Bir tərəfdən İranın dini rəhbərləri ölkədə koronavirusun yayılması barədə məlumatların yayılmasını Qərb mətbuatının təxribatı adlandırır, digər tərəfdən də bu epidemiya ilə mübarizə üçün hətta İran ordusu ayağa qaldırılır. Görünən odur ki, İranın ABŞ-la son qarşıdurma zamanı ciddi şəkildə zədələnən reputasiyası koronavirusla bağlı daha bir zərbə almış olacaq.
Çünki hələlik İran bu problemlə heç də effektiv və operativ şəkildə mübarizə aparan ölkə təəssüratı bağışlamır. Bunu statistika da göstərir. Belə ki, məsələn Çinlə həmsərhəd olan Cənubi Koreya bu epidemiyanın Çindən sonra ilk yayıldığı ölkələrdən biri olsa da, indiyə qədər burada xəstəliyə yoluxmuş 763 nəfərdən 7 nəfərinin dünyasını dəyişdiyi halda, Çindən xeyli uzaqda olan İranda qısa müddətdə koronavirusa yoluxan 43 nəfərdən 8-i artıq vəfat edib.
Artıq Türkiyə və Ermənistan qonşu İranla sərhədlərini tam bağlayıblar. Azərbaycan tərəfi də məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bu məhdudiyyətlərin sözügedən epidemiyanın yaratdığı təhlükəyə nə dərəcədə adekvat olduğu kifayət qədər mübahisəli mövzudur. Xüsusilə də Azərbaycan səhiyyəsinin durumunu nəzərə aldıqda, mümkün təhlükənin yarada biləcəyi mənzərəni təsəvvür belə etmək çətindir...
Məsələnin iqtisadi tərəfinə gəldikdə isə İranla sərhədlərin bağlanması Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər ciddi fəsadlar yaradacaq. İlk növbədə bunun mənfi təsirini Naxçıvan Muxtar Respublikası öz üzəriundə hiss edə bilər. Belə ki, artıq Türkiyə də Naxçıvanla sərhədi bağlayıb. Bu isə muxtar respublikanın əsl blokada şəraitinə düşməsi anlamı daşıyır. Çünki belədə Naxçıvanla yalnız hava nəqliyyatı vasitəsilə əlaqə qurulması mümkün olacaq. Bu isə istehlak qiymətlərinin mümkün artımı da daxil olmaqla, bir çox aspektlərdən öz mənfi təsirini göstərə bilər.
Ümumilikdə İrandakı koronavirusun Azərbaycan iqtisadiyyatına yaradacağı problemlərə və mənfi təsirlərə gəldikdə bunu bir neçə istiqamətə ayırmaq olar. Bu mövzu ilə bağlı tanınmış iqtisadçı Qubad İbadoğlu da geniş status paylaşıb. İqtisadçı bu problemin ölkə iqtisadiyyatına yaradacağı fəsadları əsasən 5 qrupa bölüb:
1. Turizm. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 8,1 faizi və ya 257 min nəfəri İran vətəndaşları olub. Ötən il ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5567,7 min nəfər olub ki, onun da 36,7 faizi və ya 2043 min nəfəri İrana səfər edib.
Bu, o deməkdir ki, hər ay orta hesabla İrandan Azərbaycana 21 min 417 nəfər gəlir, Azərbaycandan İrana isə 170 min 250 nəfər səfər edir. Sərhərdlərin bağlanması İrandan Azərbaycana xüsusilə də Novruz bayramı ərəfəsində gələcək tuirstlərin sayını kəskin azaldacaq. Eyni zamanda, Azərbaycandan İrana müalicə götürmək, alış-veriş etmək, iş qurmaq məqsədilə səfər edənlərin sayına ciddi surətdə azaldıcı təsir göstərəcək. Bununla yanaşı, ərəb ölkələrindən, Şimaldan və Qərbdən Azərbaycana gələn turistlərin bir qismi İrana görə səfərlərini təxirə salacaqlar.
Bütün bunların nəticəsində Azərbayanda otelçilik və restoran, turizmə xirdmət, səyahət agentliyi, hava nəqliyyatı sahəsində biznes imkanları pisləşəcək.
2. Ticarət. Ötən il İrandan Azərbaycana 452 701 min dollarlıq mal idxal olunub. Azərbaycanın İrana ixracatı isə 41 130 min dollar təşkil edib.
İrandan Azərbaycana həmçinin kənd təsərrüfatı məhsulları, ərzaq və gündəlik tələbat malları gətirilir. Belə olan halda, yaxın zamanlarda İran mənşəli malların qiymətində bahalaşma müşahidə olunacaq.
3. İnvestisiya. Ötən ilə qədər Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Hazrıkı situasiya investisiya əməkdaşlığını mənfi yöndə təsirləndirəcək.
4. Nəqliyyat. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yüklər İrana və əksinə Rusiyaya daşınır. Yük daşınmalarında yaranan fasilələr Azərbaycanın tranzitdən əldə edəcəyi qazancı azaldacaq.
5. Büdcə. Azərbaycanla İran arasında ticari, investisiya, turizm və nəqliyyat əlaqələrinin pisləşməsi bu sektorlardan dövlət büdcəsinə daxilolmalara da təsir göstərəcək. Xüsusilə də qeyri-neft sektorundan büdcəyə vergi və gömrük ödənişlərinin məbləği aşağı düşəcək.
Göründüyü kimi, Q.İbadoğlunun da bildirdiyi kimi, İranla sərhədlərin bağlanması Azərbaycan iqtisadiyyatına mənfi təsirlərsiz ötüşməyəcək.
Ümumiyyətlə, ölkə iqtisadiyyatını təzyiq altında saxlayan problemlərə gəldikdə, buraya hazırda dünya bazarında neftin qiymətinin durmadan ucuzlaşmasını da əlavə etmək olar. Artıq neftin bir barrelinin qiyməti 57 dollara ticarət olunur ki, bu da Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətlə cəmi iki dollar fərq təşkil edir.
Epidemiyanın qarşısının alınmaması və onunla mübarizə üçün hələ də effektli vasitə tapılmaması səbəbindən yaxın dövrdə dünya iqtisadiyyatında canlanma olacağı gözlənilmir, əksinə, böhran proqnozları durmadan artır. Bu isə hər şeydən əvvəl özünü neftin qiymətində əks etdirir.azpolitika.info
İqtisadiyyat Şöbəsi