“Gazeta Wyborcza”, Polşa, 07 fevral 2020-ci il
2015-ci ilin noyabr ayında Türkiyə Suriya sərhəddi yaxınlığında hava sahəsinə daxil olan rus qırıcısını vuran zaman dünya nəfəsini tutmuşdu. Pilotlar özlərini atmışdılar. Lakin onlardan birini arxasında Rusiya və İranın durduğu Bəşər Əsəd rejimi ilə vuruşan, Türkiyə tərəfindən dəstəklənən üsyançılar öldürdülər. İkincisini İran komandanlığı altında fəaliyyət göstərən Suriya xüsusi təyinatlı dəstəsi xilas etdi. Moskva ən sərt cavab tədbirləri görməklə hədələdi, NATO Türkiyənin tərəfini tutdu, yaranmış durumdan müharibə iyi gəlirdi. Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında bəyan etdi ki, “Türkiyə rəhbərliyində kimsə amerikanların bir yerini yalamağa qərar verib”.
Ancaq 6 aydan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölən pilotun ailəsinə başsağlığı məktubu göndərdi. Kremldə bunu peşmançılıq təzahürü kimi qiymətləndirməyə qərar verdilər. Sonra Türkiyədə iflasa uğrayan çevriliş cəhdi oldu, Ərdoğan üçün başlıca düşmən də Fətullah Gülən (Ankara onu çevrilişin təşkilatçısı olmaqda şübhəli kimi tanıdı) və guya, ona tabe olan, amerikanlar tərəfindən təlim keçilən hərbçilər oldu.
Həlledici anda Ərdoğanı Putin müdafiə etdi. Amerikanlar isə hələ də Güləni verməkdən imtina edirlər. Çevriliş cəhdindən sonra Ərdoğan ilk xarici səfərini Sankt-Peterburqa etdi və orada Putinlə barışdı. Onların ikisi də böyük şəhərlərin quldur dəstələrinin idarəçiliyi altında olan rayonlarında böyüyüblər və bilirlər ki, yerli dəstə başçısına “Əsas Boss”a qarşı üsyandan başqa, hər şeyə icazə verilir.
Münasibətlər çiçəkləndi. Ankara, NATO-nun qadağasına baxmayaraq, rus S-400 sistemlərini satın aldı, rus atom reaktoru əldə etdi, Rusiya ilə birgə Avropaya qaz kəməri inşa etdi və amerikanları Suriyada “terrorçuları” (baxmayaraq ki, onlar da Əsədlə vuruşurlar) dəstəkləməkdə ittiham etdi. Bir sıra NATO paytaxtlarında da Türkiyənin ittifaqdakı üzvlüyü sadə formallıq hesab edildi.
Yenə müharibə iyi gəlir?
Son günlərdə Suriya rejiminin qüvvələri İdlib vilayətindəki Türkiyə mövqelərini atəşə tutdular, bir neçə hərbçini öldürdülər. Türkiyə tərəfi minomyot və artilleriya atəşinə başladı, suriyalılar ciddi itkilər verdilər, Ankaraya dost olan döyüşçülər isə FTX-nin 4 əməkdaşını öldürdülər. Rusiya və Türkiyə şimal cəbhəsinin digər ucunda, türklərin amerikanları sıxışdıraraq daxil olduğu Suriya Kürdüstanında (mətndə belə gedib – tərc.) birgə patrul xidmətini təxirə saldılar. Moskva və Ankara bir-birini bağlanmış sazişləri yerinə yetirməməkdə ittiham edir.
Ayrıca, türk gəmiləri yüzlərlə suriyalı muzdlunu Liviyanın Tripoli şəhərinə çatdırıb. Onların tapşırığı vətəndaş müharibəsində general Həftərin (onun tərəfində 1200 rus muzdlusu döyüşür) ordusuna uduzan Liviya hökumətini dəstəkləməkdir.
Ərdoğanın özü isə rəsmi səfərlə Kiyevə yola düşdü, orada Krımın ilhaq olunmasını və Rusiyanın krım tatarlarını təqib etməsini pislədi, həmçinin hərbi əməkdaşlıq haqqında anlaşma imzaladı. Türklər Ukrayna ordusuna maliyyə vəsaiti ayıracaqlar. Yenə müharibə iyi gəlir?
Xeyr. Türkiyə tamasanı yüksəldir, lakin onun uzaq hədəfləri vardır. O, hələ də ümid edir ki, Moskva türk separatçılarının (mətndə belə gedib – tərc.) Kiprdəki respublikasını, həmçinin Ankara ilə Tripoli arasında dəniz sərhədləri haqqında imzalanmış sazişi tanıyacaq. Bu saziş ona Yunanıstan və Kiprə (rum kəsimi – tərc.) aid neft və qaz yataqlarına nəzarətetmə imkan verəcək. Əgər bu baş verərsə, Kiprin bölünməsi fakt olacaq, Afina və Nikosiyanın isə öz hüquqlarını yalnız güc metodları ilə müdafiə etmək imkanı qalacaq. Bu da, əlbəttə ki, real deyildir.
Moskva üçün hadisələrin belə inkişafı o deməkdir ki, o, öz pravoslav müttəfiqlərini satmalı olacaq, ancaq Türkiyənin Qərblə ittifaqını pozmaq üçün, bəlkə də, buna dəyər.
“Səmimi razılaşma”nın baş məşqi
Ankara artıq Əsədin İdlibdə qələbə çalması ilə barışıb (onun başqa yolu yoxdur), lakin uğurlu Suriya-Rusiya hücumu nəticəsində mühasirədə olan vilayətdən artıq yüz minlərlə insan qaçıb və onlar sərhəddin türk tərəfində sığınacaq tapmaq istəyirlər. Türkiyə 3,6 milyon suriyalını qəbul edib, daha heç kimi buraxmayacaq. Deməli, İdlibin təslim olması ilə razılaşmaq onların Avropa Birliyinə (AB) qaçmasına və Brüssellə münasibətlərdə böhranın yaranmasına razı olmaq deməkdir. Eyni zamanda o da var ki, Ankara Əsədin qarşısını almaq gücündə deyildir.
Rusiyanın həmişə Prezident Trampın satdığı Suriya kürdləri ilə yaxşı münasibətləri olub və istənilən anda bu münasibətləri yenidən aktivləşdirə bilər. Muxtar Suriya Kürdüstanının ortaya çıxması Türkiyə üçün həyati təhdiddir. Əgər Suriya məsələsində razılaşma əldə etmək mümkün olacaqsa, Moskva sadəcə Həftərə əmr edə bilər ki, Tripolidə qələbə çaldıqdan sonra Ankara ilə bağlanmış sazişin şərtlərinə əməl etsin.
Bir sözlə, Suriya və Liviyada baş verən hadisələr yeni, – bu dəfə Rusiya ilə Türkiyə arasında, – keçmişdə sultanların və çarların nail ola bilmədiyi “səmimi razılaşmaya” (1904-cü ildə Britaniya imperiyası ilə Fransa arasında imzalanan razılaşmalar seriyasının adı belədir – “Gazeta Wyborcza”) hazırlığa bənzəyir.
Rusiya ilə Türkiyə arasında ənənəvi düşmənçilik mövcud olubdur, lakin əgər indi onların yaxınlaşma cəhdi uğurla nəticələnərsə, Putin və Ərdoğan daha ciddi oyun başlada bilər. O halda, amerikalılara artıq NATO ərazisində olmayacaq İncirlik bazasından B61 nüvə bombalarını çıxarmaqdan başqa bir şey qalmayacaq.
Tərcümə Strateq.az-ındır