İltizam Yusifovu deputat seçdirənlər hər şeyi üz-gözünə bulaşdırdı – Sensasion adlar

24-02-2020, 09:54   




Mərkəzi Seçki Komissiyasının seçki saxtakarlıqları ilə bağlı həyəcanlı qərarlarının hənirtisi 46 saylı Şirvan Seçki Dairəsinə də yaxınlaşmaqdadır.

Artıq ilk qaranquş 60 saylı Salyan-Neftçala dairəsində 11 məntəqənin nəticələrinin ləğvi sayıla bilər. Bu dairədə Fəzail Ağamalı qalib elan olunmuşdu. Ola bilsin ki, 11 məntəqənin ləğvi həm də Neftçala İH-dəki həbslər, YAP-ın bu rayon təşkilatının həbsinin davamıdır.

Lakin analoji seçki saxtakarlıqları Salyan-Neftçaladan uzaq olmayan 46 saylı Şirvan Seçki Dairəsində də kütləvi şəkildə qeydə alınıb.

Bu barədə Reportyor.info-nun əldə etdiyi məlumata görə, 46 saylı Şirvan Seçki Dairəsində baş verənlər ölkənin tarixinə düşə bilər.

Söhbət təşviqat-təbliğat kampaniyası dönəmində səsi belə eşidilməyən İltizam Yusifovun qutudan qalib çıxarılmasıdır.

Bir müddət əvvəl də yazmışdıq ki, mərhum nazir Yavər Camalovun oğlu Rəşad Camalovun ikili vətəndaşlığa görə namizədliyinin ləğv edilməsinin ardınca bu ailəyə yaxın ehtiyat namizəd sayılan İltizam Yusifov irəli verilib.

Şirvandan gələn ən son xəbərlər də bunu təsdiqləməkdədir və müfəssəl bilgilər verən qaynağımızın sözlərinə görə, İ.Yusifovun qalib elan olunması üçün xüsusi saxtakarlıqlar edilib.

İddialar səslənir ki, seçki günü İ.Yusifov üçün canfəşanlıq edənlərdən biri, inzibati resursları onun xeyrinə istifadə edən Şirvan şəhər İcra Hakimiyyəti başçısının I müavini Samit Abıyev olub.

S.Abıyev deputatlığa namizəd üçün karuselin təşkilində, müəllimlərin səfərbər olunmasında fəallq nümayiş etdirib. Seçki günü məntəqələrdə baş verən aşkar qanun pozuntuları, saxtakarlıqlar veb kameralara da düşüb.

Eyni zamanda məntəqə sədrləri digər namizədlərə nəticələri əks etdirən protokolları verməkdən imtina ediblər. S.Abıyevin komandanlığı altında İltizam Yusifova mandat verilməsi üçün bütün güclər işə salınıb.

Təbii ki, Suraxanıdan Şirvana yeni icra başçısı göndərilən İlqar Abbasovun da təlimatları olub.

Həmçinin, icra başçısının müavinləri olan Elmira Ağayeva, Azər Abdiyev və digərlərinin də seçki işlərində “əməyi” olduğu iddia edilir. Amma I müavin Samit Abıyev hamıdan fərqləndiyi deyilir.

Məlumatlara görə, İ.Yusifov görüntü naminə təbliğat kampaniyası dövründə iki məhəllədə görüş keçirməyə cəhd etmişdi.

Amma daş-qalaq olunaraq qovulmuşdu. Seçicidən heç bir dəstəyi olmayan Yusifova Şirvanda kimlərin səs verməsi də təəccüblüdür.

Bildirilir ki, yalnız inzibati resurslar hesabına 9 fevralda qalib çıxa bilib. Bu da öz növbəsində MSK-nın sözügedən dairənin nəticələri ilə bağlı araşdırmalar aparmağa əsas verir.

Şirvanda danışırlar ki, heç 500 səs ala bilməyən İltizam Yusifovun bu şəhəri Milli Məclisdə təmsil etməsi yalnız Camalovların arzusu ola bilər. Bəs nə baş verdi? – bu haqda səhih informasiyalar daxil olmaqdadır.

Reportyor.info-ya verilən xəbərə görə, başçı müavini Samid Abıyevseçki gününün son saatlarında məntəqə sədrlərinə telefonla nəticələri yollayıb.

Niyə məhz seçkinin son saatları? – mənbəmiz belə şərh edir ki, böyük seçki qalmaqalından qorxan bir qrup məmur siyasi hakimiyyətin mövcud kursuna tam zidd olaraq addım atmışdı.

Yəni, islahatlarla ayaqlaşan bir parlament formalaşdırılmalıydı. Əvəzində isə Şirvan əhlinin rəğbətini və səsini almayan İ.Yusifov deputat seçdirilir.

Əldə etdiyimiz məlumatlarda iddia olunur ki, seçki günü artıq qalan  bülletenlər belə İltizam Yusifovu qutudan çıxartmağa bəs etməyib.

Şirvanın küçələrinə səpələnmiş qulağı kəsilmiş bülletenlər bunu təsdiqləyir. Yəni, İ.Yusifovu qalib çıxarmaq istəyənlər saxtakarlığı elə qurmalıydı ki, inandırıcı olsun, ağ yalana oxşamasın.

Amma bu imitasiyalı əməliyyat alınmayıb, Samid Abıyev komandası hər şeyi üzünə-gözünə bulaşdırıb, tam bir fiasko yaşanıb. Və indiyə qədər onun altından çıxa bilmirlər. Hər an MSK-nın 46 saylı dairə ilə bağlı şikayətləri araşdırarkən sensasion qərar çıxarması mümkündür.

Saytımıza verilən məlumata görə, məntəqələrdə sayım vaxtı sədrlər ağılasığmaz fırıldağa yol veriblər. Müşahidəçilərin gözü qarşısında çox səs toplamış digər namizədlərin bülletenlərini İltizam Yusifovun bülletenlərinin üzərinə yığmaqla onun səslərini artırıblar.

Belə bir kustar və ibtidadi saxtakarlığa əl atan Samid Abıyevə işləyən məntəqə sədrlərinin rüsvayçılığı adi bir araşdırma ilə təsbit oluna bilər.

Eyni zamanda müşahidəçilərin apardığı çəkilişlər video sübut olaraq qalır. Məntəqə sədrləri təkrar sayım tələbinə də riayət etməyiblər.

Onlar biliblər ki, təkrar sayımda İltizam Yusifovun səsləri az çıxacaq və müşahidəçilərin tələbi yerinə yetirilməklə bütün saxtakarlıqlar üzə çıxacaq.

Bu təfsilatlı xəbərləri əldə etməmişdən bir neçə gün qabaq da yazmışdq ki, 1963-cü il təvəllüdlü İltizam Yusifov “Shirvan Operating Company” şirkətində vitse-prezidentidir.

Gələn xəbərlərdən belə aydın olurdu ki, bu seçkidə şirvanlıların seçimi İ.Yusifov olmayıb. Hələ seçkidən üç gün qabaq Şirvanın “Vosmoy” adlanan ərazisində, o cümlədən bir neçə uçuq evlərin tinində görüş keçirmək istəyən İ.Yusifovla seçicilər arasında qalmaqal yaşanmışdı.

Lakin görüşlərdəki biabırçılıqlar video lentə alınmayıb, ört-basdır edilib. Hətta namizədə “sən get, nöyüt şefin gəlsin, ona səs verək!”, – deyə kinayə ediblər.

R.Camalovla bağlı vəziyyət dəyişdiyindən və MSK-nın məlum qərarından sonra bir növ acığa düşən Camalovlar az qala seçki prosesinə meydan oxumağa, nə yolla olursa-olsun, rayona nəzarəti əldən verməməyə çalışırlar.Hətta rayonun 10 saylı məktəbinin direktorunun müəllimləri yığaraq, İ.Yusifova səs vermələrini tələb etdiyinə dair iddialar var.

Bununla yanaşı bildirilir ki, Yavər Camalovun yaxın qohumu olan Şirvandakı Yol İdarəsinin müdiri Şıxverdi Məmmədov da kollektivə İ.Yusifova səs verməyi tapşırıbmış. Bir sözlə, Camalovlar əllərindən gələni edərək  İ.Yusifovun qutudan çıxmasına nail olublar.

İ.Yusifovun özünə gəlincə, neft sektorunda vəzifə tutan bu şəxsin indiyə qədər əhaliyə hər hansı dəstəyinə, ictimai fəaliyyətinə və s. dair məlumata rast gəlinmir.

Seçicilərin də çoxunun onunla bağlı ətraflı məlumata, yaxud rayon üçün hansısa faydalı əməlinə dair məlumata malik olmadığı qeyd edilir.

REPORTYOR.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.