Azərbaycanda koronavirusa görə məktəblər bağlanacaqmı… İCTİMAİYYƏT ÇAĞIRIŞ EDİR, HÖKUMƏT HƏLƏ EHTİYAC GÖRMÜR

2-03-2020, 15:11   


Ötən ilin dekabrında Çində peyda olan və Azərbaycan da daxil olmaqla dünyanın 50-dan çox ölkəsinə yayılan ölümcül koronavirus (COVID-19) səbəbindən bir neçə ölkədə məktəblərdə tətil elan edilib. Qonşu Gürcüstanda 3 nəfərdə virus aşkarlanıb, buna görə də Baş nazir Giorgi Qaxariyanın qərarı ilə məktəb tətilinin vaxtı dəyişdirilib. İranda 1 həftə əvvəl məktəblər bağlanıb, kütləvi tədbirlər dayandırılıb.

Ermənistanda (cəmi 1 yoluxma halı) və Rusiyanın virusun qeydə alındığı şəhərlərindəki məktəblərdə də tətil başlayıb. Yaponiya isə mart ayının sonunadək məktəbləri 13 milyon şagirdin üzünə bağlayıb. Amerikada koronavirus 1 nəfərin ölümünə səbəb olub, virusun qeydə alındığı şəhərlərdə məktəblilər tətilə gedib. Almaniya, İtaliyada kütləvi yoluxmanın qarşısını almaq üçün məktəblərdə tətillə bağlı müzakirələr aparılır. 


Virtualaz.org xəbər verir ki, fevralın 28-də ölkəmizdə koronavirusa yoluxma rəsmən qeydə alınıb və  indiyədək 3 nəfərdə virus təsdiqlənib. Hazırda koronavirus şübhəsi ilə karantində saxlanılanların sayı 200-ü keçir. Buna görə də məktəblərdə tətil vaxtının dəyişdirilməsi təklifləri səsləndirilir. Hətta sosial şəbəkələrdə petisiya yaradılıb, valideynlər və ekspertlər məktəblərdə dərslərin müvəqqəti dayandırılması üçün imza toplayırlar. 

Təhsil eksperti, Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov baş nazir Əli Əsədova müraciət edərək məktəblərdə tətil vaxtının dərişdirilməsini xahiş edib. K.Əsədov bildirib ki, fəsil dəyişkənliyi onsuz da uşaqların immunitetini aşağı salır, uşaqlar arasında virus xəstəlikləri yayılır. Ölümcül koronovirus səbəbindən 1,5 milyon şagirdin həyatını risq altına almaq olmaz.

“Ölkədə fəaliyət göstərən 4447 məktəbin heç də hamısı maddi-texniki baza baxımından tam olaraq qənaətbəxş vəziyyətdə deyil. Onlar arasında isitmə sistemində, havalandırma sistemində, ilkin tibbi yardım göstərilməsi istiqamətində müəyyən problemlər var. Digər tərəfdən isə, apteklərdə də kifayət qədər respirator, spirt və digər lazımi avadanlıqlar yoxdur. Olanların da qiyməti süni şəkildə kəskin artırılıb. Bu tətil müddət ərzində məktəblərdə davamlı şəkildə dezinfeksiya işləri aparılar, insanlar arasında maarifləndirmə prosesinin miqyası daha da genişlənər. Martda bayram və istirahət günləri səbəbindən ümumilikdə 15 gün tətil olacaq. Tətilin vaxtını dəyişməklə buraxılmış dərs günlərini iyunda keçmək olar”,-Əsədov müraciətində bildirib. 

Pediatr Vaqif Qarayev də məktəblərin bağlanmasını təklif edir. Həkimin sözlərinə görə, virusu məktəblərə buraxmaq olmaz, tətil elan edilməlidir. 

Sosial şəbəkərlərdə valideynlər də narahatlıqlarını bildiriblər, çoxları tətil elan olmasa da, övladlarını məktəbə göndərmədiklərini yazır.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da məktəblərdə tətil elan olunması ilə bağlı sualı cavablandırıb. Bildirib ki, bütün təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar yoxdur. Bununla bağlı hər hansı qərar və ya müvafiq tapşırıq olarsa, ictimaiyyətə məlumat veriləcək. 

Valehovun sözlərinə görə, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir: "Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə ilk növbədə mətbuat məlumatlandırılacaq".

Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib. Valehov əlavə edib ki, qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını və müvafiq qərarların təxirəsalınmadan qəbul edilməsini təmin edəcək. 

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev isə bildirib ki, xəstə uşaqları məktəbə və bağçaya göndərmək olmaz. Amma hazırda məktəblərin bağlanması məsələsi müzakirə olunmur. Çünki virus təşvişə səbəb olacaq səviyyədə yayılmayıb. “Koronavirus o qədər geniş yayılmayıb ki, bu cür qərar verilsin. Koronavirusun yayılması genişlənərsə məktəb və universitetlərin bağlanmasından söhbət gedə bilər”, - C. İsayev qeyd edib. Lakin baş infeksionist virusun cəmi 3 nəfərdə qeydə alındığı Gürcüstanda və cəmi 1 yoluxma halının aşkarlandığı Ermənistanda niyə belə qərarın verildiyini şərh etməyib.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı da mətbuata açıqlamasında indiki durumda hər hansı təşvişə gərək olmadığını söyləyib. Bayramlı söyləyib ki, orta məktəblərdə şəxsi gigiyena qaydalarına riayət edilməsindən başqa xüsusi tədbir görməyə ehtiyac yoxdur: “Əgər görsək, rəsmi olaraq müraciət edəcəyik".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədli isə deyib ki, hazırda məktəblərdə tətil günlərinin dəyişdirilməsi ilə  bağlı qərar yoxdur. 

Qeyd edək ki, Azərbaycan digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə daha riskli mövqedədir. Çünki qonşu İranda epidemiya tüğyan edir, ölənlər və yoluxanlar sürətlə artır. Azərbaycan hökuməti martın 1-dən İranla sərhədləri bağlasa da həmin vaxta qədər İrandan ölkəyə hər gün minlərlə adam keçib...

Ü.Xudiyeva

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.