Ağciyər Xəstəlikləri İnstitutunda son 2 gündə 3 nəfər ölüb

20-02-2020, 08:39   

 

Yanvardan fevralın ikinci ongünlüyünədək ölənlərin sayının 24-ə çatdığı bildirilir
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 2 gündə 3 xəstə vəfat edib. Bu barədə ictimai vəkil Samir Zeynalov məlumat verib. Xəstələrdən biri fevralın 18-də, ikisi isə 18-dən 19-na keçən gecə ölüb. Beləliklə də, yanvardan fevralın ikinci ongünlüyünədək ölənlərin sayı 24-ə çatıb. İctimai vəkil iddia edib ki, ölüm halları reanimasiya şöbəsində həkim-reanimatoloqun olmaması səbəbindən baş verir.
TƏBİB-dən Meydan TV-nin sorğusuna cavab verilməyib. Ancaq Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan faktı təsdiqləyiblər. Bildiriblər ki, ölən xəstələrdən birinin 66 yaşı var. Ona kəskin ağciyər- ürək çatışmazlığı diaqnozu qoyulub. Mərhum həm də xərçəng xəstəsi imiş. Digər xəstə isə 1978-ci il təvəllüdlüdür. O, fevralın 18-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona ikitərəfli pnevmaniya, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub. Lakin həyatını xilas etmək mümkün olmayıb.
Üçüncü xəstə haqda məlumat verilməyib.
Ağciyər Xəstəlikləri İnstitutunun adının açıqlanmasını istəməyən yetkilisinin sözlərinə görə, bu xəstəxanada ötən il ümumilikdə 114 nəfər ölüb. 2019-cu ilin yanvarında 6 xəstə vəfat edib. Bu ilin yanvarında isə ölənlərin sayı 20-yə çatıb. Ötən il xəstəxanadan bir neçə həkim, o cümlədən həkim-reanimatoloq işdən çıxıb.
İnstitut bu ilin yanvarından Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilib. TƏBİB institutda yoxlama aparıb. Bunu ictimai vəkil Samir Zeynalov, habelə institutdan təsdiqləyiblər. Lakin qurumdan ölüm hallarının artması və yoxlamaların nəticələri ilə bağlı indiyədək açıqlama verilməyib. Yalnız onu bildiriblər ki, ölüm səbəblərinin hazırda dünyada yüzlərlə insanın yoluxmasına səbəb olmuş təhlükəli koronavirusla əlaqəsi yoxdur.
Xəstəxanadan adının açıqlanmasını istəməyən həkimlərdən biri deyib ki, ağır vəziyyətdə xəstələr gətirilir. Hətta bəzən hərarəti 40 dərəcəyə çatmış xəstələr evdə saxlanılır, yalnız həyati təhlükə yaranandan sonra həkimə çatdırılır: “Regionlarda vərəm xəstəliyinə yoluxmuş şəxslər vaxtında həkimə müraciət etmirlər. Bəziləri xəstəliyi yaxınlarından, qonşularından gizlədir. Son nəticədə həkimə gec çatdırıldıqları üçün həyatlarını xilas etmək mümkün olmur”. Həkim onu da deyib ki, ölənlərin əksəriyyəti narkotik vasitə istifadəçisidir. Aralarında hepatit virusuna yoluxanlar da var. Yanaşı xroniki xəstəlikləri olduğundan vəziyyətləri daha da ağırlaşır.
Vərəm xəstəliklərinin müalicəsində təyin olunan dərmanlar dövlət tərəfindən pulsuz verilir, lakin xəstələr qeydiyyata düşməkdən çəkindiyindən həmin dərmanları ala bilmirlər. Vərəmin müalicəsində tətbiq olunan dərmanların açıq satışı qadağandır. Həkimlərdən biri deyib ki, xəstələrin vərəm dispanserlərində qeydiyyata düşməmələri də xəstəliyin vaxtında düzgün müalicə olunmamasına səbəb olur:
“İlk növbədə regionlardakı vərəm xəstəxanalarında nöqsanları aradan qaldırmaq lazımdır ki, qeydiyyata düşməyən xəstələri müalicə etməsinlər. Beləliklə, həmin xəstələrin ailə üzvləri də yoluxma təhlükəsi ilə üz-üzə qalmasın. Vərəmin müalicəsi xəstəliyə uyğun tətbiq olunur və xəstə tam yoxlamadan keçmədiyi təqdirdə dərmanlar da işə yaramır”,- adını açıqlamaqdan çəkinən həkim qeyd edib.
Xatırlatma:
Çində koronavirus nəticəsində ölənlərin sayı 2 mini keçib. Yeni yoluxma hallarının isə azaldığı bildirilir. Çinhakimiyyəti yoluxmanın episentri sayılan Vuhan şəhərində ciddi qoruma tədbirləri həyata keçirir. Virusun digər ölkələrdə də ortaya çıxdığı bəlli olub. Fevralın 19-da İran Səhiyyə Nazirliyi iki nəfərin koronavirusdan öldüyünü təsdiqləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.