"Əli İnsanovla fikirlərimiz əksər məsələlərdə üst-üstə düşdü" - SƏRDAR CƏLALOĞLU

22-02-2020, 13:34   



"Əgər Əli İnsanov başladığı işi müvəffəqiyyətlə başa çatdıracaqsa, hamı bu təşəbbüsü dəstəkləyəcəksə və bütün bunlar real işə çevriləcəksə, onda nədən o, lider olmasın?!"

"Bu görüşlər nəticəsində qısa müddət ərzində müxalifətin bir araya gəlməsi və xalqı demokratiya uğrunda mübarizəyə cəlb etmək istiqamətində addımlar atılacaq"

"Rusiya və Avropada yaşayan azərbaycanlıları da təşkilatlandırmalı, Azərbaycan naminə hamının bu ideya ətrafında birləşməsinə çalışmalıyıq"

"Əgər xaricdəki azərbaycanlıları da bu işə cəlb edə bilsək, bu zaman ölkədən kənarda yaşayan və kifayət qədər imkanı olan insanlar da bu prosesə dəstək verəcək"

Xəbər verdiyimiz kimi, yeni təsis olunan Haqq və Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov fevralın 20-də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunu görüşə dəvət edib. Bu barədə verilən ilkin məlumata görə, görüşdə 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin doğurduğu nəticələr, seçkidən sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyət, müxalifət düşərgəsinin təmərküzləşməsinin  perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xatırlayırsınızsa, ötən ilin sonlarına yaxın Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə bunabənzər toplantı keçirilmiş və orada Əli İnsanovla yanaşı, Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev və Hikmət Hacızadə iştirak etmişdi. Maraqlıdır, görəsən bu görüşlər bir-biri ilə hansısa formada əlaqəlidirmi? Ümumiyyətlə, müxalifətin birliyinə dair keçirilən toplantılar sonda düşərgənin vahid cəhbədə birləşməsinə gətirib çıxaracaq? Odur ki, bu və digər bir sıra mühüm mövzulara dair sualları cavablandırması üçün Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

"Müzakirə olunan əsas məsələ müxalifətin bir araya gəlməsi və yeni dönəmdə xalqı demokratikləşmə uğrunda mübarizəyə cəlb etməklə bağlı idi"

- Əli İnsanovun sizi görüşə dəvət etməsi hansı zərurətdən doğub? Və görüş zamanı nə kimi məsələlər müzakirə olunub?

- Əvvəla, onu deyim ki, Əli İnsanovla ilk dəfədir üz-üzə görüşürdüm. Həbsxanadan çıxdıqdan sonra onu görməmişdim. Qeyd edim ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanda doğrudan da çox unikal şərait yaranıb. Ona görə də biz artıq ölkədə yeni bir müxalifətçiliyin yaradılmasını düzgün hesab edirik. Bu səbəbdən də Əli İnsanov məni dəvət edərkən, böyük məmnuniyyətlə bu dəvəti qəbul etdim. Təxminən, 15-20 dəqiqəlik görüşümüz oldu. Bu zaman Azərbaycanda ictimai-siyasi vəziyyət, beynəlxalq durum və hazırkı şəraitdə müxalifətin qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi apardıq. Açığı deyim ki, əksər məsələlərdə Əli İnsanovla fikirlərimiz üst-üstə düşdü. Əli İnsanov ölkədə gedən ictimai-siyasi prosesləri açıq-aydın mənimsəyir, çox düzgün mövqedədir. Beləliklə, qərara gəldik ki, bu tip görüşləri davam etdirək. Müzakirə olunan əsas məsələ müxalifətin bir araya gəlməsi və yeni dönəmdə xalqı demokratikləşmə uğrunda mübarizəyə cəlb etməklə bağlı idi.

"Artıq yeni vəziyyət yaranıb və bu situasiyada müxalifəti əvvəlki şərtlərlə bir araya gətirmək, yalnız mitinq taktikası ilə ölkədə nəyəsə olmaq mümkün deyil"

- Sərdar bəy, müxalifətçiliyin yeni forması dedikdə konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Söhbət ondan gedir ki, indiyə qədər Azərbaycan müxalifəti standart mübarizə üsullarından - mitinq, seçki və digər yollardan istifadə edib. Yəni müxalifətin mübarizə üsullarının nə rəngarəngliyi var, nə də bu günə kimi müxalifətin yaratdığı blokların, ittifaqların düzgün standart xətti var. Qeyd etdiyim kimi, artıq yeni vəziyyət yaranıb və bu situasiyada müxalifəti əvvəlki şərtlərlə bir araya gətirmək, yalnız mitinq taktikası ilə ölkədə nəyəsə olmaq mümkün deyil. Odur ki, biz daha effektli siyasi mübarizə aparmaq məqsədiylə dinc demokratik mübazirənin digər üsullarından geniş şəkildə istifadə etməyə çalışmalıyıq. Bu baxımdan, sanki yeni Milli Azadlıq Hərəkatını başlatmaq kimi bir iş görməliyik. Ona görə də Əli İnsanov ağsaqqal kimi bu missiyanı öz üzərinə götürüb. Nəzərinizə çatdırım ki, bu məqsədlə o, məndən başqa digər siyasi partiya liderləri ilə də görüşlər keçirib. Düşünürəm ki, bu görüşlər nəticəsində qısa müddət ərzində Azərbaycan müxalifətinin toparlanması, bir araya gəlməsi və yeni dönəm üçün xalqı demokratiya uğrunda mübarizəyə cəlb etmək istiqamətində addımlar atılacaq.

"Bunu seçkilərindən öncə Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan birliklə eyniləşdirmək, eyni zamanda ona alternativ kimi də qəbul etmək olmaz"

- Bir müddət öncə Arif Hacılı, Əli İnsanov, Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli, İlqar Məmmədov, Pənah Hüseyn, Mehman Əliyev və Hikmət Hacızadənin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdu. Lakin o zaman həmin toplantıda siz yox idiniz. Əli İnsanovla aranızda baş tutan görüşü öncəkinin davamı kimi qəbul etmək olarmı?

- Nəzərinizə çatdırım ki, adıçəkilən şəxslərin iştirakı ilə baş tutan görüş davam etməliydi, lakin davam etmədi. Belə ki, növbədənkənar parlament seçkiləri ilə bağlı müxalifət birliyində çox ciddi fikir ayrılığı yarandı. Bir qisim seçkilərə qatılsa da, digərləri seçkilərdə iştirakdan imtina etdi. Nəticədə də bu, müxalifətdə fikir ayrılığına səbəb oldu. Qeyd edim ki, Əli İnsanovla baş tutan görüşümüz zamanı səsləndirilən fikirlər yeni təşəbbüsdür. Yəni bu, müxalifətin daha geniş formada bir araya gəlməsini, öncəkilərdən fərqli olaraq, daha ciddi əməkdaşlığı təşkil edəcək yeni cəhdlərdir. Ona görə də hesab edirəm ki, bunu növbədənkənar parlament seçkilərindən öncə Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan birliklə eyniləşdirmək, eyni zamanda ona alternativ kimi də qəbul etmək olmaz.

- Necə düşünürsünüz, Əli İnsanovun Milli Şura, konkret olaraq, AXCP sədri Əli Kərimli ilə birgə fəaliyyəti nə qədər realdır? Ümumiyyətlə, sabiq nazirin təşəbbüsü ilə müxalifətin yeni birliyini formalaşdırmaq mümkün olacaq?

- Mənim Əli İnsanovla görüşümdən belə başa düşdüm ki, burada siyasi partiyaların bir-birinə münasibətindən asılı olmayaraq, qarşıya qoyulmuş məqsəd uğrunda bir yerdə mübarizə aparmaq niyyətində olanlar bir araya gələcək. Ona görə də hamı eyni dərəcədə Azərbaycanın müstəqilliyi və suverenliyi, o cümlədən ölkədə demokratiya uğrunda mübarizəyə qalxacaqsa, o zaman əvvəlki münasibətlərdən asılı olmayaraq, hamı bir yerdə olacaq.

"Əgər yenə də ənənəvi olaraq bütün iqtidara meydan açsaq, quru ilə bərabər yaşı da yandırmağa cəhd etsək, o zaman heç nəyə nail ola bilməyəcəyik"

- Sabiq səhiyyə nazirinin belə bir təşəbbüslə çıxış etdiyini nəzərə alsaq, onda bu qənaətə gəlmək olarmı ki, gələcəkdə yaradılacaq müxalifət birliyinin vahid lideri rolunda məhz Əli İnsanov çıxış edəcək?

- Açığı deyim ki, Əli İnsanov belə bir iddia ortalığa qoymur. Amma tutaq ki, onun vahid lider kimi çıxışının nəyi pisdir?! Bu baxımdan, mənə elə gəlir ki, biz kimin lider olması kimi məsələləri müzakirəyə çıxarsaq, onda yenə də əvvəlki kimi bir araya gəlmək imkanımız olmayacaq. Yəni ikinci, üçüncü dərəcəli məsələlərə önəm versək, Azərbaycanı xilas etmək məsələsi arxa plana keçsə, o zaman heç nəyə nail olmayacağıq. Ona görə də indidən liderlik məsələsinin müzakirə olunmasını düzgün hesab etmirəm. Düşünürəm ki, lider özü fəaliyyətiylə liderə seçrilir, onu seçməklə və ya kimsə "mən liderəm" deməklə məsələ həll olunmur. İndiki halda bu təşəbbüsü Azərbaycan müxalifətindən heç kim irəli apara bilmirsə, Əli İnsanov isə aparırsa, təbii ki, bu mərhələdə lider olmağa haqq qazanır. Əgər Əli İnsanov başladığı işi müvəffəqiyyətlə başa çatdıracaqsa, hamı bu təşəbbüsü dəstəkləyəcəksə və bütün bunlar real işə çevriləcəksə, onda nədən o, lider olmasın?! Əslində, lider olmaq hər hansı imtiyaz və ya fəxri ad əldə etmək demək deyil.  Lider olmaq daha çox məsuliyyət götürmək, işin təşkilində daha çox iştirak etmək, bir sözlə, daha aktiv olmaq deməkdir. Odur ki, kim müxalifətin bir araya gəlməsi istiqamətində daha ciddi iş apararsa, xalqın etimadını qazanarsa, o da lider olmağa haqq qazanacaq. Hesab edirəm ki, bu məsələdə qısqanclığa, yersiz hərəkətlərə heç bir ehtiyac yoxdur. Ümumiyyətlə, indiki mərhələdə liderlik məsələsinin gündəmə gəlməsinin qəti şəkildə əleyhinəyəm. Qeyd etdiyim kimi, hələlik Əli İnsanov belə bir iddia ortaya qoymayıb. Amma təşəbbüsün müəllifi kimi bunu qələbəyə aparacaqsa, sonrakı mərhələdə də aktiv fəaliyyət göstərəcəksə, niyə də lider olmasın?! Lider hər hansı bir qrupun daşıdığı dəyərləri və ya siyasi mübarizəni ən qabarıq şəkildə özündə ifadə edən adam deməkdir. Hesab edirəm ki, burda yalnız müxalifətlə deyil, hətta iqtidarın özündə belə bizim dəyərləri bölüşdürənlərlə də əməkdaşlıq etməliyik. Yəni iqtidarda təmsil olunan və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə xidmət göstərmək istəyən, ölkədə demokratikləşmənin zəruri olduğunu hesab edən şəxslərlə də əməkdaşlıq etməliyik. Odur ki, bunu dar bir müxalifət hərəkatı kimi həyata keçirsək, onda biz heç nəyə nail olmayacağıq. Bu səbəbdən də mənə elə gəlir ki, bu yeni dönəmdə sərhədləri elə keçici şəkildə müəyyən etməliyik ki, Azərbaycan iqtidarının bizlə eyni dəyərləri bölüşdürən hissəsi də yanımızda ola bilsin. Əgər yenə də ənənəvi olaraq bütün iqtidara meydan açsaq, quru ilə bərabər yaşı da yandırmağa cəhd etsək, o zaman heç nəyə nail ola bilməyəcəyik. Bundan başqa, Əli İnsanovla görüş zamanı təklif etdim ki, biz siyasi mübarizəni yalnız Azərbaycan daxilində deyil, ölkədən kənarda da aparmalıyıq. Belə ki, Rusiya və Avropada yaşayan azərbaycanlıları da təşkilatlandırmalı, Azərbaycan naminə hamının bu ideya ətrafında birləşməsinə çalışmalıyıq. Yəni işimiz əvvəlki illərdən çox fərqli olmalıdır.

"Əli İnsanovun qərbi azərbaycanlılar arasında böyük nüfuzu var, ola bilsin ki, hakimiyyətdə də müəyyən qüvvələrin ona simpatiyası var"

- Əli İnsanovun təşəbbüsü ilə müxalifətin vahid birliyi yaradılarsa, o zaman iqtidardakı qərbi azərbaycanlıların da həmin ittifaqa bu və digər formada dəstək verməsi gözlənilirmi?

- Əgər Azərbaycan naminə bir mübarizə ortalığa qoyulursa, bu işdə qərbi azərbaycanlı, naxçıvanlı, bakılı, qarabağlı və ya digər bölgələrdən olan insanlar birlikdə iştirak etməlidirlər. Əli İnsanovla görüşümüzdə də dedim ki, biz mübarizəni təşkil edərkən bir şeyə xüsusi fikir verməliyik ki, bütün regionlar, bütün etnik qruplar və dini konfessiyaların nümayəndələri bu birlikdə bərabər əsasda təmsil olunsun. Çünki Azərbaycan yalnız müxalifətin, hansısa bir regiondan çıxan insanların vətəni deyil. Bu ölkədə yaşayan, ayağının altında Azərbaycan torpağı olan, Azərbaycanı özünə Vətən kimi seçən hər bir şəxs əqidəsinə uyğundursa, bu birlikdə təmsil olunmalıdır. Yəni burda hər hansı regional faktoru önə çəkmək çox yanlışdır. Təbii ki, Əli İnsanovun qərbi azərbaycanlılar arasında böyük nüfuzu var. Ola bilsin ki, hakimiyyətdə də müəyyən qüvvələrin ona simpatiyası var. Bu da bizim işimizin müsbət tərəfi olacaq.

"Əgər təşkilatı hər hansı bir şəxsin maliyyə dəstəyinə möhtac edəcəyiksə, o zaman mübarizənin heç bir effekti olmayacaq"

- Yəqin razılaşarsınız ki, indiyədək müxalifətin yaratdığı birliklərin ciddi nailiyyət əldə etməməsinin əsas səbəblərindən biri də maliyyə çatışmazlığı ilə bağlıdır. Sizə elə gəlmir ki, Əli İnsanovun belə bir birlikdə təmsil olunması sözügedən problemi aradan qaldıracaq?

- Əvvəla, çay gəlmədən çırmanmaq düzgün olmaz. Bu, hələlik ideyadır və hazırda emal, yayılma mərhələsindədir. Azərbaycan cəmiyyətinin bizim ideya ətrafında nə dərəcədə birləşə birləcəyini gələcək göstərəcək. Ancaq mənə elə gəlir ki, bu birlik yaranarsa və çox ciddi şəkildə iş aparılarsa, inandırıcı mübarizə ortalığa qoyularsa, onda heç bir maliyyə problemi olmayacaq. Və bunun Əli İnsanova aidiyyatı olmayacaq. Qeyd etdiyimiz kimi, əgər xaricdəki azərbaycanlıları da bu işə cəlb edə bilsək, bu zaman ölkədən kənarda yaşayan və kifayət qədər imkanı olan insanlar da bu prosesə dəstək verəcək. Buna görə də elə bir ideya ortalığa qoymalıyıq ki, hamı söhbətin Azərbaycan naminə, xalqın xoşbəxtliyi, ölkənin müstəqilliyinin, suverenliyinin qorunması naminə mübarizədən getdiyini görsün. Əgər bunu hakimiyyət uğrunda, hansısa regional klanların maraqlarına uyğun mübarizə kimi qoysaq, onda yaranmamışdan məhv olacaq. Ona görə də daha geniş miqyasda düşünməliyik. Bundan başqa, əgər təşkilatı hər hansı bir şəxsin maliyyə dəstəyinə möhtac edəcəyiksə, o zaman mübarizənin heç bir effekti olmayacaq. Çünki məşhur kəlamda deyildiyi kimi, pulu verən musiqini də sifariş edəcək. Odur ki, yaranacaq hərəkatı yalnız Əli İnsanov maliyyələşdirərsə, onda təbii ki, həmin təşkilat birmənalı şəkildə onun iradəsinə tabe olacaq. Düzdür, bu barədə söhbət olmayıb, lakin hesab edirəm ki, bu cür hallara qəti imkan vermək olmaz. Əgər bu, Azərbaycan naminə mübarizə olacaqsa, kasıbından varlısına qədər bütün azərbaycanlılar bu hərəkatın maliyyələşməsində iştirak etməlidir. Digər tərəfdən, biz elə mübarizə üsulları seçməliyik ki, orda böyük maliyyə xərcləri tələb olunmasın. Hər halda gələcəkdə təşkilat formalaşdırıldıqdan sonra bu məsələ də müzakirə olunacaq. Onu da qeyd edim ki, Əli İnsanov gələcəkdə bu birlikdə ola biləcək qüvvələrin hər biri ilə görüşür, onlarla fikir alış-verişi edir, düzgün yolun tapılmasına cəhd edir. Əgər bu cəhd müvəffəqiyyətlə başa çatacaqsa, ondan sonra artıq Əli İnsanov yox, hərəkatda təmsil olunan bütün qüvvələr bu problemlərin həllində birgə iştirak edəcək.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.