Azərbaycanın İranla sərhədi olan Astara gömrük-sərhəd keçid məntəqəsinin bağlanması barədə rəsmi məlumat yoxdur. Ancaq yerli sakinlər sərhədin bağlandığını iddia edirlər və deyirlər ki, sərhəd birtərəfli, Azərbaycan tərəfindən bağlıdır və heç kimi ora buraxmırlar.
BBC News Azərbaycanca məsələ ilə bağlı Astara gömrük-sərhəd keçid məntəqəsi və Dövlət Gömrük Komitəsindən şərh ala bilməyib.
Nazirlər Kabineti bazar ertəsi günü Azərbaycan-İran sərhəd-keçid məntəqələrinin xüsusi rejimdə fəaliyyətə keçdiyini və bununla bağlı keçid prosedurlarının sürətinin azaldığını açıqlayıb.
Qurum fevralın 22-dən bəri sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparıldığını açıqlayıb. Bundan başqa, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib, yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir.
Azərbaycan Səhiyyə Nazirliyi ölkədə koronavirus infeksiyasının qeydə alınmadığını deyib. Qurumun ən son məlumatına görə, İrandan gələn biri Azərbaycan, digəri İran vətəndaşı olan iki nəfər temperaturu yüksək olduğu üçün karantinə alınıblar. Onların səhhətində ilkin müayinə zamanı problem aşkarlanmayıb, Səhiyyə Nazirliyi bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına müraciət edərək İrana səfər zamanı "son dərəcə ehtiyatlı olmağı", "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməyi" tövsiyə edib.
Azərbaycan Hava Yolları (AZAL) bildirib ki, aviaşirkət hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır, sadəcə, İrandan gələn reyslərdə sanitar-karantin nəzarət gücləndirilib.
Türkiyə İranla bütün sərhədlərini, o cümlədən Azərbaycanla da yeganə quru sərhədini bağlayıb. Türkiyəyə quru yolla getmək istəyən İran vətəndaşları Naxçıvan Muxtar Respublikasında yerləşən Dilucu sərhəd keçid məntəqəsindən istifadə edir.
Rəsmi məlumatlara görə, İranda koronavirusdan 12 nəfər ölüb.
"Bu gündən Astara gömrük-sərhəd keçid məntəqəsində sərhədçilər İrana buraxmadılar, bildirdilər ki, tapşırıq gəlib ki, buraxmasınlar," - Astara sakini Zabir Ağayev deyir.
BBC News Azərbaycancaya danışan Zabir Ağayev deyir ki, bazar ertəsi günü Astara gömrük-sərhəd keçid məntəqəsinə getsə də, ona sərhədin bağlı olduğu deyilib.
Onun sözlərinə görə, sərhədçilər "içəridə işlərin getdiyini" və sərhəddən insanları buraxmamaq haqda "tapşırıq aldıqlarını" deyiblər. İşlərin nədən ibarət olduğu və insanların sərhəddən nə vaxt buraxılacağı barədə məlumat verilməyib, yerli sakin bildirib.
Zabir Ağayev söyləyir ki, bu dəfə gömrük-sərhəd keçid məntəqəsinin qarşısına həmişəkindən az adam toplaşdığını görüb. O deyir ki, yerli camaat koronavirusa görə sərhədin bağlanmasını tələb ediblər, amma bəziləri də gündəlik gəliri İran malları satmaqdan çıxdığından bunun əleyhinədir.
Sərhəd bölgələrində vəziyyət necədir?
Astara sakini Zabir Ağayev deyir ki, yerli camaat koronavirusa görə narahatdır.
O, şəhərdəki apteklərdə tibbi maskaların çatışmazlığını müşahidə etdiyini deyib.
Zabir Ağayev iddia edir ki, Astaradan Bakı və digər bölgələrə səfər edən avtobusların sərnişin sayında xeyli azalma var. Onun sözlərinə görə, avtobuslarla gedən sərnişin sayı hazırda "sıfıra bərabərdir".
Astara Rayon İcra Hakimiyyətinin müavini İlqar Malıyev isə əhali arasında "narahatlığın olmadığını" bildirib.
Cənab Malıyev söyləyib ki, Astarada koronavirusa yoluxma halı yoxdur.
O, icra hakimiyyətinin əhali arasında profilaktik tədbirlər gördüyünü, eləcə də İrana səfər etməməklə bağlı təbliğat işləri apardığını söyləyib.
"Bizim üzərimizə düşən vətəndaşlarla kütləvi maarifləndirmə işləri aparmaqdır ki, bacardıqca İrana getməyin, sanitar qaydalara riayət edin, profilaktik tədbirlər görün, maskalardan istifadə edin. Bildiyimiz qədər, camaat artıq getməkdən çəkinir, özü də başa düşür ki, getməməlidir".
"Adamlar dəqiq informasiya istəyirlər"
Masallıda mənzillənən "Cənub xəbərləri" saytının baş redaktoru Zahir Əmənov rayondan İrana birbaşa gediş-gəliş olduğu üçün əhalinin "nigaran olduğunu" deyib.
O, özünün gələn həftə İrana planlaşdırdığı səfərini koronavirus təhlükəsi ucbatından təxirə saldığını söyləyib.
"Masallı xəstəxanasında hər cür preparatlarla təmin olunan palatalar ayrılıb, amma camaatda böyük narahatlıq var. Çünki mətbuatdan da bəlli olduğu kimi, Türkiyə, Gürcüstan, Ermənistan hamısı İranla sərhədi bağlayıb. Camaat nigaranlıq içindədir, daha dəqiq informasiya istəyirlər".
Zabir Ağayev Astarada İrana səfərlərlə "ailə dolandıran" adamların çox olduğunu, bu məhdudiyyətin onlara mənfi təsir edəcəyini söyləyir.
"İnsanların çoxu İrandan gedib ərzaq gətirir, 5-3 manat qazanırlar yaşamaqdan ötrü, ölkəmiz hamıya iş verə bilmir. Ora ilə yaşayanlar, həkimə gedənlər, taksi sürücülüyü edənlər var idi. Ərzaqın qiymətinin çox arta biləcəyini hesab etmirəm, amma Astarada müəyyən qədər fərq edəcək".
Zahir Əmənov deyir ki, İrana müalicəyə, dərman gətirməyə, ticarət və dini yerlərə ziyarət üçün gedənlərin sayı çoxdur.
Onun sözlərinə görə, yerli sakinlərin çoxu İrandan düyü və digər ərzaq məhsulları, yuyucu tozlar, gündəlik tələbat malları və dərman preparatları gətirdiyini deyir.
İranın Qum şəhərini təmsil edən millət vəkili Əhməd Əmirabadi-Farahani fevralın 24-də ölkə parlamentinə deyib ki, şəhərdə Covid-19 infeksiyasına yoluxmuş 50-dən çox adam ölüb.
Ölkənin Səhiyyə nazirinin müavini İrac Harirçi bu iddiaları dərhal təkzib edib və deyib ki, əgər o rəqəmin yarısı qədər adamın öldüyü sübut olunarsa, vəzifəsindən istefa verəcək.
Harirçi İranda virusdan ölənlərin sayının 12 olaraq qaldığını vurğulayıb.
İranın Səhiyyə və Tibbi Təhsil naziri Saeed Namaki bazar ertəsi günü deyib ki, İranda koronavirus səbəbilə ölənlərin sayı 12-yə yüksəlib.
İSNA-nın məlumatına görə, nazir İranda 47 nəfərin virusa yoluxduğunun təsdiqləndiyini bildirib.