Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkisinə yekun vurub.
Artıq seçkinin nəticələri Konstitutsiya Məhkəməsinə göndərilib və yekun rəy verildikdən sonra Milli Məclis öz işinə başlayacaq. Milli Məclisin 2 mart tarixində ilk iclasını keçirəcəyi gözlənilir.
Seçki prosesində 125 dairə üzrə səsvermə keçirilib və nəticədə lider namizədlər bəlli olub. Sonrakı prosesdə MSK seçki ilə bağlı şikayətlərə baxıb və nəticədə 4 dairənin nəticələri ləğv olunub.
Belə ki, 33 saylı Xətai Birinci (Hüseynbala Mirələmov), 35 saylı Xətai Üçüncü (Rauf Abbasov), 74 saylı Lənkəran Kənd (Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin (Çingiz Qənizadə) nəticələri etibarsız hesab olunub.
Nəticələri ləğv olunan dairələrə təkrar seçkilər nə zaman keçiriləcək? Bu məsələ qanunvericiliklə necə tənzimlənir?
Cebhe.info xəbər verir ki, MSK-nın 4 dairənin nəticələrinin etibarsız hesab olunması barədə qərarını əvvəlcə Kontitusiya Məhkəməsi təsdiqləməlidir. Yəni Kontitusiya Məhkəməsi MSK-nın qərarını ləğv edə, sözügedən 4 dairənin nəticələrini təsdiq də edə bilər. Yalnız Kontitusiya Məhkəməsinin yekun rəyindən sonra qərar qüvvəyə minəcək.
Əgər Kontitusiya Məhkəməsi də MSK-nın bu qərarını təsdiqləyərsə, o zaman həmin 4 dairə üzrə növbədənkənar seçkilər təyin olunmalıdır. Bunun üçün isə ölkə Prezidenti təkrar seçkilərin keçirilməsi barədə sərəncam imzalamalıdır.
Seçki Məcəlləsində təkrar seçkilərin keçirilməsi ilə bağlı müddət yoxdur. Prezidentin müvafiq sərəncamından sonra MSK Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.
Qeyd edək ki, 2015-ci il V çağırış parlament seçkilərində də belə bir təcrübə yaşanmışdı. 1 noyabr 2015-ci ildə keçirilmiş V çağırış parlament seçkilərində 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv olunmuşdu. Həmin dairə üzrə təkrar seçkilər 2016-cı ilin 18 iyununa təyin olunmuşdu. Yəni təkrar seçki 8 ay sonra baş tutmuşdu.
Vilayət Muxtar
Cebhe.info