Azərbaycanda 8 saatlıq iş rejimi tələbinə niyə əməl olunmur? - “Sahil Babayev indiki vəziyyəti aradan qaldırmaq iqtidarında deyil”

8-02-2020, 12:36   



Azərbaycanda 8 saatlıq iş rejimi tələbinə niyə əməl olunmur? - “Sahil Babayev indiki vəziyyəti aradan qaldırmaq iqtidarında deyil”

Namizəd Səfərov: “Azərbaycanda istənilən sahibkar istəyir ki, öz işçisini daha çox istismar etsin”

“Bu ölkədə Həmkarlar İttifaqı deyilən bir şeyin heç izi-tozu da yoxdur”

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər.

“Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq”, -deyə prezident vurğulamışdı.

Prezident həmçinin işçilərə müraciət də etmişdi: “Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”.

8 saatlıq iş rejimi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib ki, 8 saatlıq iş rejiminə riayət edilməsi üçün yaradılan monitorinq qrupu iki səpkidə işləyəcək: “İlkin olaraq, bu sahədə olan şikayətlər, müraciətlər araşdırılacaq və müvafiq tədbirlərin görülməsi, işə götürənlərin məlumatlandırılması, müvafiq xəbərdarlıqların edilməsi istiqamətində işlər həyata keçiriləcək”.

"İkinci mərhələ iş yerlərində müvafiq səyyar yoxlamalar mərhələsi olacaq. Hal-hazırda təkliflər hazırlanır, hökümətə təklif ediləcək və müvafiq qərardan sonra təmin ediləcək. Araşdırmalarımız, monitorinqimizin biznes mühitinə mənfi təsir göstərməməsinə çalışırıq. Ona görə də ilk mərhələdə xərəbdarlığın edilməsi, işçiyə və işəgötürənə hüquq və vəzifələrini izah edilməsi olacaq”, - S. Babayev əlavə deyib.

Nazir bildirib ki, xəbərdarlıqdan sonra işəgötürən tələblərə riayət etməsə, müvafiq inzibati cərimə mexanizmi tətbiq ediləcək. Şikayətlərin dinamikasına uyğun olaraq hansısa sektorlar üzrə monitorinqlərdə daha çox fokuslaşma ola bilər.

Əslində, ölkədə işləyən insanların əksəriyyəti azı 12 saat işləyir. Bu isə insan hüquqlarının çox kobud şəkildə pozulmasıdır. Bu, işləmək deyil, sadəcə insanı istismar etməkdir. Əksər marketlərdə satıcılar, şirniyyat və digər istehsal müəssisələrində işçilər 12 saat işləyib, 300-350 manat əməkhaqqı alır ki, bu, insana elə qul kimi yanaşmaqdır. Bir insan 12 saat necə ayaq üstə işləyə bilər, axı?! Sanki quldarlıq dövründə yaşayırıq. Müəssisə, market sahiblərinə isə heç bir nəzarət yoxdur. Görəsən prezidentin çıxışından sonra buna son qoyulacaq?

“Hürriyyət”in mövzu ilə bağlı suallarını cavablandıran hüquqşünas Namizəd Səfərov fikirlərini belə ifadə etdi: “Son dövrlərdə prezidentin çıxışlarının nüfuzu cəmiyyətdə o qədər aşağı düşüb ki, fikir verən də yoxdur. İnsanlar, ən çox  isə icra hakimiyyəti strukturları belə düşünür ki, prezident yalnız çıxış xatirinə bunları edir. Yəni bir sərəncam, göstəriş kimi nəzarətə alacaqları, üzərində dayanacaqları, həqiqətən istədiyi bir fakt kimi qəbul etmirlər”.

 “Həmkar İttifaqına ayrılan dövlət vəsaiti demək olar ki, hamısı kimlərinsə cibinə gedir”

N. Səfərovun fikrincə, əslində, bu məsələləri prezident səsləndirməməlidir: “Bu, qanunvericiliyin tələbləridir və əməl olunmalıdır. Təsəvvür edin, son 30 ildə bəlkə də Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada həmkarlar təşkilatı yoxdur. Fəhlənin, işçinin hüquqlarını müdafiə edən birinci təşkilat həmklar təşkilatıdır. Biz həmişə deyərik ki, filan dövlət orqanının adı var, özü yoxdur, həmkarlar təşkilatının da yalnız adı var, özü yoxdur. Prokurorluq qanunlara əməl olunmasına nəzarət etməlidir, etmir. Məhkəmə qanunçuluğu gözləmir. İstintaq orqanları istintaq aparmır. Bu, öz yerində. Təsəvvür edin, bu ölkədə Həmkları İttifaqı deyilən bir şeyin heç izi-tozu da yoxdur. Həmkar İttifaqına ayrılan dövlət vəsaiti demək olar ki, hamısı kimlərinsə cibinə gedir. Ölkədə əmək qanunvericiliyinin əməl olunmasına ilk növbədə, Həmkarlar İttifaqı nəzarət edir. Yəni o, fəhlələrin, qulluqçuların hüquqlarını müdafiə edir. Ümumiyyətlə, bu məsələ ölkədə sıradan çıxarılıb, gündəlikdə yoxdur. Kim fəhləni necə istəyir işlədir, ona  əməkhaqqı verir. Bu, həm dövlət, həm də özəl təşkilatlarda bərbad vəziyyətdədir. Heç kim fəhlənin, qulluqçunun əlavə işlədilməsinə görə haqq vermir. Fəhlə, qulluqçu 8 saat iş görməlidir”.

“Dövlətin siyasi iradəsi ortaya qoyulmalıdır”

N. Səfərovun sözlərinə görə, Sovet  hökumətinin ən insanların qayğısına qalmadığı, heç kimin bəyənmədiyi dövründə belə, hər il çalışıblar ki, iş həftəsinin saatları azaldılsın, əməkhaqqı isə artırılsın: “Bu gün bu məsələlərin heç biri Azərbaycanda diqqət mərkəzində deyil, diqqətdən kənarda qalıb. Mən elə bir işçi görmürəm ki, o, 8 saat işləsin, 12-14 saat işləyirlər. Aldıqları əməkhaqqı isə dünya standartlarında ən aşağı səviyyədədir. Bu mənada prezidentdi, bir söz verir. Amma mən əminəm ki, heç kim bu deyilənləri sərəncam kimi qəbul etməyəcək və əməl etməyəcək. Əməl etmək üçün qanunlar var və buna nəzarət etmək lazımdır. Yəni bunda maraqlı deyillər. Dövlətin siyasi iradəsi ortaya qoyulmalıdır. Bir halda ki, dövlətin bütün strukturları rüşvətxorluqla, dövlət əmlakını mənimsəməklə məşğuldurlarsa, bu gün işçi 12 saat işləyib, 200 manat əməkhaqqı alırsa, yaxud pensiyaçılar cəmi 200 manat pensiya alırlarsa, bu, deyilənlərin hamısı boş sözlərdir. İnsan 200 manatla dolana bilməz, o məcburdur ki, gedib əlavə haradasa işləsin və ailəsini dolandırsın. O sözü deməzdən əvvəl insanlar üçün iş yeri açmaq, əməkhaqqlarını artırmaq lazımdır. Mən deyərəm ki, Azərbaycanda əhalinin böyük bir hissəsi bütün gün işləyir. Bilirsiniz küçələrdə taksi fəaliyyəti ilə məşğul olanlar nə qədər işləyir? Onlar evdən hansısa bir dürmək gətirib, yaxud çöldən nəsə alıb yeyib, taksidə yatırlar. Mən onlardan istifadə edəndə soruşuram. Onların əksəriyyəti  azı 20 saat işləyir,  heç aylıq qazancları da 300-400 manata çıxmır. Bu gün  Azərbaycanda fəhlə və qulluqçuların iş prosesi bundan ibarətdir”.

“Sahil Babayev indiki vəziyyəti aradan qaldırmaq iqtidarında deyil”

Səfərov onu da vurğuladı ki, ölkədəki əksər marketlər qanunsuz fəaliyyət göstərir: “Aszərbaycan başdan-başa marketlərlə doludur. Bu marketlər 24 saat fasiləsiz işləyirlər. Bunlar ona görə işləyirlər ki, ailələrinə 5 manat pul qazansınlar. Ancaq Gürcüstanda gedəndə baxıram, şənbə, bazar günləri və yaxud saat 6-dan, 8-dən sonra bütün maqazinlər bağlıdır. Xalq özünə hörmət edir. Xalq bilir ki, bu, insandır, həyata bir dəfə gəlib, bütün həyatını maqazində oturub nəsə satmamalıdır və yaxud taksi fəaliyyəti ilə məşğul olub kütləni gözləməməlidir, insan istirahət də etməlidir. İstirahət etmədən, öz fiziki gücünü bərpa etmədən yeni iş günündə insan normal işləyə bilməz. Yəni onun işləməyi o effekti vermir. Bir dəfə bu məsələni qoymaq lazımdır ki, insan həm işləyib ailəsini dolandırmalı, həm də istirahət etməlidir. Gündə 8 saat, həftədə maksimum 40 saat işləməlidir. İldə də bir ay gedib haradasa istirahət etməlidir. Azərbaycan əhalisinin 95%-i nə vaxt istirahətə getdiyini unudub. Ölkənin sərvətini mənimsəyib oğurlamış insanlar isə həm işləmirlər, həm istifarət edirlər, həm də əhaliyə göz dağı çəkdirirlər. Sahil Babayevin nə deməsindən asılı olmayaraq, o indiki bu vəziyyəti aradan qaldırmaq iqtidarında deyil. Boş, mənasız sözlərdir, ictimaiyyət üçün ortaya atırlar, söz oyununa keçirlər. Hazırda bunu bizim ölkədə aradan qaldırmaq mümkün deyil. Boş-boş danışmağa dəyməz. Çünki sahibkarların özlərinin də qazandıqları pulları məmurlar tərəfindən hamıya məlum olan formada tutub əllərindən alırlar.

Azərbaycanda istənilən sahibkar istəyir ki, öz işçisini daha çox istismar etsin. 8 saat nədir? Mən hələ rast gəlməmişəm ki, hansısa firmanın sahibi qazandığı puldan öz işçilərinə mükafatlar versin, yaxud görsə ki, gəliri çoxdur, maaşları artırsın, hamısı çalışır ki, işçiləri artıq işlətsinlər, az əməkhaqqı versinlər”.

 Şamo EMİN, Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.