Hadi Rəcəbli, Ziyafət Əsgərov, İqbal Məmmədov..: Seçki bitdi, “Facebook” səhifələri silindi - BİZİM SİYAHI

2-03-2020, 15:20   


Hadi Rəcəbli, Ziyafət Əsgərov, İqbal Məmmədov..: Seçki bitdi,  “Facebook” səhifələri silindi - BİZİM SİYAHI

Növbədənkənar parlament seçkilərində iştirak edən namizədlərin əksəriyyəti “Facebook” üzərindən təbliğat aparmaq üçün səhifələr yaratmışdı.

Cebhe.info xəbər verir ki, seçkinin bitməsi ilə həmin səhifələrin də bir çoxunun fəaliyyəti dondurulub.

Qeyd edək ki, namizədlərdən biri çoxu məhz seçki ərəfəsində sosial şəbəkəyə “ilk qədəmlərini” qoymuşdular. Elə seçkinin bitməsi ilə də sosial şəbəkə fəaliyyətlərini tamamladılar.

Məsələn, Milli Məclisin spikeri, 45 saylı Abşeron Seçki Dairəsindən lider namizəd Oqtay Əsədovun adına yaradılan səhifə seçki dönəmində kifayət qədər aktiv idi. Bütün tədbirlər həmin səhifə vasitəsilə yayımlanırdı. Amma seçki bitən kimi səhifənin fəaliyyəti dayandı. Oqtay Əsədovun səhifəsində son paylaşın 10 fevral tarixində olub ki, o da Mərkəzi Seçki Komissiyasının seçki nəticələrini açıqladığı xəbərdir.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən lider namizəd Ziyad Səmədzadənin də seçki prosesində yaradılan səhifəsi artıq fəaliyyət göstərmir. Z.Səmədzadənin səhifəsi hətta seçkilərə 2 gün qalmış- 7 fevral tarixindən “dondurulub”. Səhifədə sonuncu paylaşım 7 fevral tarixində edilib.

9 saylı Binəqədi İkinci Seçki Dairəsindən lider namizəd Kamaləddin Qafarovun isə səhifəsi aktiv olmasa da, hələ də işləyir. Səhifədə son paylaşım 29 fevralda edilib.

18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən lider namizəd Rasim Musabəyov seçki üçün yaratdığı səhifəni ümumiyyətlə, silib. Qeyd edək ki, Rasim Musabəyov özünün şəxsi profili ilə sosial şəbəkədə aktivdir və adətən öz açıqlamalarını, yazılarını burada paylaşır.

41 saylı Sumqayıt Birinci Seçki Dairəsindən lider namizəd Hicran Hüseynovanın səhifəsi isə hələ də aktivdir. Səhifədə son paylaşım 26 fevralda Xocalı soyqırımı ilə bağlı edilib.

51 saylı Qusar Seçki Dairəsindən lider namizəd Azər Badamov da seçki bitən kimi səhifəsini bağlayanlar arasındadır.

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən lider namizəd Malik Həsənovun səhifəsində də 7 fevraldan sonra paylaşım edilməyib. Səhifə silinməsə də, fəaliyyət də göstərmir.

76 saylı Lənkəran-Astara Seçki Dairəsindən lider namizəd Ziyafət Əsgərovun da səhifəsi silinib. Qeyd edək ki, Z.Əsgərov sosial şəbəkəyə məhz seçki dönəmində gəlmişdi. Seçkinin bitməsi ilə də sosial şəbəkə fəaliyyətini sonlandırıb.

78 saylı Lerik Seçki Dairəsindən lider namizəd İqbal Məmmədov da seçki müddətində sosial şəbəkəyə gəlib- gedən deputatlar siyahısındadır. Seçki müddətində onun adına yaradılan səhifə də artıq silinib.

Nəticəsi ləğv olunan 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən lider namizəd Hadi Rəcəblinin adına da seçki dönəmində səhifə yaradılmışdı. Hazırda Hadi Rəcəblinin adına olan səhifə silinib.

Vilayət Muxtar
Cebhe.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.