Cek Detç
“Əl-Monitor”, 02.03.2020
Mark Esper ABŞ rəhbərliyinin keçən həftə edilən hücumda ən az 34 türk əsgərinin öldürülməsindən sonra Suriyada qisas səciyyəli hava hücumlarını istisna edib.
Birləşmiş Baş Qərargah Rəisləri Şurasının sədri Mark Milli bu gün bildirib ki, ABŞ-ın “əməliyyat günü hansı təyyarələrin uçduğu haqqında açıq, birmənalı kəşfiyyat məlumatı yoxdur”.
Ölümcül zərbələr gecə saatlarında baş verib və Bazar günü yalnız rus pilotlarının qaranlıq çökdükdən sonra Suriyanın hava məkanında uçuş edə biləcəyi məlumdur.
Prezident Donald Trampın müttəfiqi olan senator Lindsi Qraham Cümə axşamı İdlib üzərində təcili uçuşlara çağırış etdikdən sonra Esper və Millinin şərhləri ABŞ administrasiyasını Suriyada mümkün hərbi cavabdan uzaqlaşdırıb.
Qraham Cümə günü Trampla birlikdə doğma ştatında keçirilən mitinqə qatılıb.
Ancaq hazırkı və keçmiş administrasiya rəsmiləri Pentaqonun cavab zərbəsi halında təyyarələri və aerodromları bombalaması üçün uçuş zonasının mövcudluğu ehtimalının az olduğunu söyləyiblər.
“Rusiya və ya HƏTTA Türkiyə təyyarələrini vurmaq istəsək də, bu mümkün deyil”, – deyə administrasiyanın bir yükək mənsəbli sabiq rəsmisi “əl-Monitor”a bildirib.
Qrahamın açıqlamasından sonra “əl-Monitor”la əlaqə saxlayan Kapitol Hill mənbələri Suriyada uçuşa icazə verilməyən bölgə üçün hər hansı bir qanun təklifi ilə tanış olmadığını söyləyib.
Esper keçən həftə millət vəkillərinə bildirib ki, administrasiya “vətəndaş müharibəsinin yenidən canlandırılmasını” müzakirə etməyib.
Suriya üzrə xüsusi elçi Ceyms Cefri başda olmaqla, Dövlət Departamenti əvvəllər uçuşa qadağan bölgə ideyasını irəli sürməyə çalışıb, ancaq yalnız Suriyanın şimalında, 600 ABŞ əsgərinin yerləşdiyi bölgələr üçün.
Bu fikir Pentaqonun Yaxın Şərq üzrə komandanlıq mərkəzi olan CENTCOM-da gündəmə gəlməyib.
ABŞ rəsmiləri bildiriblər ki, belə bir təklifin qanuni əngəlləri var.
Cefrinin baş köməkçisi ötən həftə Vaşinqtonda keçirilən qapalı tədbirdə ABŞ-ın Suriya prezidenti Bəşər Əsədin hava qüvvələrinin yerləşdiyi məkanlar və döyüş təyyarələrini vurması üçün hüquqi imkanların olmadığını söyləyib.
Tramp keçən payız İŞİD-dən geri alınan şimal-şərq bölgələrindən çıxmağı əmr etdikdən sonra Amerika qoşunları azaldılmış saydadır. Geri çəkilmə türk müdaxiləsi üçün edilmişdi.
2018-ci ilin fevral ayında ABŞ qüvvələri dəstəklədikləri “Suriya Demokratik Qüvvələri”nin nəzarətində olan “Conoco”-nun neft yataqlarına görə 4 saat davam edən döyüşdə 200-dən 300-ə qədər Rusiya döyüşçüsü və rejim tərəfdarını öldürüb.
Ankara fevralın 27-dən bəri 100-dən çox tankı məhv etdiyini və 2212 Əsəd tərəfdarını öldürdüyünü söyləyib. Rejim qüvvələrini hədəfə alan bir sıra pilotsuz uçuşlar həyata keçirdiyi üçün Türkiyə Cümə günü NATO nizamnaməsinin 4-cü maddəsi çərçivəsində məsləhətləşmələrə də başlayıb.
Esper həftəsonu NATO-nun baş katibi Yens Stoltenberqlə Əfqanıstana səfəri əsnasında Suriyadakı döyüşlər mövzusunda danışdığını söyləyib və ABŞ-ın böhrana humanitar reaksiya göstərməsini istəyib.
Cefri və ABŞ-ın BMT-dəki səfiri Kelli Kraft bu gün Türkiyənin sərhəd bölgəsinə səfərə çıxır.
ABŞ rəsmisi “əl-Monitor”a bildirib: “Türkiyə geri çəkilməyə meylli deyil, lakin Rusiyanın da vasitəçilik etməkdə marağı yoxdur. Bunun üzərinə yüz minlərlə potensial qaçqın əlavə edin. Qorxum budur ki, gerçəklik çox çirkin olacaq”.
Tərcümə: Strateq.az