Azərbaycanı parçalamaq istəyən adam - Fəxrəddin Abbasovun erməni kəşfiyyatı ilə şok planları

3-03-2020, 13:42   


 

Azərbaycan dövlətinə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub.

Məhkəmənin hökmü ilə Fəxrəddin Abbasov Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) və 274-cü (vətənə xəyanət) maddələri ilə ittiham edilərək 16 il müddətinə azadlıqdan məhrum edilib.

Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə iclası qismən qapalı keçirildi.

məhkəmə iclası ile ilgili görsel sonucu

Musavat.com məhkəmə araşdırmasının bir çox təfərrüatları əldə edib.

Bu yazımızda Fəxrəddin Abbasova qarşı irəli sürülmüş rəsmi ittihamın mahiyyəti haqda ətraflı məlumat verəcəyik.

Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatla həbs edilən Fəxrəddin Abbasov erməni kəşfiyyatı ilə hansı əlaqələri qurub? Onun Ermənistandakı fəaliyyəti nədən ibarət olub? Bu sualların hamısının cavabı var.

Əvvəlcə Fəxrəddin Abbasov haqda...

Abbasov 25 dekabr 1956-cı ildə Lerik rayonunun Blaband kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1995-ci ilin iyun ayının 26-da Rusiyaya gedib. 1996-cı ilin fevral ayının 23-dən 1998-ci ilin dekabr ayının sonunadək Rusiyanın Tver vilayətinin Boloqoye rayonunun Berezayka qəsəbəsində yaşayıb və orada bar icarəyə götürərək işlədib.

Fəxrəddin Abbasov ile ilgili görsel sonucu

1999-cu ilin yanvar ayının 1-dən 2002-ci ilin may ayınadək Tver vilayətinin Vışniy Voloçyok şəhərində yaşayıb, orada kafe icarəyə götürərək işləyib və arabir kafe üçün bazarlıq etmək məqsədilə Moskva şəhərinə gedib-gəlib. Daha sonra Moskva şəhərində yaşamaqla elmi və analitik fəaliyyətlə məşğul olub, Rusiyada fəaliyyət göstərən müxtəlif xəbər portalları üçün Cənubi Qafqaz, İran İslam Respublikası, Türkiyə Respublikası və yaxın şərq ölkələrindəki geosiyasi proseslər haqqında məqalələr yazmaqla yanaşı Azərbaycanda gedən siyasi proseslər haqqında, talış mövzusunda, yəni Azərbaycanda yaşayan talışların hüquqları, problemləri, tarixi, öz müqəddaratını təyin etmək haqqı barədə məqalələr yazıb.

2002-2005-ci illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Tolış” qəzetinin baş redaktoru olub. Həmin qəzetin 25 buraxılışı olub və ancaq talış mövzusunda, yəni talışların tarixi, mədəniyyəti, folkloru, dili, adətləri, mətbəxi, müxtəlif tarixi dövrlərdəki vəziyyəti, talışların iştirak etdikləri müharibələr mövzularında məqalələr çap edib.

Azərbaycan dövlətinin öz talış xalqının və şəxsən özünün düşməni olduğunu dəfələrlə çıxışlarında deyib və hazırda da həmin fikirdədir. Bu fikrini məhkəmə çıxışında da gizlətməyib.

Fəxrəddin Abbasov nədə ittiham edilib?

İttihamdan məlum olur ki, Fəxrəddin Abbasov 2005-ci ildən həbs edilənə qədər mütəmadi olaraq erməni kəşfiyyatı ilə əlaqədə olub, onların sifariş və təklifləri ilə çıxışlar hazırlayıb, efirlərdə fikirlər səsləndirib.

Fəxrəddin Abbasov ile ilgili görsel sonucu

İttihama görə, o, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

Ermənistan vətəndaşı Asatryan Qarnik Seroboviçin rəhbərliyi altında olan “Talışıstan Milli Televiziyası” (“Talışıstan TV”) adlandırılan internet televiziya kanalının yaradılmasına və fəaliyyətinə köməklik edib.

Bu məqsədlə Fəxrəddin Abbasov Rusiya və Ermənistan ərazilərindəki kütləvi informasiya vasitələri və sosial şəbəkələrdən, o cümlədən “Talışıstan TV” internet televiziya kanalından istifadə etməklə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Qeyd edək ki, Qarnik Asatryan Yerevan Dövlət Universitetinin “İranşünaslıq kafedrası”nın tərkibində Azərbaycanın ərazi bütövlüyünün parçalanması istiqamətində məqsədyönlü fəaliyyət göstərən “Talış Araşdırmalar Mərkəzi”nin rəhbəri olub.

Fəxrəddin Abbasovun Qarnik Asatryanla əməkdaşlığı 2014-cü “Talışıstan Milli Televiziyası”nın ("Talışıstan TV") yaradılması ilə davam edib.

Aralarındakı razılaşmaya əsasən F.Abbasov televiziyanın fəaliyyətinə cəlb edilə biləcək şəxslərin tapılması, yayımlanacaq verilişlərdə etnik amillərdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınmasına yönələn materialların hazırlanması, redaktə edilməsi ilə bağlı razılığa gəliblər. F.Abbasov yazıların və efirə gedəcək verilişlərin mətnini hazırladıqdan sonra Qarnik Asatryana göndərib.

Fəxrəddin Abbasov adı çəkilən internet televiziyasında yayımlanan “Dünya və talış” və “Hər şeyi öz adı ilə çağıraq” verilişlərində müxtəlif başlıqlı məqalələrlə çıxış edib.

Məlum olub ki, Abbasov “Тalışlar Ermənistanı seçirlər”, “Biz inqilabımızın çətin vəzifələrindən birini həll edirik”, “Bizim ümummilli ideyamız - müstəqil, azad Talışıstan!”, “Hədəf - müstəqil Talışıstandır”, “Azərbaycanın qalması Ermənistana lazımdırmı?” adlı məqalələrində Azərbaycan əleyhinə çıxışları ilə diqqət çəkib.

İstintaq belə qənaətə gəlib ki, Fəxrəddin Abbasov öz feysbuk hesabında “Talışıstan dövlətinin bayrağı”nın fotoşəklini “Sankt-Peterburqda Talışıstanın bayrağını asıblar. Talışıstana azadlıq” başlığı ilə paylaşmaqla qəsdən etnik amillərdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar edib.

Bundan başqa, Fəxrəddin Abbasov Qarnik Asatryanla əldə edilmiş razılaşmaya uyğun olaraq 2016-cı ilin fevral ayının 27-də Yerevanda keçirilən “Azərbaycanın yerli xalqları” adlı tədbirə internet üzərindən görüntülü qoşulub və Azərbaycanın üç hissəyə bölünməli olduğunu və onlardan birində müstəqil “Talışıstan” dövlətinin yaradılması ilə bağlı çıxış edib.

Fəxrəddin Abbasovun Qarnik Asatryanla ile ilgili görsel sonucu

2017-ci ilin dekabr ayında Moskvada keçirilən “Rusiya-Ermənistan əməkdaşlığı: nəticələr, perspektivlər və əsas çağırışlar” adlı konfransda da çıxış edib.

F.Abbasov həmin konfransdakı çıxışında Azərbaycanı bütün region üçün təhlükə adlandıraraq bu təhlükənin aradan qaldırılması üçün etnik talış olan Azərbaycan vətəndaşları ilə ermənilərin birləşməsinə, Dağlıq Qarabağın müstəqilliyinə və etnik zəmində Azərbaycan dövlətinin parçalanaraq dağıdılması ilə bağlı çıxışlar edib.

İstintaq orqanı onu da müəyyən edib ki, Fəxrəddin Abbasov Ermənistan xüsusi xidmət orqanlarınını maraqları altında fəaliyyət göstərən “Talışıstan TV”yə yeni əməkdaşların cəlb edilməsində də işçtirak edib.

O, ilk olaraq Məhərrəmov Zabil Cəmil oğlunun 2014-cü ilin sonlarından Qarnik Asatryanla tanış edib. Daha sonra isə Qarnik Asatryandan Zabil Məhərrəmovun maaşının 500 dollardan 1000 dollara qaldırılmasını xahiş edib.

2015-ci il Qarnik Asatryan Fəxrəddin Abbasovdan “Talışıstan TV”nin “Тürk verilişləri redaksiyası”nda Azərbaycan dilində sərbəst danışa bilən qadın tapmasını istəyib.

Qarnik Asatryan tapşırığı belə olub ki, işə götürülən qadın Azərbaycanda yaşayan müsəlman qadınlardan biri olması görüntüsünü yaradılmalıdır. Bu məqsədlə də konkret hərəkətlər edilməli, o cümlədən qadının başına hicab bağlaması və gözünə eynək taxması əsas şərt olub.

Həmin ərəfədə Qarnik Asatryan özü Ermənitsan vətəndaşı olan Vartanyan Marietta Məhərrəm qızını redaksiyaya aparıcı qismində cəlb edib. Xarici görünüşü yuxarıda qeyd olunan qaydada dəyişdirilərək İlhamə Cəfərzadə kimi izləyicilərə təqdim edilib.

Həmin qadının aparıcılığı ilə ilk olaraq Azərbaycan ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn "Gəncə hadisələri" ərəfəsində “Yerli gəncəlilərsiz Gəncə-Qığılcımdan alov doğar” videomaterial yayımlanıb.

F.Abbasov 2016-cı ilin aprel ayının əvvəllərində cəbhə bölgəsində düşmənlə gedən döyüşlərdən də öz maraqları üçün istifadə edib.

Bu məqsədlə “Azərbaycan faciəsi - nə baş verir?”, “Cəbhədən xəbərlər”, “Bu bizim müharibə deyil”, “Talış olun! Öz xalqınızı satmayın” və “Talış ordusu” başlıqlı məqalələrində Azərbaycanda yaşayan və silahlı qüvvələrdə xidmət edən etnik talışlara müraciət edərək onları döyüşlərdə iştirak etməməyə çağırıb, Azərbaycan silahlı qüvvələrinin döyüş qabiliyyətinin aşağı olması barədə həqiqətə uyğun olmayan təxribat xarakterli fikirlər səsləndirib.

Növbəti yazıda Fəxrəddin Abbasovun istinyaqdakı və məhkəmədəki ifadələri barədə ətraflı məlumatlar təqdim edəcəyik.

İlkin Muradov
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.