ADR sədri, ıqtisadçı alim Qubad IbadoğluManata təzyiqlərin artımını aşağıdakı trendlərlə müəyyənləşdirmək mümkündür.
- Ötən il xarici ticarət dövriyyəsinin müsbət saldosu və tədiyə balansının cari hesabının profisiti əvvəlki illə müqayisədə azalıb. Belə ki, 2019-cu idə 2018-ci illə müqayisədə xarici ticarət balansının müsbət saldosu 3 mlrd. Dollar azalıb. Cari ildə də həmin tendensiya davam edir. İxrac gəlirləri azalır, idxal xərcləri artır.
- Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 7285 mln. dollar proqnozlaşdırılıb ki, bu da 2018-ci ilin müvafiq icra göstəricisindən 29,7 faiz, 2019-cu gözlənilən icra göstəricisindən 30,9 faiz azdır.
- 2020-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının 186,7 milyon barel olması proqnozlaşdırılır ki, bu da 2019-cu ilin göstəricisinə nisbətən 10,4 milyon barel və ya 5,3 faiz az olacaq. Koronavirusun təsirlərindən dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşmasını da nəzərə alsaq valyuta gəlirləri azalır.
- Mərkəzi Bank rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması qaydalarında etdiyi son dəyişikliyə görə, sahibkarlar idxal müqavilələri üzrə avans ödənişləri müqabilində 730 gün müddətində (əvvəlki müddət 270 gün idi) malların ölkəyə gətirilməsini və ya qabaqcadan ödənilmiş vəsaitin xaricdən geri qaytarılmasını təmin etməlidirlər. Nəzərə alsaq ki, kapitalın ölkədən qaçışının əsas formalarından biri də ticarət kreditlər və avanslarıdır. Bu kapitalın ölkədən qaçmasını sürətləndirəcək.
- Ölkəyə xarici sərmayələr azalır. 2017-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar $5,7 mlrd, 2018-ci ildə $4,1 mlrd təşkil edib. 2019-cu ilin 9 aylıq yekunlarına görə birbaşa xarici investisiyalar 2,76 mlrd. Dollar olub.
Bütün bunlar Azərbaycan manatını ciddi şəkildə təsirləndirəcək. Əgər dünya bazarında neftin qiymətinin ucuzlaşması davamlı xarakter alarsa və uzun müddət çəkərsə, eyni zamanda Koronavirusun yayılması səbəbindən Azərbaycanla Rusiya, İran və Türkiyə arasında ticarət münasibələri pisləşərsə, o halda manatın devalvasiyası qaçılmaz olacaq. Bununla yanaşı Azərbaycanın başlıca ticarət tərəfdaşlarının milli valyutasının dəyərsizləşməsi manata təzyiqi daha da artıracaq.