Səbuhi Abbasovdan Əli Əhmədova açıq müraciət: “Haqqımda deyilən bu məlumatların hamısı yalandır” – MƏTN

21-02-2020, 08:26   

 


47 Saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd, QHT sədri, internet-media eksperti Səbuhi Abbasov Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədova açıq müraciət ünvanlayıb. 

Müraciəti olduğu kimi təqdim edirik:
 
Baş nazirin müavini,
Yeni Azərbaycan Partiyasının icra katibi
Cənab Əli Əhmədova

47 Saylı Mingəçevir Seçki Dairəsindən namizəd
Abbasov Səbuhi Mübariz oğlu tərəfindən

 

M Ü R A C İ Ə T

Hörmətli Əli müəllim!

Müraciətimin əsas məğzinə keçməmişdən öncə qeyd edim ki, çıxılmaz, faciəvi durum olmasaydı heç bir halda Sizə yazmayacaq, narahat etməyəcək, prosesin ardınca getməyəcəkdim. Bilirəm, qrafikiniz gərgindir, ancaq xahiş edirəm, cəmi 10 dəqiqənizi ayırın və sona qədər oxuyun, söhbət minlərlə insanın taleyindən gedir. Vəziyyət o qədər qəliz, anlaşılmaz və qaranlıqdır ki, müdaxilənizi vacib bilirəm. Söhbət ölkəmizin 4-cü böyük, gənc və gənclər şəhəri olan Mingəçevirdən gedir. Açığı şəhərimizdə gənclikdən əsər-əlamət qalmayıb, insanlar sosial qayğılar içində boğulur, onları nə eşidən var, nə dinləyən...

9 fevral tarixində növbədənkənar parlament seçkiləri keçirildi. Mən də ölkəmizin milli maraqlarını hər zaman ölkə daxilində və beynəlxalq aləmdə müdafiə edən gənc kimi seçkilərə qatıldım. Düzdür, illərdir Mingəçevir üçün az-çox fəaliyyətim olub, şəhərimiz üçün nələrisə etməyə çalışmışıq. Ancaq insanlarda seçkiyə inam tamamilə azalmış və böyük ümidsizlik mühiti var idi. Bundan az əvvəl reallaşan bələdiyyə seçkilərində seçici aktivliyinə görə şəhərlər arasında Mingəçevir ən son yerdə qərarlaşdı. Parlament seçkilərində isə eyni durumun daha faciəvi olacağı güman edilirdi. Ancaq Cənab Prezidentin son illər apardığı köklü islahatlardan ruhlanaraq mən də seçkilərə qatıldım. Qısa zaman kəsiyində komandamızla şəhərimizin bütün təbəqələri arasında dərin hörmət və inam qazandıq. Eyni zamanda, əhali arasında da bu inamı artırdıq, seçkilərə çağırdıq, platformamızı onların istəyinə uyğun formalaşdırdıq. Sevindirici hal ondan ibarətdir ki, qısa zamanda yüzlərlə gənc, ziyalı, iş adamı, özəl və dövlət qurumunun əməkdaşları bir ağızdan MİNGƏÇEVİR ÜÇÜN YENİLƏNƏK dedilər. Seçki günü isə Mingəçevirdə əsl bayram ab-havası hökm sürürdü, insanlar səslərinin həlledici olacağını düşünüb ailəlikcə seçkilərə qatıldılar. Səsvermə bitdikdə isə exit-poll nəticələrinə görə böyük fərqlə ilk yerdə qərarlaşdım, səslərin hesablanmasında isə ilk saatlarda liderliyi qorusam da, sonrakı mərhələdə baş verən saxtakarlığa görə 2-ci yerdə qərarlaşdım. 47 Saylı Mingəçevir Seçki Dairəsinin 9, 10, 15, 17, 20, 21, 24, 25 və 28 saylı məntəqələrində total saxtakarlıqlar oldu və nəticədə Aydın Mirzəzadə əvvəl 400, sonra 750 səs fərqlə 1-ci yerdə qərarlaşdı. Hal-hazırda isə aramızdakı səs fərqi təxminən 500-550 aralığındadır.

Hörmətli Əli müəllim!

Prosesin ən ağrılı, ən vacib hissəsi başqadır. Məsələ burasındadır ki, namizədliyimi irəli sürəndən bu günə qədər şəxsimə olan təzyiqlər, iftiralar və digər anormal hallarla bağlı heç bir halda səsimi çıxarmadım. Adətən beynəlxalq tribunalarda ölkəmizin demokratik mühitini intellektual formada müdafiə edən bir gənc kimi bu halların dövlətimizin imicinə hansı formada zərbə vuracağının fərqində idim. Anti-Azərbaycan qüvvələrinə fürsət verməmək üçün seçki bitənə qədər susdum, heç bir halda radikal addımlar atmadım, sadəcə öz təbliğatımla və seçki prosesi ilə yoluma davam etdim, peşman da deyiləm. Ölkədə bəlkə də ən yaxşı kampaniya aparan namizədlərdən biri oldum, bütün innovativ alətlərdən uğurla və yerində istifadə etdik. Ancaq bu prosesdə ətrafımda olan ziyalılara, iş adamlarına, tanınmış şəxslərə Mingəçevir YAP təşkilatı vasitəsilə ilə sərt mesajlar gedir, şəxsən Cavanşir Yusubov tərəfindən zənglər gedir, "sizin üçün yaxşı olmayacaq” mesajları gedirdi. Bundan başqa haqqımda olmazın şaiyələr yayır və bunu bütün vasitələrlə yuxarı orqanlara çatdırmağa çalışırdılar. İlk öncə bu insan guya başımda xərçəng xəstəliyinin olması ilə bağlı şayiələr yaymağa başladı. Yəni bu yolla əmək qabiliyyətli olmamağıma işarə etməyə çalışırdı. Daha sonra bəzi yuxarı qurumlara məlumat ötürdü ki, guya mingəçevirli iş adamları mənə 50 min, 100 min manat məbləğində dəstək olublar. Doğrudur, mingəçevirli iş adamlarının 90 faizi yanımda olduqlarını bəyan ediblər, ancaq heç bir halda mən heç kimdən ianə, maddi yardım xahiş etmədim və almadım. Ümumiyyətlə, mən bir işin öhdəsindən öz hesabıma gələcəyimi düşünürəmsə o zaman o yükün altına girirəm. Bir məsələ isə daha gülüncdür. Guya Aydın Mirzəzadə 15 min manat mənə vəsait verib və mən onunla prosesi razılaşdırmışam. Daha sonra söz-söhbət yaydılar ki, Səbuhi Abbasov Göyçə mahalı, Basarkeçər rayonundandır, onu Mingəçevirə nə bağlaya bilər ki? Bəli, mən heç bir zaman öz əslimi-kökümü danmamışam, mənim rəhmətlik atam da, rəhmətlik anam da Göyçə mahalı, Basarkeçər rayonunda anadan olublar, bacılarım və qardaşlarım da, həmçinin. Ancaq mən 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşam, böyümüşəm, bu şəhərdə təhsil almışam. Ümumiyyətlə, Mingəçevir şəhər əhalisinin mütləq əksəriyyəti digər bölgələrdən gələn insanlardan ibarətdir. Şəhərimizi gözəlləşdirən, rəngarəng edən də məhz elə bu faktordur.

Hörmətli Əli müəllim!

9 fevral tarixində keçirilən seçkilərdə mən qalib oldum. Mingəçevir YAP sədrinin və bəzi qurumların administrativ təzyiqlərinə, seçki saxtakarlıqlarına və bülletenlərimin oğurlanması faktoruna baxmayaraq yenə də yüksək nəticə göstərdim. Elementar, heç bir məcburi üsul olmadan sosial sorğu keçirin. Əgər 500 nəfər könüllü şəkildə, sidqi-ürəkdən Aydın Mirzəzadəyə səs verdiklərini desələr, üzr istəyib, ictimai-siyasi sferanı birdəfəlik tərk edəcəyimi söz verirəm.

Xahiş edirəm, düzgün başa düşün. Bu müraciəti prinsipiallıqdan, öz şəxsi mənafeyimdən dolayı deyil, 105 min insanın dili, ürəyi, nəfəsi ilə yazıram. Şəhərdə hər kəs dərin depressiya içindədir. Aydın Mirzəzadə ilə heç bir zaman yolumuz kəsişməyib, münasibətlərimizdə heç bir zaman anlaşılmazlıq olmayıb. Ancaq Aydın müəllim 20 ildir millət vəkilidir. İnanın, insanlar ondan, o da insanlardan yorulub. Aydın Mirzəzadə YAP şöbə müdiri və pedaqoq kimi zatən gərgin qrafiklə çalışır. Mingəçevir insanlarına isə sırf onların yanında olacaq, onların qayğılarını dinləyəcək, onların dərdinə şərik olacaq, problemlərini ali tribunadan səsləndirəcək vəkil lazımdır. Aydın Mirzəzadə gözəl şöbə müdiridir, gözəl nazir, komitə sədri, ali təhsil müəssisələrinin birinin rəhbəri ola bilər. Bu yenilik onun da fəaliyyəti üçün böyük stimul yarada bilər. Ancaq Mingəçevirdə 20 illik dönəmə son verməli, insanların gələcəyə nikbin baxması üçün şans tanımalıdır. Bəlkə də kimlərsə üçün bu kiçik bir rica, xahiş və müraciətdir. Ancaq söhbət Mingəçevir əhalisinin mütləq əksəriyyətinin arzusundan, istəyindən gedir. Tam səmimi deyirəm, YAP Mingəçevir şəhər təşkilatının Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası ilə heç bir bağlılığı yoxdur. Sadəcə Mingəçevirdə YAP-ın ictimai nüfuzundan istifadə edən bir qrup mütəşəkkil dəstə var. Onlar partiya faktorundan məcburi, zor aləti kimi istifadə edərək insanları küsdürür, qaçırdır, inamlarını itirirlər. Münhendə Paşinyana dərs verən, dünyanın ən güclü liderinin rəhbərlik etdiyi partiyanın ölkənin 4-cü böyük şəhərindəki nümayəndəsi belə olmamalıdır. Zaman dəyişir, rəqəmsallaşır, yeni çağırışlar meydana gəlib. YAP gənclərinin, üzvlərinin mütləq əksəriyyəti də MİNGƏÇEVİR ÜÇÜN YENİLƏNƏK deyirdi, ancaq qorxa-qorxa, küsə-küsə dəstəkləyirdilər. Əgər belə olmasaydı, 8 minə yaxın YAP üzvünün yaşadığı Mingəçevir şəhərində Aydın Mirzəzadə qeyri-qanuni yolla, həm də cuzi fərqlə mənə qalib gəlməzdi.

Hörmətli Əli müəllim!

Mən 2003-cü ildə bəzi anti-Azərbaycan qüvvələrinin Bakıdakı təxribatı zamanı nümayişkaranə şəkildə YAP-a üzv oldum. Ulu Öndər Heydər Əliyev rəhmətə getməmişdən 5 gün qabaq, məhz onun imzası ilə vəsiqəmi aldım. YAP Gənclər Birliyində 7 il əmək qoydum, faydalı layihələr reallaşdırdım və Sizin də diqqətinizi çəkməyi bacardım. Məhz bunun nəticəsi idi ki, Sizin rəhbərliyinizlə 2010-cu ildə iclas keçirildi və Siz məhz mənə növbəti ilin fəaliyyət planını hazırlamağı tapşırdınız. Ancaq olanlar bundan sonra oldu. YAP böyük bir ailədir. Ailənin öz sirləri olmalıdır. Ona görə bundan sonra nə baş verdiyini yalnız məni qəbul etsəniz, şəxsən Sizə danışacam. Ancaq tam əmin olun ki, haqqımda Sizə deyilən neqativ məlumatların hamısı yalandır və bunu çox rahat isbat eləmək olar. Sizdən tək ricam budur ki, məni qəbul edin, həqiqətləri ortaya çıxarın və 105 min insana şans verin, seçkilərin əsl qalibinin ədalətli müəyyən edilməsi üçün MSK-ya müraciət edin. Mingəçevirdə hər şey yenilənsin, elə YAP da! Sizin hər zaman düz sözün, haqqın, ədalətin yanında olduğunuzu bilməsəydim, bu müraciəti də etməzdim.

Hörmətlə Səbuhi Abbasov
47 Saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd

SabuhiAbbasov.com
ASGA.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.