MOSKVA "ETİBARINI" VƏ "SÖZÜNÜN ÇƏKİSİNİ" YENƏ GÖSTƏRDİ - Türkiyənin tək seçimi qaldı...

28-02-2020, 16:39   


Türkiyə ordusunun istefada olan generalı Əhməd Yavuz İdlibdə 33 türk əsgərinin şəhid edilməsilə nəticələnən xain hücumu şərh edərkən, maraqlı fikir səsləndirib. General deyib ki, bir zamanlar 1945-ci ildə, yəni İkinci Dünya Müharibəsindən dərhal sonra Türkiyə rəhbərliyinin nədən Qərbə yönləndiyi və NATO üzvü olduğu barədə çox düşünüb.

Hətta bəzən o zamankı ölkə rəhbərliyini hardasa buna görə qınayıb da. Lakin son zamanlar baş verənlər onun üçün vəziyyəti tam aydınladıb və göstərib ki, o zaman ölkəni idarə edənlər Rusiyanı yaxşı tanıyırlarmış, indiki rəhbərlikdən də yaxşı. Və əmin olub ki, həmin vaxt Türkiyə doğru qərar verib...

Suriya müxalifətinin Serakib şəhərini geri alması təbii ki, Əsəd hökumətinə, deməli həm də Rusiyaya daha öncə Soçi anlaşmasını pozduğuna və bir neçə türk əsgərinin şəhid edilməsinə görə cavab silləsi idi.



Ancaq Rusiya bunun cavabını müxaliflərə deyil, birbaşa Türk ordusuna zərbə vuraraq verdi. Hansı ki, elə də uzaq olmayan keçmişdə imzalanan Soçi razılaşması belə bir perspektivi istisna edirdi.

Həmin razılaşma Türkiyənin üzərinə İdlibi terrorçu sayılan dəstələrdən təmizləmək görəvini qoymuşdu. Rusiya tərəfi isə Əsədə görə cavabdehlik daşıyırdı və onun ordusunun hücum etməyəcəyinə təminat verirdi.

Ancaq bu razılaşmanı əvvəldən pozan Əsəd ordusu oldu. Ard-arda şəhərləri, kəndləri, öz ölkəsinin dinc vətəndaşlarını rus təyyarələrilə bombalayan Əsədin hücumları dayanmaq bilmədi və Suriyadan köç axını Türkiyənin hüzurunu pozmaqda, iqtisadiyyatına ağır zərbələr vurmaqda davam etdi.



General Ə.Yavuz Rusiyanın humanizmdən, ədalətdən uzaq və hədd-hüdud bilmədən güc tətbiq etməyə meylli bir dövlət olduğunu vurğulayaraq, onun elə öz ölkəsində - Çeçenistanda, Qroznıda törətdiyi qırğınları, Ukraynada baş verənləri xatırladıb. Doğrudan da, dünya xəritəsinə nəzər yetirdikdə açıq görünür ki, Moskvanın dəstəklədiyi rejimlərin də böyük əksəriyyəti öz millətinin qanını içən, istər siyasi, istərsə də texnoloji inkişaf sarıdan geri qalmış, oğru, korrupsioner, avtoritar və təcavüzkar hakimiyyətlərdir – necə deyərlər, tay tayını tapar.

Belədə sual yaranır ki, bəs Türkiyənin Rusiyanın yanında nə işi vardı? 

Məsələ ondadır ki, istəsə də, istəməsə də Türkiyə Rusiya ilə qonşudur. Rusiya Krımı ilhaq etdikdən sonra artıq Türkiyə Qara Dənizdə onunla tək, baş-başa qalıb. Bundan başqa, Türkiyənin Rusiya bazarına, təbii ehtiyatlarına və s. ehtiyacı var

Yəni, Türkiyə ilə Rusiya təkcə Suriyada deyil, Qara Dənizdən Aralıq Dənizinə, Liviyaya qədər böyük coğrafiyada baş-başa gəlməyə və anlaşmağa məcbur qalıb. Və bu işdə faktiki olaraq tək buraxılıb, yalnız öz gücünə güvənmək məcburiyyətində qalıb.



Suriyanı bu vəziyyətə qoyan güclərin böyük qismi ölkəni barıt çəlləyinə çevirəndən sonra istədiklərini alaraq, geri çəkilib, hərəsi öz işindədir. Türkiyə isə ortalıqda tək qalıb və Suriyanın şimalından durmadan axışan köç dalğası nəticəsində onsuz da ağır günlər yaşayan iqtisadiyyatına növbəti zərbələr alır.

NATO üzvü ola-ola müasir hava hücumundan müdafiə sistemləri və hərbi təyyarələr ala bilmir. Bu da azmış kimi, ABŞ başda olmaqla, Qərb tərəfindən sanksiyalarla təhdid edilir, iqtisadiyyatının çökdürülməsinə xidmət edən addımlarla üz-üzə qoyulur.

Bütün bu və digər ağır şərtlər altında Türkiyənin Rusiya ilə əməkdaşlıq etməkdən başqa hansı çıxış yolu qalırdı ki? 

Yəni ki, Rusiya ilə yaxınlaşma Türkiyə rəhbərliyinin heç də sevə-sevə seçdiyi bir yol deyildi. Əlbəttə ki, bu, sevgidən, rəğbətdən deyil, əlacsızlıqdan doğan bir münasibət idi. Belə münasibətlər isə çox zaman məhz bu cür ağır fəsadlar törədir...

Əlbəttə ki, Türkiyə Azərbaycanla müqayisə edilməyəcək imkanlara, əraziyə, əhali sayına, iqtisadi və hərbi gücə malik bir ölkədir. Ancaq bizim Rusiya ilə dostluq, əməkdaşlıq və sair baxımdan təcrübəmiz daha böyük və dərinə işləmiş boyutlardadır. Biz 1918-1920-ci illərdəki qırğınlardan tutmuş 20 yanvar hadisələri, Xocalı qətliamı və Qarabağın işğalına qədər bir çox mərhələlərdə bu “dostluğun” və “qardaşlığın” nəticələrini görmüş, öz üzərimizdə hiss etmişik. Özü də təkcə biz yox, elə əsrlər boyu az qala qan qardaşı olduğu Ukraynaya qarşı törətdikləri də Rusiyanın bir dövlət kimi etibarının və sözünün “çəkisini” göstərir.

Məsələ ondadır ki, bu qarşıdurmada qalib tərəf yenə də Qərbdir. Türkiyə yenə ona möhtac qalır. Lakin Türkiyə hökuməti də bütün bu oyunları təbii ki, yaxşı anlayır. Artıq hökumət Suriyadan gələn qaçqınların Avropaya keçidinin qarşısını almayacağını bəyan edib. Bu isə milyonlarla qaçqının Avropaya üz tutacağı deməkdir.



Türkiyədə bəziləri bunun doğru qərar olmadığını və Qərbdən dəstək istənilən bir vaxtda Avropanı narazı salacaq addım kimi dəyərləndirirlər. Lakin bu qərarı verənləri də anlamaq asandır - qoy qaynatdığı qazanda bişən acı zəhərin dadını Qərb də dadsın!

Bəs indi nə baş verəcək, Türkiyənin addımları nə olacaq? Əvvəldə adını çəkdiyimiz general Ə.Yavuzun da dediyi kimi, Türkiyənin artıq İdlibdə geriyə addım atmaq yolu bağlanıb. Rusiyanın bütün təhdidlərinə baxmayaraq, Türkiyə ordusu artıq hərbi hava qüvvələrini də əməliyyatlara cəlb etmək məcburiyyətindədir. Artıq R.T.Ərdoğanın da dediyi kimi, bunun adını savaş qoymaq olar...

Cəlal Məmmədov

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.