Kritik Moskva görüşü: Ərdoğanla Putin anlaşa biləcəkmi?

4-03-2020, 09:23   


“Bahar qalxanı” hərəkatından son xəbərlər - Türk ordusu rejim qüvvələrinə sarsıdıcı zərbə vurmaqda davam edir; Rusiya narahatdır

Türkiyə ordusunun İdlibdə həyata keçirdiyi “Bahar qalxanı” hərəkatı uğurla davam edir. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, martın 3-də  Türk ordusu tərəfindən Bəşər Əsəd rejiminə aid daha bir döyüş təyyarə (L39) vurulub.

Bundan əvvəlki döyüşlərdə Türkiyə ordusu Əsəd rejiminə aid 2 SU-24 təyyarəsini vurmuşdu. Məlumatda deyilir ki, təkcə son 24 saatda 327 Bəşər Əsəd əsgəri öldürülüb. Bundan əlavə, 1 PUA, 6 tank, 5 ÇNRA, 2 havadan müdafiə sistemi dəqiq zərbələrlə məhv edilib.

Rusiya və Suriya liderləri, komandirləri arasındakı ünsiyyətin detallarını bilmədən Dəməşqin türk qüvvələrinə hücumlarını Moskva ilə koordinasiya edib-etmədiyini bilmək mümkün deyil.

Bu sözləri Axar.az açıqlamasında ABŞ Milli Maraqlar Mərkəzinin xarici siyasət üzrə mütəxəssisi Paul Saunders İdlibdəki gərginliyi şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Suriyanın Rusiya ilə məsləhətləşmədən hücumlar həyata keçirməsi mümkündür: “Bu vəziyyətdə Dəməşq Türkiyə ilə münaqişəni bilərəkdən artıraraq, rəsmi Moskvanın onun mövqeyini dəstəkləməyə məcbur olacağını güman edə bilərdi. Rusiya isə hazırda düşdüyü vəziyyətdən heç də razı deyil”. Sanders NATO-nun Suriyada Türkiyəyə yardım etmək ehtimalından da danışıb: “NATO-nun türk qüvvələrini dəstəkləmək üçün məsələyə hərbi müdaxilə etməsi çətin görünür. Birincisi, ona görə ki, bu, birbaşa NATO-Rusiya qarşıdurması riskini meydana gətirər. İkincisi, Türkiyənin Suriyaya müdaxilə qərarı alyans daxilində o qədər də geniş dəstək almır”.  Qeyd edək ki, ABŞ Türkiyəyə İdlibdə hava dəstəyi verməyəcəyini açıqlayıb.

idlibde ile ilgili görsel sonucu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın da iştirakı ilə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən üçtərəfli zirvə görüşündə iştirak etməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə məlumatı Bolqarıstanın baş naziri Boyko Borisov mətbuata açıqlamasında bildirib. “Cənab Ərdoğan yunan əsgərlərinin sərhəddə qaçqınlara atəş açmasına görə Yunanıstanın baş naziri Miçotakis ilə bir masaya oturmaqdan imtina etdi”, - deyə Borisov qeyd edib.

Prezident Həsən Ruhani Rusiya prezidenti Vladimir Putini İrana dəvət edib. Bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib. “Prezident Həsən Ruhani son telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putini ”Astana üçlüyü"nün İranda keçiriləcək sammitinə dəvət edib", - səfir bildirib. Astana üçlüyünün İranda keçirilməsi nəzərdə tutulan görüşünün tarixi isə açıqlanmayıb.

İdlib məsələsi Ərdoğana təhdid yarada bilər. Axar.az xəbər verir ki, bunu rusiyalı filosof Aleksandr Duqin deyib. “Türk geosiyasəti üçün İdlibdə israrlı olmaq intihardır. FETÖ da məhz Suriyada Rusiya ilə Türkiyənin üz-üzə gəlməsini və Qərbin Suriyaya müdaxilə etməsini istəyir. Bu, Türkiyəyə qarşı gerçəkləşdirilən yeni çevriliş ola bilər. Davudoğlunun komandası Ərdoğana təsir göstərməyə, onu ABŞ-ın maraqlarına doğru çəkməyə çalışır. Buna təslim olmaq düşmənə təslim olmaqdır, intihar etməkdir. Bu, təyyarə böhranından daha ciddi vəziyyətdir. Türkiyə Rusiyanın strateji tərəfdaşıdır, amma bu vəziyyət bütün əlaqələri pisə doğru aparır. Bu, sadəcə, Ərdoğana deyil, Türkiyəyə də zərər verə, Qərbin Türkiyədəki maraqlarını reallaşdırmasının önünü aça bilər”, - deyə o bildirib.

Duqin Rusiyanın Türkiyə ilə savaş istəmədiyini söyləyib: “Rusiya Türkiyə ilə savaşdan qaçır. Yalnız bir şərtimiz var, o da Türkiyənin İdlibdən çəkilməsidir. Putin Ərdoğanla İdlibdən başqa hər məsələni müzakirə edə bilər”.

Əsəd qüvvələrinin İdlibə hücumları nəticəsində Türkiyə yeni miqrant axını ilə üz-üzədir. Türkiyə bu miqrantları ölkədə saxlamaq imkanında deyil. Bu sözləri Axar.az  a açıqlamasında politoloq Tofiq Zülfüqarov İdlibdə 34 türk əsgərinin şəhid olması xəbərindən sonra Türkiyənin qaçqınların Avropaya gedişinə maneəni aradan qaldırmasını şərh edərkən deyib. O bildirib ki, artıq 100 mindən çox suriyalı miqrant Yunanıstan sərhədinə axın edib: “Suriyalı miqrantlar mövzusu aktualdır və hər bir Avropa İttifaqı ölkəsinin yaxından izlədiyi məsələdir. Bu gün Türkiyədə 3 milyondan çox miqrant var. Avropa da bunu yaxşı bilir. Çoxları elə bilir ki, Türkiyə miqrantlardan ucuz işçi qüvvəsi kimi istifadə edir. Lakin vəziyyət heç də belə deyil. Suriyalı miqrantlar Türkiyə iqtisadiyyatına böyük yükdür. İdlibdə Türkiyənin başlatdığı ”Bahar qalxanı" hərbi əməliyyatları ilk növbədə cənubdan gələn miqrant axınına mane olmaq məqsədi daşıyır. Bu gün artıq Yunanıstan və Bolqarıstan başda olmaqla, digər ölkələr Türkiyəyə dəstək nümayiş etdirirlər. Səbəb isə aydındır. Türkiyənin bir neçə gündür miqrantlar üçün Avropaya sərhədi açması və 100 mindən artıq miqrantın Avropaya axın etməsi AB-ni ciddi iqtisadi risk altında qoyur. Bu, Avropa üçün böyük təhlükədir. Artıq Fransa və digər ölkələr də Türkiyəyə dəstək verib. Hətta martın 5-i Türkiyə və Rusiya prezidentlərinin görüşünün baş tutmasında Almaniya və Fransanın təzyiqləri böyük rol oynayıb. Yəni miqrantlar üçün Avropaya qapıları açmaqla Ərdoğan Qərbin dəstəyini tam ala bildi. Əslində bu, bir daha onu göstərir ki, Qərb Türkiyənin sərhədləri açmasından çox qorxur və belə bir iqtisadi, sosial yükə hazır deyil", - deyə o bildirib.

Hazırda nəzərlər Türkiyə və Rusiya prezidentinin Moskva görüşünə dikilib. Prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünü təsdiqləyib. Peskov tərəflərin martın 5-də Moskvada görüşəcəklərini təsdiq edib. Prezident Putin heç bir ölkə ilə müharibə etmək istəmədiyini vurğulayıb. Eyni zamanda prezident Ərdoğan Türkiyənin heç bir ölkənin ərazisində gözünün olmadığını deyərək terrora qarşı amansız mübarizənin davam etdiriləcəyini deyib. Bir çoxları şübhə etmir ki, Suriyada türk əsgərlərini hədəfə alanlar əslində bu ölkədəki rusiyalı hərbçilər olub. Hətta rəsmi Moskva “həmin ərazidə türk əsgərləri olmamalı idi” kimi şübhəli açıqlamalar da verdi. Bu mənada Moskva görüşünün kifayət qədər gərgin keçəcəyi şübhəsizdir. Qərb bir tərəfdən Ankara-Moskva gərginliyini körükləmək istəyirsə də, digər tərəfdən qaçqın axını ilə üz-üzə qalmağın qorxusu onun yuxusunu qaçırıb. Ankara isə ölkəyə sığınmış 3,5 milyonluq qaçqınlar üçün sərhədlərin qapadılmayacağını açıqlayıb. Belə bir durumda 5 mart görüşündən hər bir tərəfin özünün gözləntiləri var.

Politoloq Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onun Moskva görüşü ilə bağlı xüsusi gözləntiləri yoxdur: “Şəxsən mən elə də ciddi nəticə alınacağına ümid etmirəm. Rusiya israrla Əsədi müdafiə etməkdədir və bundan imtina etməyəcək. Olsa-olsa atəşkəslə bağlı razılaşma əldə ediləcək və müvəqqəti olaraq problem dondurulacaq. Bu da hər iki ölkə üçün məqbul variantdır. Bundan sonra məsələyə Amerikanın daha aktiv münasibət göstrəcəyini düşünürəm. Amerika Türkiyəyə dəstək vermək mənasında deyil, öz maraqlarını təmin etmək üçün fəallaşacaq. Burada Avropa Birliyi ölkələrinin də müdaxiləsi gözləniləndir. Sərhəd qapılarını açıb qaçqınları Avropaya göndərən Türkiyəni inandırmağa çalışacaqlar ki, onların problemlərini həll etmək üçün tampon bir bölgə yaradılsın. Bu, Türkiyəyə də sərf edir. Amma bu gəlişmələr fonunda dəyişən heç nə olmayacaq”. Q.Çaxmaqlı qeyd etdi ki, Moskva Türkiyənin İdlibdən çəkilməsini istəyir: “Amma bu görüşdə belə razılaşmanın əldə olunacağı mümkün deyil. Ona görə də hesab edirəm ki, bu nəticəsiz bir görüşdür. Türkiyədə bəzi praqmatik siyasətçilər Ərdoğanın Moskvaya getməsini doğru hesab etmirlər”.

Cavid TURAN,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.