Koronavirus Azərbaycanda sarımsağı 5 dəfə bahalaşdırdı! - “KİLOYLA ALMAĞA GÜCLƏRİ ÇATMIR, DƏNƏYLƏ ALIRLAR…”

4-03-2020, 15:57   



Koronavirus Azərbaycanda sarımsağı 5 dəfə bahalaşdırdı! - “KİLOYLA ALMAĞA GÜCLƏRİ ÇATMIR, DƏNƏYLƏ ALIRLAR…”

Dünyanı bürüyən koronavirus vahiməsinə görə Bakı bazarlarında sarımsağın fantastik həddə qiyməti artıb. Cəmi bir ay əvvəl kiloqramı 3 manat 20 qəpikdən təklif edilən sarımsaq hazırda 13-15 manata satılır. 

Virtualaz.org sarımsağın bahalaşma səbəblərini öyrənib. Bəlli olub ki, ötən ilin dekabrında Çində aşkarlanan və Azərbaycan da daxil olmaqla 65 ölkəyə yayılan ölümcül koronavirusdan qorunmaq üçün  sarımsaq və soğan yeyilməsi barədə sosial şəbəkələrdə tirajlanan tövsiyələr bu məhsullara təlabatı artırıb. Üstəlik sarımsaq və soğan idxalı müvəqqəti dayandırılıb. Amma qiymətlərə yalnız təlabat və idxalın dayandırılması təsir etməyib. Belə ki, ötən il ölkə əhalisinin təlabatını ödəyəcək qədər sarımsaq, soğan istehsal edilib, anbarlarla yetərli məhsul var.  Sadəcə, bəzi işbazlar vəziyyətdən istifadə edərək qiymətləri artırıblar. 

“Gündə ən azı 20-30 kilo sarımsaq satırıq”

El arasında “Vosmoy” bazar kimi tanınan Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki bazarın satıcıları deyiblər ki, son 1 həftədə gündə ən azı 20-30 kiloqram sarımsaq satırlar. Hətta meyvə alveri edənlər də sarımsaq biznesinə keçiblər. “Hazırda yerli sarımsağın 2 ədədi 1 manatadır. Bir az iri, seçilmiş sarımsağın 3 ədədi 2 manatdır. Kilo ilə ala bilməyənlər ədədlə alır”,-satıcılardan biri danışıb. Digər satıcı isə deyib ki, hazırda topdansatış mərkəzlərində sarımsağın kiloqramı 10-11 manatdan təklif edilir. Artıq fermerlər də anbarlarda saxladıqları məhsulları 1-2 manat baha verirlər. 

Satıcı Anar Məmmədov isə söyləyib ki, bazarda xaricdən gətirilən məhsullardan qalmayıb, yerli məhsul keyfiyyətinə görə xarici sarımsağı sıxışdırır. “Yəqin ki, ayın axırına kimi qiymətlər ucuzlaşmayacaq”,-Anar deyib. 

Metronun “28 May” stansiyasının yaxınlığındakı meyvə-tərəvəz marketlərinin satıcıları isə bildiriblər ki, bu gün bazardan sarımsaq ala bilməyiblər. “Dünən sifariş çox idi, gətirdiyimiz məhsulları dərhal alırlar”,-satıcılardan biri söyləyib.

“Sarımsaq qırmızı ətdən bahadırsa...”

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə deyib ki, ötən il 39 min ton sarımsaq istehsal edilib. Bu isə son 10 ilin rekord göstəricisi olmaqla ölkə əhalisinin təlabatını ödəyəcək qədərdir. “Ötən il Ukrayna, Rusiya, Ərəb ölkələri də daxil olmaqla 11 ölkəyə cəmi 1700 ton sarımsaq ixrac olunub. Çindən, İrandan, Türkiyədən 310 ton sarımsaq gətirilib. Xaricdən gətirilən sarımsaq əsasən emal müəssisələrində istifadə olunur. Çünki yerli sarımsaq daha keyfiyyətlidir. Ukrayna kimi kənd təsərrüfatı inkişaf etmiş ölkə bizim məhsullara üstünlük verir”,-N.Nəsirli bildirib. 

Onun sözlərinə görə, sarımsaq qırmızı ətdən baha ola bilməz. Sarımsaq əkini bütün xərclər nəzərə alınmaqla 1 hektar sahədə təxminən 600 manata başa gəlir: “Sarımsaqdan müalicəvi məqsədlə istifadə ənənəsi mövcuddur. İnbsanlar təşvişə düşməsinlər. İstehlak bazarına nəzarət edən qurumlar bu məsələ ilə məşğul olmalıdır, çünki təlabatı ödəyəcək qədər sarımsaq var, bu qədər qiymət artımına səbəb yoxdur”.

N.Nəsirli əlavə edib ki, məsələnin yaxşı xəbəri fermerlərin qazanmasıdır. Amma ayın sonundan sonra qiymət azalacaq. 

Qeyd edək ki, Hövsan soğanı adı ilə satılan soğanlar, eləcə də qırmızı soğanın qiymətində 25-30 faiz artım var.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.