Çinin ardınca İranda tüğyan edən ölümcül koronavirus epidemiyasının yaratdığı təşviş Azərbaycanda da elementar tibbi vasitələrin qıtlaşmasına, hətta yoxa çıxmasına səbəb olub. Virtualaz.org xəbər verir ki, artıq dünəndən etibarən Bakının əksər apteklərində dezinfeksiyaedici və qoruyucu vasitələr; tibbi spirt, maskalar, qrip əleyhinə dərmanlar yoxa çıxıb. Bəzi məktəblərdə uşaqlara maskasız dərsə gəlməməklə bağlı xəbərdarlıq olunub. Lakin kütləvi şəkildə apteklərə axışan əhali nadir hallarda maska və spirt tapa bilir ki, onun da qiyməti bir neçə dəfə baha və adambaşı iki ədəddən çox olmamaq şərtilə limitlə satılır.
Hətta ötən gün paytaxtda maskanın bir ədədinin qiymətinin 1-1,5 manata qədər yüksəldiyi bildirilir. Sabunçu rayonu Yeni Ramanı qəsəbəsində yaşayan sakinlərin sözlərinə görə, qəsəbədəki əksər apteklərdə nə spirt, nə də maska tapılır.
“1 manatlıq spirt 3 manata satılır...”
Bakının Yasamal rayonunda, “5 mərtəbə” adlanan ərazidə də apteklərdə maska və spirt tapılmır. “Səhərdən Nizami metrosunun yaxınlığındakı neçə apteki gəzdim, hətta məşhur “Çeburaşka” aptekdə də maska tapılmadı. C. Cabbarlı stansiyasının M. Qaşqay küçəsinə olan çıxışı ilə üzbəüz apteklərdə 10 qəpiklik maskanı 1 manata almışam. Fürsətdən istifadə edib nəinki spirt və maskanın, hətta sarımsağın da qiymətini qaldırıblar”,-sosial şəbəkə istifadəçilərindən biri yazır.
Nərimanov rayonundakı apteklərdə 10 qəpiklik maskanın qiymətini qaldıraraq 90 qəpik ediblər. Üstəlik bu gün maskalar ümumiyyətlə yoxa çıxıb, əczaçılar deyiblər ki, əllərində olan maskaları dünəndən satıb qurtarıblar. Yenilərini isə almayıblar, çünki depoda yoxdur. Əməkdaşlarımız Bakının müxtəlif yerlərində çoxsaylı apteklərə baş çəkiblər, maska və spirt soruşublar. Və hər dəfə mənfi cavab alıblar.
“Depodan gəlmir, limitlə satırıq”
Əməkdaşlarımız şahidi olublar son günlər Bakı apteklərində ancaq bu iki sualı eşitmək olar: “Maska var?”, “Spirt var?”. Və bu sualı verənlər “yox” cavabı alırlar.
“Hazırda ölkəyə xaricdən maska gətirilmir. Depodan da deyirlər ki, bütün maskalar apteklərə paylanıb. Elə apteklər də var ki, saxlayıb vəziyyət kəskinləşəndə daha baha satacaqlarlar. Biz isə qiyməti qaldırmamışıq, amma bir nəfərə iki ədəddən artıq satmırıq ki, hamı ala bilsin”, - Nizami küçəsində yerləşən apteklərdən birinin satıcısı deyib.