İRANDA KORONAVİRUS TƏLAŞI: Qumda ziyarətgah qapadıldı, camaat namazı və dini mərasimlərə yasaq qoyuldu

25-02-2020, 09:03   

Strateq.az, 23.02. 2020

 

İranın Səhiyyə Nazirliyi Koronavirusa yoluxanların – 48, xəstəlikdən ölənlərin sayının isə 12 nəfər olduğu barədə açıqlama yayıb. Lakin elə bu gün virusun baş alıb getdiyi Qum şəhərini təmsil edən millət vəkili Əhməd Əmirabadi Fərahani “ILNA”-ya açıqlamasında “Corona” nəticəsində 50 nəfərin öldüyü barədə məlumat verib.

 

Koronavirusa yoluxmuş parlament

Bəyanat verdikdən az sonra Əmirabadinin halı pisləşib və onun özü parlamentdən təcili xəstəxanaya çatdırılıb. “ISNA”-nın məlumatına görə, xəstəxanada onun Koronavirusa yoluxduğu müəyyən olunub.

Bundan sonra daha 2 millət vəkilində yüksək hərarət müşahidə edildiyindən onlar da xəstəxanaya çatdırılıb.

Məclisdə danışarkən Əmirabadi deyib: “Qum şəhəri “Corona” virusunun yayılması baxımından yaxşı vəziyyətdə deyil və məncə, hökumətin virusa nəzarət etməkdəki səyləri uğursuz olub. Hökumətin Koronavirusla mübarizədəki fəaliyyəti ümumən sıfırdır. Hazırda xəstəxanaların çoxunda lazımi karantin şəraiti yoxdur və xəstələri qorxu içində müalicə edirlər. Vacib müalicə preparatları çatışmazlığı var”.

Əmirabadi Fərahani əlavə edib: “Təəssüf ki, hökumətin kifayət qədər narahat olmadığını və böhrana laqeydliyini müşahidə edirik. Düzdür, belə şəraitdə təmkinli olmalıyıq, ancaq heç bir şey olmamış kimi böhranı izləyə bilmərik”.

 

Dəhşət doğurmuş iddia

Hər gün Qumda virusdan 10 nəfərin öldüyünü deyən millət vəkili dünən gecə artıq Koronavirus infeksiyası səbəbindən təxminən 50 nəfərin dünyasını dəyişdiyini söyləyib. O, səhiyyə nazirini müqəssir sayıb: “Təəssüf ki, Qumda xəstəlik barədə məlumat üç həftə keçdikdən sonra açıqlanıb”.

Millət vəkili Koronavirusdan ölənlərin siyahısını səhiyyə nazirinin müavininə verdiyini bildirib. “İndi onun istefa verməsini gözləməliyik!”

“Bəzi apteklərdə hətta maska belə yoxdur”, – deyən millət vəkili iddia edib: “Qapalı yığıncaqda səhiyyə nazirindən Qumda ümumi karantin elan edilməsini istədim. Hətta xalqla niyə yalan danışmağı barədə onunla mübahisə etdim”.

 

Sübut olunsa, istefa verəcəyəm” 

Bu arada, “Arman-e Melli” qəzeti Qum və Tehran şəhərlərini ümumi karantinə bağlanması barədə qərarın səhiyyə nazirinin masası üstündə olduğunu bildirib.

Səhiyyə nazirinin müavini İrəc Hərirçi belə bir seçənəyin olmadını dilə gətirib. Onun fikrincə, şəhərlərin karantinə alınması epidemiya ilə mübarizədə düzgün yanaşma deyil. “Bu, Birinci Dünya müharibəsindən miras qalmış gərəksiz üsuldur”.

Hərirçi Qumda Koronavirusdan 51 nəfərin (şayiələrdə bu rəqəm vurğulanıb) öldüyü barədə xəbəri təkzib edib: “Qumda ölənlərin sayı bu rəqəmin yarısı və ya dörddə biri qədər olsa, istefa verəcəyəm”.

Onun sözlərinə görə, müsbət test saylı insanların sayı hazırda 59-61 nəfər civarındadır.

“Sepah” epidemiya ilə mübarizəyə qoşulur

Səhiyyə Nazirliyi rəsmilərinin mətbuata açıqlamalarından əvvəl sosial mediada xəstələrinin sayının 468 nəfər olduğu və nazir Səid Nəməkinin istefa verdiyi barədə xəbərlər paylaşılıb. Hər iki iddia rəsmən təkzib olunub.

Hazırda İranın təhsil müəssisələri qapadılıb. Tətilin Novruz bayramına qədər davam edəcəyi gözlənilir.

Bu arada, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanı general-mayor Hüseyn Səlami Səhiyyə Nazirliyinə “Sepah”ın “Corona” virusunun yayılmasının qarşısını almaq üçün hər cür kömək və xidmət göstərməyə hazır olduğunu bildirib.

“İslahatçı” siyasi qanadın ən tanınmış təmsilçisi Mustafa Taczadə “Tvitter” səhifəsindəki qeydi ilə hökuməti tənqid edib: “Niyə Çindən İrana səyahət ölkədə “Corona”nın ortaya çıxmasından dərhal sonra qadağan edilmədi? Niyə Qum şəhəri, dini və ictimai yerlər, tədris məkanları yoluxma halları aşkarlandıqdan sonra dərhal karantinə bağlanılmadı? Epidemiyanın gəliş tarixi, ölənlərin və Koronavirusluların dəqiq sayı barədə rəsmi məlumatlar niyə həkimlərin açıqladığı rəqəmlərdən fərqlidir?”

İran hökumətinin sözçüsü Əli Rəbii “Corona”nın qlobal bir problem olduğunu söyləyərək, problemi siyasiləşdirməkdən çəkinməyə çağırıb. “Koronavirus iqtidar və müxalifət arasında fərq qoymur. Hamımız bu xəstəliyə qarşı mübarizə aparmalı və Səhiyyə Nazirliyinin yanında olmalıyıq. Bütün tərəfləri və medianı xəstəliyi ciddi şəkildə siyasiləşdirməməyə çağırırıq”.

 

Qumda qadağa 

Günün sonunda Qumda vilayət şurası mühüm qərar qəbul edib.

Şəhərdə yerləşən həzrəti Məsumə (s.ə.) ziyarətgahı dini mərasimlər üçün qapadılıb. Ziyarətgahdakı zərih ətrafında sədd çəkilib.

Koronavirusla bağlı şəhərdə camaat və Cümə namazları, dini mərasimlər və mədəni proqramların keçirilməsi də yasaqlanıb.

Şuranın qərarında Səhiyyə Nazirliyinin tövsiyələrinin nəzərə alındığı vurğulanıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.