"Azərbayacnda seçkilər ləğv olunsun, deputatları prezident təyin etsin!” - SENSASİON TƏKLİF

13-02-2020, 13:16   



Vüqar Məmmədov: "Bu, xalqın parçalanmasının, vətəndaşların bir-birinə kin bəsləməsinin qarşısını ala, o cümlədən büdcə vəsaitlərinin daha səmərəli istiqamətdə xərclənməsinə səbəb ola bilər"

Natiq Cəfərli: "Əgər seçkilərin nəticələri bu dərəcədə saxtalaşdırılacaqdısa, büdcədən seçkilərə ayrılan bu qədər vəsaiti ən azından sosial məsələlərə yönəltmək olardı"

Məhəmməd Ərsoy: "Mən də o fikirdəyəm ki, deputatların təyinatla müəyyənləşdirilməsi büdcəyə qənaət baxımından atılacaq ən doğru addım ola bilər"

Bildiyiniz kimi, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Həm mətbuatda, həm sosial şəbəkələrdə yayılan informasiyalar, həm də namizədlərin bir çoxunun açıqlamalarından sonra belə demək olar ki, seçkilər heç də öncədən bəyan edildiyi kimi, şəffaf və demokratik keçirilməyib. Məhz elə bu səbəbdən də növbədənkənar parlament seçkilərində iştirak edən müxalifət partiyaları - Azərbaycan Demokrat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası, Böyük Azərbaycan Partiyası və AĞ Partiya seçkinin nəticələrini tanımayıb. Onların bununla bağlı yaydıqları birgə bəyanatda deyilir ki, 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçirilən növbədənkənar seçkilər total şəkildə saxtalaşdırılıb, icra hakimiyyəti orqanları seçkilərə müdaxilə edib, ənənəvi seçki saxtakarlığı əməlləri – karusel, seçki qutularının dəyişdirilməsi, səslərin qeyri-şəffaf sayılması, seçki sənədlərinin, o cümlədən bülletenlərin saxlanma qaydalarının pozulması, hakimiyyətin müdafiə etdiyi namizədlərin lehinə əvvəlcədən hazırlanmış bülletenlərin səsvermə günü qutudan çıxan bülletenlərə əlavə edilməsi, səslərin sayılmasından sonra protokolların namizədlərin müşahidəçilərinə və vəkillərinə verilməsindən imtina edilməsi, səsvermə zamanı seçicilərin iradəsinə təsir edilməsi, aidiyyatı dairə üzrə qeydiyyatda olmayan vətəndaşların səsverməyə buraxılması, seçicilərə bildirişlərin göndərilməməsi və s. qanun pozuntuları müşahidə olunub.

ABŞ Dövlət Departamenti, səfirlik, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA və ATƏT PA növbədənkənar parlament seçkilərində ciddi prosedur pozuntularının olduğunu bəyan edib

Yuxarıda adıçəkilən partiyalarla təxminən, eyni mövqedən çıxış edən ABŞ Dövlət Departamentinin sözüçüsü Morgan Ortagus isə özünün "Twitter" səhifəsində bildirib ki, Azərbaycanda seçkilər həqiqi rəqabətin olmadığı və ciddi prosedur pozuntularının olduğu bir şəraitdə keçib. O, pozuntulara bülletenlərin topa şəkilində atılması, qrup səsverməsi və səslərin sayılmasında əhəmiyyətli çatışmazlıqların daxil olduğunu vurğulayıb. ABŞ-ın Azərbaycandakı Səfirliyinin 9 fevral parlament seçkiləri ilə bağlı yaydığı bəyanatında isə deyilir ki, bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu. Həmçinin, o da qeyd olunur ki, ABŞ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşür: "Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları, o cümlədən səs qutularının toplu bülletenlərlə doldurulması, qrup şəklində səsvermə, tutuşdurma prosedurlarına məhəl qoyulmaması və səslərin sayılması zamanı şəffaflığın məhdudlaşdırılması bizi məyus etdi. DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib. Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv olkəsi kimi olaraq öz üzərinə götürdüyü, daha da vacibi isə Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaqdır".

Bu arada, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, AŞPA və ATƏT PA birgə müşahidə missiyası 9 fevral növbədənkənar parlament seçkilərinin Avropa demokratiya normalarına uyğun olmadığını deyib və Azərbaycan xalqının iradəsinin azad ifadəsi hesab etməyib. ATƏT DTİHB-nin müşahidə missiyasının koordinatoru Andrey Qerasimov bildirib ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit növbədənkənar parlament seçkilərində əsl rəqabətə maneçilik törədib. Onun fikrincə, real siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə düşünülmüş seçim verilməyib. Bir çox namizəd seçicilərlə əlaqə yaratmaq üçün sosial şəbəkələrdən istifadə edib, lakin bu, kampaniyanın ənənəvi KİV-də yayımlanmasını kompensasiya etməyib. O, seçki günü müşahidəçiləri onlara prosedurların çox ciddi pozuntuların baş verdiyini çatdırdığını vurğulayıb: "Məsələn, protokolların verilməməsi, istifadə olunmayan bülletenlər düzgün istifadə edilməyib, başqa otaqlara aparılması qeydə alınması müşahidə edilib. Həmin otaqlarda nələr olmasını heç kim bilmir. Bir yox, iki yox, üç yox, böyük sayda belə hallar olub". AŞPA missiyasının koordinatoru Frank Şvabe isə müşahidəçilərin çoxsaylı pozuntular qeydə aldıqlarını açıqlayıb və bunun ən çox səslərin hesablanması zamanı baş verdiyini deyib. Onun sözlərinə görə, səslərin hesablanmasında ciddi pozuntular müşahidə edib: "Protokollar verilmirdi, proses özü şəffaf deyildi. Namizədlərə iştirak etmək imkanı verilsə də, qalib gəlmək imkanı verilmədi. Biz Azərbaycanı məhkəmənin qərarlarını icra etməyə çağırırıq, eyni zamanda, Venessiya Komissiyasının tövsiyələrini icra etməyə dəvət edirik". ATƏT PA-nin Albaniyadan olan koordinatoru Yelena Hoca Cebrea isə debatlar üçün şəraitin olmamasını xatırladaraq bildirib ki, bu səbəbdən seçicilər namizədlərin proqramlarından xəbər tutmayıb: "Səsvermə günü pozuntularla bağlı çoxsaylı məlumatlar daxil olub. Missiya yaxşı hazırlanmış metodologiyadan istifadə edərək seçkiqabağı dövrü və səsvermənin özünü beynəlxalq standartlar baxımından qiymətləndirib və tamamilə obyektiv olub".

"Ölkə başçısı demişdi ki, seçkilər şəffaf və demokratik keçiriləcək, lakin seçki günü bunun tam əksi ilə qarşılaşdıq"

Картинки по запросу "vüqar Məmmədov"

Beləliklə, mövzu ilə bağlı fikirlərini bölüşən "Hürriyyət" qəzetinin baş redaktoru, namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən 25 saylı Nizami ikinci seçki dairəsindən irəli sürülmüş Vüqar Məmmədov da bu qənaətdədir ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri zamanı total saxtakarlıqlara yol verilib: "Müsahibələrimdə də qeyd etdiyim kimi, mən ölkə başçısı İlham Əliyevin Davosda çıxışı zamanı parlament seçkiləri ilə bağlı verdiyi vədə inandığım üçün seçkilərə qatıldım. Ölkə başçısı demişdi ki, seçkilər şəffaf və demokratik keçiriləcək, bu seçkilər Azərbaycanda yeni bir mərhələnin başlanğıcı olacaq. Lakin seçki günü bunun tam əksi ilə qarşılaşdıq. Belə ki, total saxtakarlıqlar, kənardan ciddi müdaxilə, inzibati resurslardan istifadə və seçki qutularına topa-topa bülletenlərin atılması hallarına, o cümlədən "karusel" əməliyyatına rast gəlindi. Bu isə sonda seçicilərin azad iradəsinin ifadə olunmasına imkan vermədi. Odur ki, bütün bunları nəzərə alaraq, hesab edirəm ki, seçki biabırçılığına son qoymağın yolu referendum keçirib Konstitusiyada dəyişiklik etmək və bununla da ölkədə seçkinin ləğvini təmin etməkdən keçir. Yəni əgər əhalinin seçkiyə marağı bu qədər zəifdirsə, seçkilər total şəkildə saxtalaşdırılırsa, o zaman Milli Məclisin üzvləri də icra başçıları kimi təyinatla müəyyənləşdirilməlidir. Bildiyiniz kimi, ölkədə keçirilən hər seçkidə dövlət büdcəsindən milyonlarla vəsait ayrılır və sonda yenə də deputatlar öncədən hazırlanmış siyahı əsasında parlamentə düşürlər. Elə isə bu qədər vəsaitin boş yerə sərf olunmasına nə lüzum var?! Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinə təklif edirəm ki, seçkilərin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin daha səmərəli işlərə, məsələn, uşaqpulunun verilməsinə sərf olunması məqsədiylə referendum yoluyla seçkilərin ləğv edilməsi, parlament üzvlərinin təyinatla müəyyənləşdirilməsi məsələsini gündəmə gətirsinlər".

"Seçki prosesi zamanı saxtakarlıqda bu və digər formada iştirak edən komissiya üzvlərinin, müşahidəçilərin ailə üzvləri, yaxın adamları, qohum-ərqəbası əməllərinə görə onlara nifrət edir, aralarında mübahisə, münaqişə yaranır"

Bu halda büdcə vəsaitlərinə qənaət ediləcəyini deyən Vüqar Məmmədov hesab edir ki, fevralın 9-dan sonra bir daha yəqin oldu ki, seçkilər vətəndaşların böyük bir hissəsinə, eyni zamanda hakimiyyətə lazım deyil: "Əgər belə olmasaydı, onda ölkə başçısının verdiyi vədə əməl olunar və şəffaf, demokratik seçkinin şahidi olardıq. Bunun baş verməməsi bir daha təsdiqləyir ki, Azərbaycan dünyəvi dövlətlərə məxsus olan seçki sistemindən imtina edib. Odur ki, bunu rəsmiləşdirmək üçün mütləq referendum keçirib seçkiləri birdəfəlik ləğv etmək, deputatları təyinatla müəyyənləşdirmək lazımdır. Lakin bu zaman özümüzə xas olan yeni dövlət qruluşu modeli seçməliyik. Bunu da referendum yolu ilə müəyyənləşdirmək mümkündür. Ola bilər ki, kimlərsə bunu ritorik təklif kimi dəyərləndirsin. Lakin dediklərim əslində, ritorikadan tamamilə uzaqdır. Çünki seçkilərdən imtina, deputatların təyinatının rəsmiləşdirilməsi xalqın parçalanmasının, ailədaxili münaqişələrin də qarşısını ala bilər. Belə ki, seçki prosesi zamanı saxtakarlıqda bu və digər formada iştirak edən komissiya üzvlərinin, müşahidəçilərin ailə üzvləri, yaxın adamları, qohum-ərqəbası əməllərinə görə onlara nifrət edir, aralarında mübahisə, münaqişə yaranır. Bir sözlə, total saxtakarlıqlarla müşayət olunan seçkilər vətəndaşları üz-üzə qoyur, onların bir-birinə nifrət etməsinə, kin bəsləməsinə səbəb olur. İrəli sürdüyüm təklif isə həm bunun qarşısını ala, həm də büdcə vəsaitlərinin daha səmərəli istiqamətdə xərclənməsinə səbəb ola bilər".

"Keçmiş deputatların yenidən parlamentə düşməsi kifayət qədər ciddi şübhələr və suallar doğurur"

Картинки по запросу "Natiq Cəfərli"

"Hürriyyət"ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən millət vəkilliyinə keçmiş namizəd Natiq Cəfərli də hesab edir ki, növbədənkənar parlament seçkiləri ciddi xəyal qırıqlığına uğradan bir proses oldu: "Çünki növbədənkənar parlament seçkiləri elan olunarkən namizədlərin aktivliyi, çoxlu sayda gənc insanların həm müşahidəçi, həm də namizəd kimi prosesə qoşulması belə bir gözlənti formalaşdırmışdı ki, ən azından bu seçkilər digərlərindən daha fərqli tərzdə keçəcək. Amma çox təəssüf ki, ölkə üçün yaranmış bu şans dəyərləndirilmədi və 9 fevral seçkilərinin bundan öncəkilərdən ciddi fərqi olmadı. Şəxsən mənim üçün ən maraqlısı odur ki, keçmiş deputatlardan 82 nəfər namizədliyini irəli sürmüşdü və onların 81 nəfəri yenidən parlamentə düşdü. Bu, heç bir məntiq və siyasi etika ilə izah oluna bilməz. Çünki həmin şəxslərin təmsil olunduğu parlament özünü buraxarkən elan edilmişdi ki, ölkədə islahatlara mane olurlar, ayaq uydura bilmirlər. Bundan başqa, onların bir çoxu görüşlər zamanı əhali tərəfindən qovulub, insanlar arasında çox aşağı reytinqə malik idilər. Lakin bütün bunlara baxmayaraq, həmin insanların yenidən parlamentə düşməsi kifayət qədər ciddi şübhələr və suallar doğurur. Qeyd etdiyim ki, ölkənin qarşısında yeni bir səhifənin açılması, siyasi gərginliyin azaldılması, normal keçidin reallaşması üçün ciddi şans vardı. Ancaq təəssüf ki, bu şans qaçırıldı".

"Parlament seçkilərindən sonra ölkədə daha radikal addımların atılmasını və dəyişikliyin ancaq küçədən mümkünlüyünü iddia edən, bununla bağlı təbliğat aparan siyasi təşkilatların əli gücləndi"

Mövcud vəziyyətdən çıxış yolu üçün ən optimal addımın növbədənkənar parlament seçkilərinin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsi olduğunu vurğulayan Natiq Cəfərlinin sözlərinə görə, fevralın 9-da baş tutan seçkilərdə saxtakarlığa imza atan, bu işdə əli olan icra başçıları, komissiya sədrləri və üzvləri, hətta Mərkəzi Seçki Komissiyasının sədri ilə yanaşı, üzvləri də ən azından işdən edilməlidir: "Bununla bərabər, yeni seçki komissiyaları formalaşdırılmalı və yeni seçkilər keçirilməlidir. Bu, ən optimal çıxış yolu olardı. Həmçinin, bu, əhalinin böyük əksəriyyətinin seçki institutuna ölən inamının yenidən bərpa olunmasına kömək ola bilərdi. Çünki növbədənkənar parlament seçkilərində öncədən yaradılmış ab-hava ilə nəticələr tamamilə fərqli oldu. Odur ki, seçkilərin bu formada keçirilməsi əhalinin böyük əksəriyyətinin seçki institutuna olan son inamını da qırdı. Bu isə dövlət və onun gələcəyi üçün ciddi təhlükələr yarada biləcək bir faktordur".

Respublikaçı Alternativ Partiyasının icra katibi bu qənaətdədir ki, növbədənkənar parlament seçkilərindən sonra ölkədə daha radikal addımların atılmasını və dəyişikliyin ancaq küçədən mümkünlüyünü iddia edən, bununla bağlı təbliğat aparan siyasi təşkilatların əli gücləndi: "Ən böyük sual isə bu əlin nə üçün gücləndirilməsi ilə bağlıdır. Mənə elə gəlir ki, dövlət orqanları bu seçkilərlə bağlı ciddi araşdırmalar aparmalı, seçki saxtakarlığında iştirak edənlərin bir çoxu ciddi cəzalandırılmalı və bundan sonra növbəti seçkilər təyin edilməlidir. Ancaq bu yolla ölkədə sivil mübarizə üsullarının üstünlüyü, seçki institutuna inam yenidən bərqərar oluna, həmçinin radikal üsullarla dəyişikliklərin tərəfdarı olanların arqumentləri əlindən çıxa bilər".

"Səsverməyə gələn insanların xəyal qırıqlığı seçki institunun tamamilə yerlə bir olmasıyla nəticələnəcək ki, bu da dövlət üçün ciddi siqnal və təhlükədir"

Bələdiyyə və ardınca parlament seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrıldığını xatırladan Natiq Cəfərli referendum yoluyla seçkilərin ləğv edilib, Milli Məclis üzvlərinin də icra başçıları kimi təyinatla müəyyənləşdirilməsinə gəlincə, bildirdi ki, hazırda dünyanın heç bir yerində belə bir sistem mövcud deyil: "Hətta Şimali Koreyada belə, formal da olsa, onların ali sovetinə seçkilər keçirilir. Düzdür, orda bir namizəd olur, alternativ yoxdur. Lakin ən azından formal seçki prosesi olur. Bizə gəlincə, əgər seçkilərin nəticələri bu dərəcədə saxtalaşdırılacaqdısa, büdcədən seçkilərə ayrılan bu qədər vəsaiti ən azından sosial məsələlərə yönəltmək olardı. Lakin seçki institutu tamamilə məhv olan, seçkilərə inamın yerlə bir olduğu ölkələrdə, çox təəssüf ki, həmişə xaotik vəziyyət yaranır. Yəni bunun əksini sübut edən heç bir arqument yoxdur. Ona görə də düşünürəm ki, cəmiyyət, dövlət, siyasi partiyalar olaraq ciddi nəticələr çıxarmalıyıq. Ən böyük məsuliyyət isə məhz dövlətin üzərinə düşür. Çünki seçki institutu olduqca vacibdir və bu seçkilər də göstərdi ki, zatən seçkilərə inam yoxdur. Belə ki, ölkə üzrə seçicilərin çox az bir hissəsi, təxminən 10-12 faiz civarında seçici səsverməyə getdi. Ancaq seçicilərin iştirakını 50 faizə qaldırdılar. Əslində, bunun özü onu göstərir ki, seçkilərə inam çox zəifdir. Amma növbədənkənar parlament seçkiləri bu inamı tamamilə yerlə bir etdi və bundan sonra siyasi partiyaların, o cümlədən bizim təşkilatın növbəti dəfə seçkilərə çağırışlar etməsi olduqca çətinləşdi. Çünki bunun cəmiyyət tərəfindən çox aqressiv qarşılanacağını indidən bilirik. Ona görə ki, səsverməyə gələn insanların xəyal qırıqlığı seçki institunun tamamilə yerlə bir olmasıyla nəticələnəcək. Bu isə dövlət üçün ciddi siqnal və təhlükədir".

"Məntəqə seçki komissiyasının üzvləri qanunları ayaqlar altına atdılar, bu isə ölkə başçısının yürütdüyü siyasətlə daban-dabana ziddiyyət təşkil edir"

Картинки по запросу "Məhəmməd (Ərsoy) Zamanov"

Növbədənkənar parlament seçkilərində namizəd olduğu 47 saylı Mingəçevir Seçki Dairəsində yaşanan total saxtakarlıq və qanunsuzluqların araşdırılması məqsədiylə baş prokuror Zakir Qaralova müraciət ünvanladığını xatırladan Dia.az saytının baş redaktoru Məhəmməd (Ərsoy) Zamanov "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, sözügedən seçki dairəsində məntəqə seçki komissiyasının üzvləri ölkə qanunlarını ayaqlar altına atdılar: "Bu isə birbaşa ölkə başçısının yürütdüyü siyasətlə də daban-dabana ziddiyyət təşkil edir. Ümumiyyətlə, indiyə kimi 9 fevral seçkiləri kimi biabırçı seçki olmamışdı. Prosesin bu cür gedəcəyini gözləməzdim. Çünki seçki günü günorta saat 4-ə qədər proses demokratik gedirdi. Bir-iki xırda "minus"ları nəzərə almasaq, düşünürdük ki, yəqin nəticələr də məhz bu şəkildə elan ediləcək. Hər halda cənab prezident də bununla bağlı çağırış etmişdi və xalqın etimad göstərdiyi adamların seçiləcəyini bəyan etmişdi. Biz də həmin çağırışa güvənərək seçkilərə qatılmışdıq. Bir dəfə 2005-ci ildə haqqım yeyilmişdi. Həmin vaxtdan sonra seçkilərə nə həvəsim, nə də inamım vardı. Yəni təkrarən həmin palçığa girməyim nə normal, nə də mənə yaraşan hərəkət idi. Ancaq bu il ölkə başçısının çağırışına inandım və seçkilərə qatıldım. Düşündüm ki, yəqin normal seçkilər olacaq. Lakin seçki günü saat 4-dən sonra vəziyyət 180 dərəcə dəyişdi. Belə ki, o ana qədər adama mələk kimi görünən məntəqə sədrləri, komissiya üzvləri saat 4-dən sonra dönüb iblis oldular. Hətta iblis, şeytan belə, onlara həsəd aparardı. Məhz indi başa düşürəm ki, Azərbaycan həm də bu səbəbə görə müharibə etmir. Çünki bu cür adamlarla müharibəyə getmək olmaz, bu, olduqca təhlükəlidir. Adamın seçki haqqını yeyənlər, səni arxadan vura bilər. Bir sözlə, növbədənkənar parlament seçkiləri başdan-ayağa biabırçılıqdır".

"Əgər seçkilər anlamsızdırsa, formal xarakter daşıyırsa, o zaman bu cür şouya heç bir ehtiyac yoxdur"

Referendum yoluyla seçkilərin ləğv edilib, deputatların təyinatla müəyyənləşdirilməsinə gəlincə, Məhəmməd Ərsoy bu ideya ilə razılaşdığını vurğuladı: "Mən də o fikirdəyəm ki, deputatların təyinatla müəyyənləşdirilməsi büdcəyə qənaət baxımından atılacaq ən doğru addım ola bilər. Çünki əgər seçkilər anlamsızdırsa, formal xarakter daşıyırsa, şəffaf və demokratik seçki adına uyğun gəlməyən əməllərə yol verilirsə, total saxtakarlıqlar edilirsə, proses Azərbaycanın Seçki Məcəlləsinə zidd olaraq aparılırsa və bütün bunlara dövlət qurumları şərait yaradırsa, o zaman bu cür şouya heç bir ehtiyac yoxdur. Seçkini bu formada keçirəndə dünya bizə ciddi nəsə demirsə, deputatların təyinatla müəyyənləşdirilməsi zamanı da fərqli bir şey deməzlər. Əslində, Azərbaycan keçirilən seçkilər "pakazuka"lıqdır. Yəni bu, seçki deyil. Məhz bu cür seçki şouları ilə millətini, dövlətini sevən adamları küsdürürlər. Bu isə heç də yaxşı tendensiya deyil".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.