarımlıq zaman kəsiyi mövqelərin dəqiqləşdirilməsi və müəyyən olunması dövrüdür. Fikrimcə, Rusiya ilə bağlı strateji siyasətdə dəyişiklik olmasa, Türkiyənin özü də gələn ilin birinci yarısına qədər seçimini etməli olacaq.
Rusiya məsələsinin gündəmə gəlməsi, paralel olaraq Qafqaz və Qara dəniz regionunun da gündəmə gəlməsi demək olacaq. Bu da Türkiyənin birbaşa proseslərə qoşulmasını qaçılmaz edəcək.
Həmçinin, bu prosesdə NATO-nun aktiv rol alması məsələsi də var. NATO Türkiyəyə Qara dənizdəki ordusunun komandanlığını təklif edib və Ankara 2021-ci ilə qədər bu təklifə də son münasibətini bildirməlidir.
Hələlik Tükiyə və Rusiyanın birgə hərəkət etməsi hər iki dövlətin maraqlarına uyğundur. Xüsusilə də Suriyada. Ancaq bir məqam da nəzərdən qaçmamalıdır - ABŞ və Rusiya Suriyada bir məsələdə eyni mövqeyə sahibdir. Söhbət kürd qruplaşması olan YPG-yə münasibətdən gedir. Hər iki dövlət İraqda olduğu kimi, Suriyada da kürd dövləti, əgər bu mümkün olmyacaqsa, kürd muxtariyyəti qurulmasında maraqlıdır.
- İdlibdə Bəşər Əsədə bağlı qüvvələr 8 türk əsgərini şəhid edib. Sizcə, Əsəd qüvvələrinin türk əsgərlərinə hücum aktı təsadüfi hadisədirmi, yoxsa Rusiya bilərəkdən bunu təşkil edərək, Ankaraya güc göstərmək istəyib?
- Heç bir şey təsadüfi olmur. Sözsüz ki, həm Rusiya, həm İran, həm də Əsəd rejiminin marağındadır ki, Türkiyə Suriyada fəaliyyətini istədiyi formada həyata keçirə bilməsin. Obyektivlik naminə onu da qeyd etməliyik ki, Türkiyə də İdliblə bağlı üzərinə götürdüyü öhdəlikləri lazımı şəkildə yerinə yetirməyib. Konkret olaraq İdlibdən ağır silahların çıxarılması, buranın müxtəlif radikal terrorçu və silahlı qruplardan təmizlənməsi həyata keçirilməyib. Və bununla da Ankara qarşı tərəfin əlinə əsas, bəhanə vermiş olub.
- Sizcə, son hadisələr Türkiyə-Rusiya münasibətlərində çat əmələ gətiribmi və bu kimi halların təkrarlanması gözləniləndirmi?
- Sözsüz ki, məlum hadisə iki dövlət arasında olan yaxın əlaqələrə zərbədir. Ancaq hesab edirəm ki, siyasi dialoq davam edir. Hər iki ölkə başçıları arasında müzakirələr aparılıb və düşünürəm ki, bundan sonra münasibətlərdəki psixoloji qarşıdurma bir qədər səngiməyə başlayıb. Hələlik mən iki ölkə arasında münasibətləri pozacaq ağır zərbənin vurulduğunu düşünmürəm. Ancaq güman edirəm ki, münasibətlərin indiki şəkildə davam etməsi də getdikcə çətinləşəcək.
- Demək istəyirsiniz ki, Bəşər Əsədin İdlibdəki Türkiyə hərçilərinin müşahidə postlarına hücumları davam edə bilər?
- Bu o halda davam edə bilər ki, Rusiya öz seçimini etmiş olsun. Və ya Bəşər Əsəd rejimi Rusiyasız hansısa böyük gücü arxasına alaraq bu addımları atıb, Türkiyə ilə qarşı-qarşıya gəlməyi gözə alsın. Açığı, bunun da ehtimalı çox azdır. Əgər Rusiya Türkiyə ilə danışıqlara baxmayaraq, Bəşər Əsədə açıq siyasi-diplomatik, eləcə də gizli hərbi dəstəyini davam etdirərsə, sözsüz ki, Ankara-Moskva münasibətləri gec-tez pozulmalı olacaq. Nəzərə almaq lazımdır ki, rəsmi Ankara da öz sərt möveyini ortaya qoyub və Türkiyə üçün də geri çəkilmək getdikcə çətinləşir.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də açıq bəyan edib ki, Əsəd rejimi Astana və Soçi razılaşmasına qədərki mövqelərə çəkilməlidir. Hətta bunun üçün Suriya rejiminə fevralın 10-na qədər vaxt verib və elan edib ki, əks təqdirdə bu işləri özü həyata keçirməli olacaq...
- Mənə elə gəlir ki, Ərdoğan-Putin telefon danışığı zamanı da əsas müzakirə mövzusu bu istiqamətdə olub. Çünki Türkiyə öz maraqları baxımından hesab edir ki, Bəşər Əsəd “qırmızı xətti” keçib və o, əvvəlki mövqeyinə geri dönməlidir. Bunun baş verib-verməyəcəyini isə söyləmək isə çətindir.
- 8 türk hərbçisi şəhid ediləndən sonra, Türkiyə tərəfi buna qarşılıq verərək, 70-dən çox Əsəd əsgərini məhv etdiyini bildirdi. Moskva bu prosesdə bir növ susqunluq nümayiş etdirdiyi halda, Vaşinqton Türkiyənin yanında olduğunu və onu dəstəklədiyini bəyan etdi. Sizcə, hadisələrin bu formada gedişi nədən xəbər verir?
- Burada həssas məqamlar var. Nəzərə alınmalıdır ki, Türkiyə yeni dünya düzəni qurulan regionun mərkəzində yerləşir. Odur ki, geopolitik, geostrateji və hətta geoekonomik hadisələrdə belə Türkiyənin rolu və əhəmiyyəti nəzərə alınır. ABŞ-ın bir sıra səbəblərdən Türkiyə ilə münasibətləri soyuyub və hətta müəyyən qədər gərginləşib. Odur ki, fürsətdən istifadə edərək, Ankara ilə münasibətləri yumşaltmaq istəyir. Digər tərəfdən də Türkiyəni yenidən Rusiyadan uzaqlaşdırmaq üçün təşəbbüs göstərir.
- Hazırda MDB məkanında da maraqlı proseslər yaşanır. 17 ildən sonra ilk dəfə Belarusa ABŞ dövlət katibi Mayk Pompeo səviyyəsində səfər baş tutub. Dövlət katibi eyni zamanda Kiyevdə, Astanada və Daşkənddə müzakirələr aparıb, bu regiona Vaşinqtonun dəstəyini ifadə edib. Sizcə, bununla ABŞ yenidən nəzərini MDB məkanına çevirirmi?
- Əslində bu, ABŞ-ın Rusiyaya yönəlik strateji planının hələ də qüvvədə olduğunu göstərir. Belə ki, Rusiyaya qarşı kompleks hazırlıq gedir. ABŞ-ın “Genişləndirilən Mərkəzi Asiya Strategiyası” icraata yönəldilib. Artıq Əfqanıstanı da buraya daxil ediblər. Həmçinin, Belarusla Rusiya arasındakı münasibətlərdə gərginlik və ciddi problemlər var.
Digər məsələ də Moskvanın Avrasiya İttifaqı çərçivəsində inteqrasiyanı daha da sıxlaşdırmaq niyyətidir. Artıq bu ittifaqda iqtisadi sahədə bəzi səlahiyyətlərin transmilli səviyyəyə qaldırılması təklif edilir. Bildiyiniz kimi, indi ittifaqa daxil olan hər bir dövlətin veto hüququ var. Təklif edilir ki, bəzi məsələlərdə veto hüququ ortadan qaldırılsın. Bu da artıq suverenliyin mahiyyətcə Moskvaya verilməsi deməkdir. Bu isə hər kəsin qorxduğu imperiyanın yenidən bərpası istiqamətində atılan addım kimi qəbul edilir. Sözsüz ki, həmin proses də ABŞ tərəfindən diqqətlə izlənilir.
Əvvəldə qeyd etdiyim kimi, strateji planda dəyişiklik olmasa, geopolitik vektorun istiqaməti dəyişməsə. Rusiya məsələsi 2021-ci ildən başlayaraq gündəmə daşınacaq. 2020-ci il isə buna hazırlıq ili olacaq. Həm də nəzərə alınmalıdır ki, ortada koronavirusun Çin iqtisadiyyatına vurduğu zərbə və bu zərbənin də qlobal iqtisadiyyata təsiri məsələsi var. Qısa müddətdə Çinin neft idxalı 20 faiz azaldı və bu da dünya bazarında neftin qiymətinin kəskin formada ucuzlaşmasına səbəb oldu. Təsəvvür edin ki, bu vəziyyət davam edərsə və Çində iqtisadi böhranla nəticələnərsə, bütünlükdə dünyada iqtisadi böhran sürətlənəcək. Onsuz da ekspertlər 2021-2023-cü illərdə dünya iqtisadi böhranını gözləyirlər. Ola bilsin ki, proses daha da tezləşsin.
Bütün bunlar bir tərəfdən Rusiyanın bir neçə müharibəyə cəlb edilməsinə gətirib çıxaracaq ki, artıq cəlb edilib də. Digər tərəfdən də Rusiyanın əsas gəlir mənbəyi olan enerji daşıyıcılarının qiymətinin dünya bazarında ucuzlaşması müşahidə edilir. Başqa sözlə, Rusiyanın xərclərini kəskin şəkildə artırmaq və gəlirlərini azaltmaq strategiyası yürüdülür. Hansı ki, bu strategiya SSRİ-nin dağılması prosesində uğurla tətbiq edilib. Məsələn, zənn edirəm ki, Əfqanıstan müharibəsi yenə də gündəmə gələ bilər.
- Yəni Rusiya yenidən Əfqanıstanda müharibəyə qoşula bilər?
-Bəli. Hesab edirəm ki, bunu da diqqətdə saxlamaq lazımdır. Yəni, Əfqanıstan məsələsini. Onu da vurğulayım ki, artıq mətbuatda da Rusiyada gizli müharibəyə hazırlıq getdiyinə dair fikirlərə rast gəlinir. Mütəxəssislər müharibəyə hazırlığın hansı istiqamətlə bağlı olduğu haqda baş sındırır. Bir çox mütəxəssislər isə Əfqanıstan istiqamətinə işarə edir. Bu da realdır.
- Əfqanıstana hansı əsasla daxil olmaq olar?
- Burada dünya güclərinin izlədiyi strategiya tətbiq olunacaq. Hara xarici müdaxilə etmək istəyirlərsə, ilk öncə oraya terrorçular istiqamətləndirilir, sonra da terrorla mübarizə adı ilə həmin əraziyə müdaxilə olunur.Yəni İŞİD, Əl-Kaida, yaxud Hizbllah da ola bilər. Bu, artıq texniki məsələdir və qeyd etdiklərimin baş verməsi mümkündür.
Vaqif Nəsibov
AzPolitika.info