İRAN PARLAMENTİ MÜHAFİZƏKARLARIN ƏLİNƏ KEÇİR - Xameneyinin mövqeyi güclənəcək, Ruhani isə...

17-02-2020, 16:36   



Cümə günü – fevralın 21-də İranda keçiriləcək parlament seçkisinin Ali dini lider Ayətulla Əli Xameneyinin mövqeyini gücləndirəcəyi gözlənir. Bu seçki ölkənin nüvə proqramına görə Birləşmiş Ştatların artan təzyiqi və ölkəiçi narazılıqla üzləşdiyi bir məqamda keçirilir.

Sərt xətt tərəfdarı olan Ekspertlər Şurası(Mühaffızlər Şurası) islahatpərəst və aparıcı mühafizəkarların namizədliyini təsdiqləməyib. Yəni seçicilər Xameneyiyə sadiq sərt xətt tərəfdarları və elə də böyük nüfuz sahibi olmayan mühafizəkarlar arasında seçim etməli olacaq. 

“Reuters” yazır ki, mühafizəkarlar da sərt xətt tərəfdarları kimi hakim teokratiyanı dəstəkləyir, amma onlardan fərqli olaraq kənar dünya ilə daha artıq işləməyin tərəfdarıdır. Daha geniş siyasi və sosial azadlıqlar tələb edən mötədillər və praqmatiklər isə əsasən seçkiyə buraxılmayıblar.

1979-cu il islam inqilabından bəri İranda 11-ci dəfədir parlament seçkisi keçirilir. Namizədlər hökumət komitələri, daha sonra isə Mühaffizlər Şurası tərəfindən dərindən yoxlanıb. İlkin olaraq 16 min nəfər namizədliyini vermişdi, onlardan 7 min 150 nəfəri seçkiyə buraxılıb. İndiki deputatların üçdə birinə yenidən namizəd olmaq şansı tanınmayıb. Seçkidə heç bir namizədi qeydə alınmayan mötədillər bu səsverməyə sərt xətt tərəfdarlarının 2021-ci il prezident seçkisində dominantlıq etmək cəhdi kimi baxırlar.

Daxili İşlər Nazirliyi İranda 82 siyasi partiyanın, 34 əyalət səviyyəsində partiyanın olduğunu deyir. Ancaq İslam Respublikasında nizamlı partiya üzvlüyü ənənəsi, yaxud detallı partiya platformaları mövcud deyil. İran konstitusiyası parlamentdə dini azlıqlar üçün beş yer nəzərdə tutur. İranın 83 milyonluq əhalisinin 53 milyonunun yaşı 18-dən yuxarıdır. Nəticələr üç gündən tez bilinməyəcək. İlkin nəticələr daha tez elan oluna bilər.

“Frans Press” agentliyi də cümə günü seçkisində mühafizəkarların yenidən qanunverici orqanı tam ələ alacağını yazır. Qeyd edək ki, İranda parlamenti və Mühaffizlər Şurasını birbaşa xalq seçir.

Məclis qanunvericilik hazırlayır, beynəlxalq sazişləri ratifikasiya edir, dövlət büdcəsini təsdiqləyir. Parlamentin qəbul etdiyi qanunvericilik aktlarını isə Mühaffizlər Şurası və prezident təsdiqləyir. Parlamentin nazir vəzifəsinə namizədləri və prezidentləri sorğu-sual etmək, təsdiqləmək səlahiyyəti var. 290 yerə seçki hər dörd ildən bir keçirilir, 88 nəfərlik Ekspertlər Şurası isə hər səkkiz ildən bir.

Prezident Həsən Ruhaninin alyansı parlament çoxluğunu itirə bilər deyə, namizədləri seçkiyə buraxılmayandan sonra İran “demokratiyası və milli suverenliyi”nə təhdidlərlə bağlı xəbərdarlıq edib.

İranda mühafizəkarlar əsasən Tehranın keçmiş meri Məhəmməd Bageru Qalibaf ətrafında yığışır, o, özünü “texnokrat” adlandırır. Onlar İranla dünya güclərinin 2015-ci il nüvə sazişini dəstəkləyiblər.

Ultra-mühafizəkarlar isə sərt xətt tərəfdarlarıdır, özlərini “inqilabçılar” sayırlar. Onlar nüvə sazişinə, Qərblə hər hansı danışıqlara qarşı çıxırlar. (azadliq.org)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.