MİLYARDLARI TALAYAN “153 QƏHRƏMAN”... - Bankı “diz çökdürənlər” sırasında tanınmış şirkətlər və şəxslər var (ADLAR)

4-03-2020, 20:25   



Bir vaxtlar Azərbaycanın ən populyar və perspektivli banklarından olan “Bank Standard”ın nə zamansa talanıb, müflis ediləcəyini güman edənlər çox az olardı. Lakin lisenziyası əlindən alınan bank 2016-cı ilin oktyabrında rəsmən müflis elan olundu.

Bu prosesin gedişi və detalları ilə bağlı ötən saylarımızda geniş materiallarla çıxış etdiyimizdən, yenidən həmin detallara qayıtmaq istəmirik. Sadəcə, xatırladaq ki, bankın müflisləşməsində 1 milyard manatdan çox vəsaitin müxtəlif fiziki və hüquqi şəxslərin adına kredit şəklində götürülərək, qaytarılmaması əsas rol oynayıb. Mənimsənilən vəsaitlərin əsas hissəsi isə dövlətin, Mərkəzi Bankın, SOCAR-ın vəsaitləri, eləcə də sıravi vətəndaşların əmanətlərindən ibarət olub. Bu vəsaitlər ya aşağı faizlə, ya da ümumiyyətlə faizsiz və girovsuz kreditlər şəklində tar-mar olunub. Bankın pullarına “çökənlər” isə heç də təsadüfi şəxslər və şirkətlər deyil...

Məlum olub ki, bankın çökməsində əsas yer tutan şəxs və şirkətlərin sayı 153-dür. Bu barədə hələ ötən ilin sonlarında «Bank Standard»ın Kreditorlar Komitəsinin sədri Şahin Əhmədov məlumat vermişdi: “Mən Apellyasiya Məhkəməsinə müraciət etdim ki, mənə bu adamların adlarını verin, ictimailəşdirək. Bu 153 nəfər məqsədli olaraq bankı talayıblar. Onları və onlara kredit verənləri tapıb gətirmək lazımdır. Bu adamları tapıb gətirib əmlaklarını əllərindən alıb, satıb insanların pulunu qaytarmaq lazımdır”

Ancaq bu günə kimi nə həmin adamların və şirkətlərin adları rəsmən açıqlanıb, nə də onlara “gözün üstə qaşın var” deyən olub.

Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) rəhbərliyi banka borclu olan şəxs və firmaların adlarını bankın kommersiya sirri olduğunu əsas gətirərək, açıqlamaqdan boyun qaçırıb. Bu adların verilməsinin cinayət məsuliyyəti yaratdığını bildirib.

Lakin “AzPolitika.info” dövlətin, Mərkəzi Bankın, eləcə də sıravi vətəndaşların halal pulunun mənimsənilərək, böyük bir bankın talan edilməsinin dövlətin dayaqlarına təhlükə yaradan qat-qat daha böyük cinayət olduğunu nəzərə alaraq və ictimai maraqlardan çıxış edərək, sözügedən 153 şəxs və şirkətlərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalarını davam etdirir.

Bu araşdırma “Bank Standard”dan külli miqdarda kredit götürüb qaytarmayan şəxslər və şirkətlərlə bağlı bəzi mətləbləri və adları üzə çıxarıb. Onların bir qisminin adları ötən saylarımızda dərc edilib. Araşdırmamız və əldə etdiyimiz yeni məlumatlar bu siyahıdakı bir neçə digər şəxs və firmaların adlarının ortaya çıxarılmasına imkan verib.

Ötən saylarımızda Dövlət Neft Fondunun sabiq icraçı direktoru Şahmar Mövsümovun qardaşı Şahin Mövsumovun təsisçisi olduğu “AS Group İnvestment” şirkəti, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova aid olduğu deyilən “Caspian Real Estate Limited” MMC şirkətinin və digər bir neçə tanınmış şəxslərə aid şirkətlərin adları dərc olunmuşdu. Ancaq araşdırmamız davam edir.

Məlum olur ki, bankdan iri məbləğlərdə kredit götürüb qaytarmayanlar sırasında ən əsas liderlərdən biri də “MEGAFUN” MMC-dir. Bu şirkətin bankdan illik 6.5 faiz olmaqla, 18 milyon manat kredit götürdüyü, lakin bank müflisləşənə qədər bir qəpik də qaytarmadığı məlum olub.

Doğrudur, bu şirkət həmin kreditin müqabilində banka girov qoyub. Lakin əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, girovları real vəsaitə çevirmək elə də asan deyil və onların böyük əksəriyyətinin dəyəri bilərəkdən şişirdilib. Qeyd edək ki, bu şirkət “Azure Parking” Qrupuna aiddir.



Həmin qrupun isə sabiq deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə aid olduğuna dair məlumatlar yayılıb. Bu məlumatları dəqiqləşdirmək imkanımız olmadığından onların həqiqiliyini iddia edə bilmərik. Lakin sözügedən şirkətin “Bank Standard”ın müflisləşməsində özünəməxsus rol aldığı göz önündədir.

Maraqlıdır ki, bankdan böyük məbləğdə kredit götürüb ödəməyən şirkətlər arasında məşhur inhisarçı “Baku Steel Kompany” də var. 



Bu şirkətin bank müflisləşərkən 3 kredit üzrə - 7.3 milyon manat, 4.9 milyon manat və 2.45 milyon manat olmaqla, külli miqdarda borcu qalıb. Bu kreditin birini çıxmaq şərtilə, digərləri girovsuz verilib. Həmin girov isə səhmlərdən ibarət olmaqla, cəmi 2.9 milyon manat təşkil edib.

Banka borclular arasında “liderlik” edənlərdən biri də “Azərkarton” MMC-dir. Şirkət faizsiz olmaqla Əhmədov Rauf Rəhim oğlunun adına 13.6 milyon ABŞ dolları, “Azərkarton” MMC adı ilə 2.97 milyon ABŞ dolları (girovsuz) kredit borcuna malikdir.

“Bank Standard”a ən böyük kredit borcu olanlar sırasında daha bir tanınmış şirkət isə “Riyad Farm” MMC-dir. Bu şirkət də kreditləri girovsuz və faizsiz götürüb.



Şirkət bank müflisləşərkən ona 21 (!) kredit müqaviləsi üzrə təqribən 53 milyon manat və 4 milyon ABŞ dolları miqdarında borclu qalıb. Özü də bu kreditlər girovsuz və faizsiz verilib. Maraqlıdır ki, bu kreditlər 20 milyon manatlıq müqaviləni çıxmaq şərtilə hamısı ayrı-ayrı fiziki şəxslərin və “İKAR S” MMC-nin adlarına sənədləşdirilib.

Borclular arasında “İmişli Quşçuluq” MMC də var. Bank müflisləşəndə bu şirkətin banka 1.1 milyon ABŞ dolları və 784 min manat borcu qalıb. Özü də bu kreditlər Beynəlxalq Bankın təminatı ilə verilib.

“Bank Standard”dan pul götürüb qaytarmayan məşhur şirkətlərdən biri də “Akkord İnşaat”dır. “Panorama İstirahət Kompleksi” MMC-nin adına götürülən 660 min manat kreditdən bank müflisləşənədək bir qəpik də qaytarılmayıb.



Bankın borcluları arasında adı geniş ictimaiyyətə məlum olmayan çoxsaylı şirkət və fiziki şəxslər də var ki, onların bir neçəsinin adlarını dərc edirik:

Babayev Niyaz Yaşar oğlu – 9 milyon 177 min ABŞ dolları (Heydər Babayevin qardaşı oğlu olduğu bildirilir)

“XORN LİMİTED” şirkəti – 7 milyon 883 min ABŞ dolları

“ECO PROD” MMC – 5 milyon manat

Rəhimova Gülnarə Kamran qızı – 4 milyon 760 min ABŞ dolları

Hüseynov Xaləddin Rəşid oğlu – 4 milyon 500 min manat

Əkbərov Fikrət Əsgər oğlu “F.İ.P” – 4 milyon 338 min ABŞ dolları

“Uğur-VF” MMC – 4.3 milyon manat.

Murad MƏMMƏDOV

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.