Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələri hərbçilərinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub, çox sayda yaralı var.
Şəhid hərbçilərin sayı yaralılardan bir neçəsinin vəfat etməsi nəticəsində artıb. 36 hərbçinin yaralı olduğu bildirilir. Hücumu Əsəd rejiminin nəzarətindəki ordu törədib. Məlum olduğu kimi, martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin Ankarada görüşü gözlənilirdi. Lakin Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi mətbuat açıqlamasında Rusiyanın İdliblə bağlı danışıqlara getmək istəmədiyini deyib. O, Prezident Vladimir Putinin 5 martda İstanbula gedib-getməyəcəyinə aydınlıq gətirib.
“Hazırda Putinin planlarında 5 mart görüşü yer almır. Prezidentin 5 mart üçün fərqli planları var”, - deyə Peskov bildirib. Rəsmi Moskvanın bu cür addımı onsuz da gərgin olan Türkiyə-Rusiya münasibətlərini daha da çıxılmaz duruma salır. Çünki diplomatiyanın susub silahların danışması İdlibdə tərəflər arasında müharibə riskini daha da artırır. Türkiyə bütün hallarda problemi diplomatik danışıqlar yolu ilə həll etməyə üstünlük verir. Məhz buna görə də Türkiyə Əsəd rejiminə öz qüvvələrini İdlibdən çəkmək üçün fevralın sonuna qədər vaxt verib. Bölgədə gedən proseslər İdlibdə Türkiyənin əlinin möhkəmləndiyini göstərir.
Buna baxmayaraq, Türkiyə yenə də Əsəd rejimini dəstəkləyən Rusiya ilə danışıqlara getməyə üstünlük verir. Çünki tərəflər arasında müharibənin başlanması yalnız siyasi müstəvidə deyil, iqtisadi sahədə də Rusiya-Türkiyə münasibətlərini riskə ata bilər.
Cebhe.info-ya açıqlamasında politoloq Elşən Manafov bildirib ki, Rusiya gərginliyin aradan qaldırılması istiqamətində bütün diplomatik danışıqlardan qaçır:
“Kremlin sözçüsü Dmitri Peskovun açıqlaması bir daha sübut etdi ki, Putin bölgədə gərginliyin azaldılması istiqamətində hər yolla diplomatik danışıqlardan yayınır. Bu isə mövcud gərginliyi aradan qaldırmaq üçün diplomatik vasitələrin itirilməsi kontekstində qiymətləndirilə bilər. Özü də o kontekstdə ki, Birləşmiş Ştatlar və NATO İdlib məsələsində Türkiyəyə dəstək olacaqlarını bəyan ediblər. İngiltərə bəyan edib ki, bölgədə Rusiyanın möhkəmlənməsindən narahatdır. İran isə bildirib ki, ABŞ-ın Suriyada möhkəmlənməsinə və Əsəd rejiminin yıxılmasına heç cür razı olmayacaq. Belə durumda tərəflər arasında gərginliyin yüksələn xətlə artacağı istisna edilmir. Amma diplomatiya əlində olan bütün vasitələrdən istifadə edərək gərginliyin artması istiqamətində tərəfləri atacaqları növbəti addımdan çəkindirməli idi. Əgər diplomatiya susub, toplar danışırsa, bu, yalnız bölgənin deyil, dünyanın təhlükə qarşısında qalması deməkdir. Ona görə də Rusiya danışıqlara getməsə, tərəflər arasında hərbi əməliyyatlar daha fərqli bir fazaya keçə bilər”.
Politoloq deyib ki, əgər münasibətlər belə davam edərsə, Rusiya ilə Türkiyənin Liviyada da qaşılaşacağı ehtimalı çoxdur:
“Açıq deyək ki, mübarizə M4 və M5 magistrallarına nəzarət uğrunda gedir. Rusiya üçün İdlibin ciddi əhəmiyyəti yox idi. Amma razılığın əldə olunmaması göstərir ki, Rusiya-Türkiyə arasında bu məsələdə anlaşılmazlıq var. Buna görə də, perspektivdə tərəflərin Liviyada da qarşılaşacağı ehtimalı böyükdür. Düşünürəm ki, Rusiya yarana biləcək problemlərin mahiyyətini dərk edir. Bu məsələdə məhz Rusiya tərəfi güzəştə getməlidir. Çünki Türkiyə Suriya ilə 1988-ci ildə imzalanmış “Adana” sazişinin şərtlərini pozmur. Sazişə görə, əgər Suriya ərazisindən Türkiyə sərhədlərinə hər hansı bir hücum olunarsa, rəsmi Ankaranın sözügedən əraziyə qoşun yeritmək hüququ var. Güman edirəm ki, əgər Rusiya güzəştə getsə, həm gərginlik azalmış olar, həm də tərəflər arasında mavi axın layihəsi və digər iqtisadi münasibətlər təhlükə altında qalmaz”.
Ekspert onu da vurğulayıb ki, tərəflərin qarşılıqlı güzəştə getməməsi ciddi risklər yaradır:
“Bütün hallarda qarşılıqlı razılığın baş tutmasına ümid var. Çünki tərəflərin qarşılıqlı güzəştə getməməsi, dünyanı böyük bir müharibə təhlükəsi qarşısında qoya bilər. Nəzərə alaq ki, ABŞ-ın, NATO-nun hərbi arsenalında nüvə silahı və Rusiyanın da qarşı tərəfə cavab verəcək eyniadlı silahı var. Bu isə dünyanı çox ciddi təhlükə və təhdid qarşısında qoyur”.
Əli Bədir
Cebhe.info