Bərdənin icra başçısı Vidadi İsayev fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinə müdaxilə etməklə Prezident İlham Əliyevin başlatdığı islahatlar kampaniyasına ciddi zərbə vurub. ANAXEBER.info xatırladır ki, Prezident fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərini islahatlar kampaniyasının tərkib hissəsi olduğunu bəyan etmişdi.Vidadi İsayev isə seçki prosesinə start verilən gündən qanunsuzluqlara rəvac verib. İcra başçısı ilk gündən yerli inzibati qurumları 93 saylı Bərdə şəhər seçki dairəsindən namizəd Fatma Yıldırım, 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Zahid Orucun xeyrinə səfərbər etməklə seçkilərin taleyini həll edib. Digər namizədlər dəfələrlə Vidadi İsayevin əməllərindən şikayətçi olsalar da, heç bir təbdir görülməyib. Əksinə, Fatma Yıldırım və Zahid Orucun rəqiblərinə qarşı təzyiqlər artıb. Hətta Müsavat Partiyasının 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd Dadaş Əhmədlinin xeyrinə təşviqat aparan yerli sakinlərdən birinin çəpərləri yandırılıb: “Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, prokurorluğa, Dairə Seçki Komissiyasına və MSK-ya şikayət edəcəyik. Bu mənə təzyiqdir, seçicilərə qarşı cinayətdir”, - deyə Dadaş Əhmədli bildirib.Bu hadisədən az sonra isə Dadaş Əhmədli Bərdə rayon Polis İdarəsinə çağırılıb. İddialara görə, bütün bu qanunsuzluqlara Vidadi İsayev bilavasitə rəhbərlik edib. Fatma Yıldırımın seçicilər arasında nüfuzunu qaldırmaq üçün isə bəzi kəndlərdə abadlıq işləri görülüb. Vidadi İsayevin tapşırığı ilə görülən bu işlər Fatma Yıldırımın aktivinə yazılıb. Hətta bununla bağlı sosial şəbəkələrdə video da yayılmışdı. Fatma Yıldırımla bağlı qanunsuzluqlar Mərkəzi Seçki Komissiyasında da (MSK) müzakirə edilib. MSK-nın yanvarın 31-də keçirilən iclasında 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairəsi üzrə 5 namizədin Zahid Oruc və Fatma Yıldırımla bağlı şikayətinə baxılarkən komissiyanın üzvü Tofiq Həsənov 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizəd Fatma Yıldırımla bağlı şikayətin təsdiqini tapdığını bildirib: “Bununla bağlı təqdim edilən video Mətbuat Qrupu ilə birgə araşdırılıb. Belə ki, Fatma Yıldırımın Bərdə rayonunun Soğanveridlər kəndində yol çəkdirdiyi məlum olub. O, həmin yolun açılışında iştirak edib və bu şikayət videosunda öz əksini tapıb. Beləliklə, bu zaman təşviqatın pozulması halları qeydə alınıb və bu öz təsdiqini tapıb”.Həmin iclasda MSK Fatma Yıldırıma xəbərdarlıq edib.Bütün bunlara baxmayaraq, Vidadi İsayev yenə də qanunsuzluqları davam etdirib. Ən müxtəlif vasitələrlə digər namizədlərin tərəfdarlarına təzyiqlə edilib. İcra başçısı açıq şəkildə bildirib ki, Bərdənin iki dairəsində Fatma Yıldırım və Zahid Oruc mandat qazanacaq.Seçki günü isə bütün inzibati resurslar adi çəkilən şəxslərin xeyrinə çalışıb. Gələn məumatlara görə, səsvermə prosesi totat saxtakarlıqla müşayiət olunub. Buna etiraz etmək istəyən müşahidəçilər təzyiqlərə məruz qalıb. Proses sonda məntiqi sonluğuna çatıb. Yəni, seçkinin nəticələri Bərdə sakinlərinin iradəsinin əleyhinə olub. Beləliklə, icra başçısı faktiki olaraq 9 fevral seçkiləri ilə islahatların daha da sürətlənməsinə əngəl olmaq istəyən, dəyişiklikləri sabotaj edən tərəfə çevrilib.