“İran planı”nda son həlqə: “Tehran o qədər çökdürüləcək ki…”

25-02-2020, 14:36   



Bir sıra ölkələr koronavirus təhlükəsinə qarşı sərt tədbirlər görür.

Artıq Türkiyə, Əfqanıstan, Küveyt, İraq və Pakistan virusun yayıldığı İranla sərhədləri bağlayıb. Rəsmi Ankara və İraq, İranla təyyarə uçuşlarını da dayandırıb. Sərhədlərini İranla bağlayan ölkələr sırasında Ermənistan da yer alır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib. O bildirib ki, Ermənistanın İranla sərhədi iki həftə bağlı olacaq. Azərbaycanın İranla sərhəd-keçid məntəqələrində isə məhdudiyyət tətbiq olunur. Mənbəyi Çində olan koronavirus artıq İranda 12 nəfəri öldürüb. Ölkə ərazisində virusa yoluxanların sayının 47 nəfər olduğu bildirilir.

“Cümhuriyət”ə açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bu gedişatla İranın birmənalı şəkildə blokadaya düşəcəyini deyib:

“Bu ABŞ-ın marağıdır. Amerika və Avropa dövlətləri öz təsir mexanizmlərindən istifadə edərək İranla əlaqələri olan ölkələrə təzyiq edəcəklər ki, onlar sərhədlərini bağlasınlar. Amma belə təsirlər, adətən, effekli olmur. Yəni sərhəd-keçid məntəqələrində rəsmən məhdudiyyətlər yaradılsa da, qaçaqmalçılıq, qeydiyyatsız və başqa şəkillərdə qadağan olunmuş ölkədən gətirilən məhsullar qadağaların nəticəsini kompensasiya edir. Çünki həmin rəsmi qadağalar İranla əlaqəsi olan ölkələrə iqtisadi cəhətdən sərf etmir. Amma indi vəziyyət başqadır. Azərbaycan hökuməti hazırda İranla münasibətləri korlamaq istəmir. Amma koronavirus İrandan keçərək bizdə aşkarlansa, bunun nəticəsi nə olacaq? Bu bir bataqlığa bənzəyir ki, orada bir-birini qurtarmağa çalışanlar hamısı batır. Dövlətlər də bunu dərk edir. Yəni mexanizm elə qurulub ki, İranla əlaqələri olan dövlətlər yaranmış vəziyyətdən ehtiyat edərək onunla əlaqələri kəsmək istəyir. İranda məlum olduğu kimi bu virusdan ölən və yoluxanların sayı hər gün sürətlə artmaqdadır. Bu say artdıqca dövlətlər daha çox ehtiyat edəcək və təhlükəsizlik tədbirlərini gücləndirəcək. Bu da nəticədə İranın blokadaya düşməsinə səbəb olacaq. Doğrudur, İran 1979-cu ildən qadağalar altında yaşadığı üçün özü-özünü tənzimləməyi öyrənib. Amma qonşu dövlətlər hamısı sərhədlərini bağlasa, bu İran iqtisadiyyatının çökməsinə və daxildə etirazların alovlanmasına yol açacaq. Çünki İran son illərdə iqtisadi sahədə qonşu dövlətlərlə sıx əməkdaşlıq edir. Amma hazırkı proseslər İranın tam blokadaya alınmasına doğru gedir. Bu aydın şəkildə görünür. Bu məsələ siyasi də olsa, görünən odur ki, virus İranda yayılır. Bu isə İranın yaxın zamanda tam blokadaya alınmasına səbəb olacaq”.

Ekspert hazırkı vəziyyətdən çıxış edərək virusun Avropada və İranda yayılma sürətini müqayisə edib:

“Bir şeyi xüsusi vurğulayım ki, Çindən gələn virus siqnalı ilk olaraq İranda duyuldu. Bu virus digər ölkələrdə, məsələn, Fransada da aşkarlandı. Amma həmin virusun genişlənməsi haqqında məlumat yayılmadı. Amma İranda bu virus peyda olan kimi yayılmağa başladı və son məlumatda 12 nəfərin ölümünə səbəb oldu. Bu da onu göstərir ki, İran məsələsində beynəlxalq gücün marağı var. İndiyə qədər gedən proseslər də bunu göstərir. Amerikanın dünyada ən çox iqtisadi sanksiyalar tətbiq etidiyi iki ölkə var ki, onlardan biri İran, digəri isə Çindir. İndi də sözügedən məsələdə Avropa dövlətləri maraqlı olduğu üçün İran tam şəkildə iqtisadi blokadaya alınacaq və boğulacaq. İranın iqtisadi cəhətdən nə qədər çökəcəyi isə Amerikanın istəyindən asılı olacaq. Yəni, ABŞ nə qədər istəsə, o qədər İranı çökdürəcək. Bu məsələdə də düşünmürəm ki, ABŞ İranı tam çökdürmək istəyə. İran o zamana qədər çökdürüləcək ki, Amerika ilə danışıqlar masasına əyləşəcək və onun istədiyi şərtləri qəbul edəcək. Çünki İranın tam çöküşü hazırda Amerikanın maraqlarına uyğun gəlmir. Danışıqlar masasına oturulduqdan sonra İranda koronavirus məsələsi də aradan qalxacaq. Doğrudur, İran müəyyən məsələlərdə düzgün addımlar atmır. Amma İrana qarşı hazırkı siyasət ədalətli deyil. Bu virus məsələsini genişləndir müəyyən dövlətlər insan amilinə oyunun gedişatında qurban verilən fiqur kimi baxırlar. Onları düşündürən yeganə şey iqtisadi maraqlarıdır”.

Akif Nəsirli Ermənistanın İranla sərhədlərini bağlayacağı təqdirdə iqtisadi cəhətdən çökəcəyini deyib. Onun fikrincə Ermənistanın İranla əlaqələri kəsilərsə, Gürcüstanın güclü təzyiqinə məruz qalacaq:

“İranın bloklanması Qafqazda iqtisadi problemlərin yaranmasına elə də ciddi təsir göstərməyəcək. Çünki Qafqazın Avropaya çıxış imkanları var. Amma sərhədlərin bağlanması Ermənistan iqtisadiyyatına çox ciddi təsir göstərəcək. Ermənistan hökuməti indiki şəraitdə “pat” vəziyyətindədir. Əgər İranla münasibətləri davam etdirib sərhədləri bağlamazsa, virus onun da ərazisinə keçəcək. Digər tərəfdən də əlaqəsini kəsə bilmir. Çünki Ermənistanın yeganə nəfəsliyi İrandır. Ermənistanın Gürcüstanla olan problemləri onu İranla sıx əlaqə saxlamağa məcbur edirdi. İndiyə kimi Gürcüstan Ermənistana təzyiq göstərmirdi. Amma Ermənistan İranla sərhədləri bağlasa, Gürcüstan vəziyyətdən istifadə edəcək və onunla öz maraqları çərçivəsində əməkdaşlıq edəcək”.

Əli Bədir
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.