Koronavirus artıq İranın siyasi elitasını vurmağa başlayıb.
Hakimiyyət orqanlarında təmsil olunan şəxslər arasında öldürücü virusun sürətlə yayılması müşahidə olunur. İran Milli Məclisinin deputatı Məhəmmədəli Vəkili dörd nəfər deputatın koronavirusa yoluxduğunu deyib. O, bu barədə məlumatı öz “Twitter” səhifəsində yazsa da, həmin deputatların adlarını açıqlamayıb.
Xatırladaq ki, deputat Əbülfəz Həsənbeygi bir neçə millət vəkilinin koronavirusa yoluxduğunu, onların arasında Qumdan olan deputat Əhməd Əmirabadi Fərəhaninin vəziyyətinin çox ağır olduğunu demişdi. Bundan başqa, İran parlamentinin Təhlükəsizlik və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müctəba Zünnurda da ölümcül “COV2019” aşkar edilib. Bundan başqa, İranın vitse-prezidenti Məsumə Ebtekar, səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub. İranın Vatikandakı sabiq səfiri Hadi Xosrovşahi isə artıq adıçəkilən xəstəlikdən vəfat edib. Artıq İran dünyada koronavirusun yayılma səviyyəsinə görə, Çindən sonra ikinci yeri tutur. Hətta İslam Respublikasının koronavirus ixrac edən ölkəyə çevrilməsi xarici dövlətləri İranla ticarət və turizm əlaqələrini dayandırmağa, sərhədləri bağlamağa vadar edib. Bu isə sanksiyalara altında olan İran iqtisadiyyatının çöküşünü sürətləndirə bilər. Ölkəni idarə edilməsinə məsul olan şəxslərin özlərinin həyatı təhlükə altına düşdüyündən yaranmış fövqəladə vəziyyət nəzarətdən çıxmaq üzrədir. Analitiklərin fikrincə, proseslərin belə davam etməsi yaxın perspektivdə İran rejiminə qarşı kütləvi etirazların baş qaldırmasına səbəb olacaq. Yəni koronavirus ölkədə siyasi böhranla nəticələnə bilər.
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın sözlərinə görə, İranda koronavirusun yayılması ilə əlaqədar yaranmış vəziyyət hələ siyasi böhran həddinə çatmayıb. Ancaq bu ölkədə, həm iqtisadiyyatın resessiyasına, həm də hakimiyyət etibarın ardan qalxmasına gətirib çıxaracaq. Hətta koronavirus İranın siyasi-ideoloji dayaqlarını sarsıdacaq:
“Artıq İranın 23 əyalətində, o cümlədən Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Həmədan şəhərlərində cümə namazlarının keçirilməsi müvəqqəti olaraq dayandırılıb. Səhiyyə Nazirlyinin məlumatına görə, İranda koronavirusdan 34 nəfər dünyasını dəyişib, 388 nəfər isə bu xəstəliyə yoluxub. Hətta İranın vitse-prezidentinin, səhiyyə nazirinin müavininin, deputatların da virusa yoluxması barədə məlumatlar yayılır. Bu faktlar İran hakimiyyətinin vəziyyətini göstərir. Çin iqtisadi və elmi potensialına görə təbii ki, İrandan güclüdür. Amma Çin koronavirusun qarşısını almaqda acizdir. İran da vəziyyətdən çıxış yolu tapa bilmir. Koronavirus Çin iqtisadiyyatına 200 milyard dollara yaxın ziyan vurub. Perspektivdə oxşar ziyanın İrana da dəyəcəyi gözlənilir. Ziyanın həcmi fərqli ola bilər. Lakin Rusiya sərhədlərini özünün yaxın tərəfdaşı olan İran vətəndaşları üçün bağlayıb. Türkiyə, İraq, Küveyt də İranla sərhədləri bağlayıb. İranın əsas gəlir mənbələrindən biri ziyarət turizmidir. Məşhəd şəhərinə ziyarət müvəqqəti olaraq dayandırılıb. İran vasitəsilə İraqın Kərbəla və Nəcəf şəhərlərinə ziyarət səfərləri də təxirə salınıb. Azərbaycanla İran arasında ticarət əlaqələrinin son bir ayda 3,4 dəfə aşağı düşməsi haqqında məlumatlar yayılıb. Bu proses getdikcə genişlənəcək. İranla sərhədləri geniş olmasa da Ermənistan da gediş-gəlişi və yük daşımalarını iki həftəliyə dayandırmaq barədə qərar çıxarıb.
Yəni bütün qonşular İranla sərhədləri bağlayıb və ticarət əlaqələrini məhdudlaşdırıb. Bir tərəfdən İranın qeyri-neft sektoru ilə ticarət əlaqəsinin aşağı düşməsi, digər tərəfdən neft sektoruna ABŞ-ın tətbiq etdiyi sanksiyalar ölkənin iqtisadiyyatını bərbad vəziyyətə salır. Eyni zamanda, koronavirusla bağlı qeyri-rəsmi sanksiyalar İran iqtisadiyyatındakı böhranı dərinləşdirir. Bu isə perspektivdə İranda siyasi, iqtisadi, maliyyə, ictimai böhranını yarada bilər. Bütün bunlar yekunda hakimiyyət böhranı ilə nəticələnə bilər. Yəni post-koronavirus dövründən sonra İranda ciddi fəsadların olacağı istisna edilmir. Cəmiyyətdə hakimiyyətə qarşı etimadsızlıq artacaq. Əgər ölkənin vitse-prezidenti belə, koronavirusa yoluxursa, bu rejimin imicinə ciddi zərbə vuracaq. Yəni bir hökumətin ikinci şəxsi virusa yoluxursa, sadə vətəndaşı necə qoruyacaq? Suriyada, İraqda, Fələstində, Yəməndə hərbi əməliyyatlara, dünyanın müxtəlif ölkələrində İslam İnqilabının doktrinasının yayılmasına külli miqdarda pul xərcləyən, heç kimə məhəl qoymadan nüvə proqramını gücləndirən rejim öz hökumətinin müavinini virusdan qoruya bilmirsə, ona heç kim inanmaz. Bu isə o deməkdir ki, İran hakimiyyətin acizliyi səbəbindən müdafiə oluna bilmir. Ona görə də prezident Həsən Ruhaninin, parlamentin sədri Əli Laricaninin və ali lider Ayətullah Seyid Əli Xamneyinin də yoluxmayacağına təminat yoxdur. Çünki ölkənin səhiyyə sistemində müxtəlif yoluxucu xəstəliklərdən qorunmaq üçün proqramlar mövcud deyil. Deməli, İranın səhiyyə sistemi, gigiyena-epidemiologiya sahəsi bərbad vəziyyətdədir. İran qonşu ölkələr üçün infeksiya mənbəyinə çevrilə bilər. İran koronavirusun əsas mənbələrindən biridir və bunun məsuliyyəti hakimiyyətin üzərinə düşür”.
Sədrəddin Soltan hesab edir ki, koronavirus təhlükəsi İranın siyasi-ideoloji dayaqlarını zəiflədəcək:
“Qum şəhəri İranın dini-siyasi-ideloji mərkəzidir. Qum həm də Məkkə və Nəcəf şəhərləri ilə rəqabət aparmaq iddiasında olan bir yerdir. Koronavirus da Qumdan yayılmağa başlayıb. Bu isə İranın siyasi-ideoloji mərkəzinin mənəvi cəhətdən aşınması deməkdir. Yəni İranın dini-siyasi-ideoloji mərkəzi olan Qum şəhərinin özü belə xəstəliklərdən mühafizə edilməyib. Perspektivdə, Məşhədə Azərbaycan, İraq, Əfqanıstan, Pakistan və digər ölkələrdə yaşayan şiə müsəlmanların ziyarəti həyata keçirilməyəcək. Deməli, İran hakimiyyətinin təbliğatında problem yaranacaq. İran rejimi dini-siyasi təbliğatında fasilə veriləcək. İran nümayəndələrinin müxtəlif ölkələrə səfərləri əngəllənəcək. Yəni, İranın müxtəlif proqramlarının həyata keçirilməsi ləngiyəcək. İran dünya üçün yoluxucu xəstəlik mənbəyinə çevriləcək. Əgər ABŞ indiyə qədər İranı terroru yayan dövlət adlandırırdısa, bundan sonra virus mənbəyi deyəcək. İran beynəlxalq ictimaiyyətin nəzərində çox pis vəziyyətə düşəcək”.
Müşfiq Abdulla
Cebhe.info