Gözlər Kremldə - Ərdoğan və Putin anlaşmasa...

5-03-2020, 10:17   


Bu gün Türkiyə və Rusiya liderləri Moskvada İdlib böhranını müzakirə edəcək; yola davam, yoxsa tamam? Ermənistan niyə narahatdır? - ilginc səbəb...

Bu gün - martın 5-də Moskvada Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bir araya gələcək. Gündəmdə yalnız bir mövzu var - İdlib böhranı. Daha doğrusu, İdlib olayları fonunda iki dövlətin bundan sonrakı münasibətlərinə aydınlıq gətirilməsi, korrektə edilib-edilməyəcəyi məsələsi.

Söhbət təkcə İdlib və ya Suriyadan da getmir. Bəlli ki, Türkiyə öz köklü mənafeyindən çıxış edərək regionda yeni bir supergüc qismində tam təsdiqlənmək, burada möhkəmlənmək, böyük bir regionun təzə arxitekturasının hazırlanmasında həlledici söz sahibi olmaq əzmindədir. Regionun qos-qoca dövləti, böyük Osmanlı İmperiyasının varisi olaraq buna onun tam haqqı çatır. Bəs Rusiyanın Yaxın Şərqdə, Suriyada, Liviyada nə işi var, görəsən?

Bəzi siyasi müşahidəçilərə görə, Türkiyə bölgədə indi ölüm-dirim savaşı aparır. Deyərdik ki, hətta Ərdoğan bu savaşı udsa, tarixə 2-ci Atatürk kimi də düşə bilər...

******

erdoğan putin idlib ile ilgili görsel sonucu

Ötən saylarımızda qeyd etdiyimiz kimi, Ərdoğan Putinlə budəfəki görüşə əli xeyli güclənmiş şəkildə, etibarlı “qalxan”la gedir. Türk hərbi qüvvələrinin İdlibdə və ətrafında Əsədin və ona müttəfiq qüvvələrin darmadağın edilməsinə hədəflənmiş “Bahar qalxanı” əməliyyatını nəzərdə tuturuq.

Vəziyyətin Azərbaycanla, Qarabağ problemi ilə bağlı ən intriqalı məqamı isə işğalçı Ermənistanın xəbisliyi ilə bağlıdır. İş ondadır ki, Rusiyanın erməni yanlı KİV-ləri neçə gündür dəridən-qabıqdan çıxır ki, Ankara-Moskva əlaqələri böhrana girməsə də, heç olmasa, dalanda qalsın. Çünki düşmən ölkədə hesab edirlər ki, Rusiyanın Türkiyə ilə yaxınlaşması, qlobal və regional məsələlərdə ortaq hərəkət eləməsi, presedentin yaranması özünü Qarabağ məsələsində Azərbaycanın xeyrinə göstərə bilər. Hətta iddialar səslənib ki, guya Ərdoğan İdlibi verib Moskvadan Dağlıq Qarabağı ala bilər...

*****

Bütün hallarda, bugünkü Moskva görüşünün gərgin keçəcəyi yəqindir. Ən əvvəl ona görə ki, İdlib düyünü istər Ankara, istərsə də Moskva üçün Suriya və regional siyasət kontekstində açar rolundadır. Bu səbəbə neçə vaxtdır bu iki “mehriban düşmən” arasında həm də bir əsəb müharibəsi gedir.

Təsadüfi deyil ki, Kremlin danışmanlarından olan avrasiyaçı-politoloq Aleksandr Duqin görüş ərəfəsində Ankaraya təzyiq və təhdid, bir az da şantaj xarakterli açıqlama verib.

Aleksandr Diqin ile ilgili görsel sonucu

Sitat: “İdlib məsələsi Ərdoğana təhdid yarada bilər. Türk geosiyasəti üçün İdlibdə israrlı olmaq intihardır. FETÖ də məhz Suriyada Rusiya ilə Türkiyənin üz-üzə gəlməsini və Qərbin Suriyaya müdaxilə etməsini istəyir. Bu, Türkiyəyə qarşı gerçəkləşdirilən yeni çevriliş ola bilər. İndi təyyarə böhranından (2015-ci il insidenti nəzərdə tutulur - ”YM") daha ciddi vəziyyətdir. Türkiyə Rusiyanın strateji tərəfdaşıdır, amma bu vəziyyət bütün əlaqələri pisə doğru aparır. Rusiya Türkiyə ilə savaşdan qaçır. Yalnız bir şərtimiz var, o da Türkiyənin İdlibdən çəkilməsidir. Putin Ərdoğanla İdlibdən başqa hər məsələni müzakirə edə bilər".

Sözsüz ki, Türkiyə İdlibdən çəkilən deyil. Nəinki İldibdən, Suriyadan, bölgədən çıxan deyil. Əsas səbəbi dedik. Başqa yandan, Kreml öz maraqları naminə min kilometrlərlə uzaqda, qardaş ölkənin “qulağının dibində” hərbi qüvvələr, bazalar yerləşdirirsə, Türkiyə özünün yerləşdiyi coğrafiyada, öz sərhədləri yaxınlığında milli təhlükəsizliyinin qeydinə niyə qalmamalıdır ki? Rusa olar, türkə yox? 

***** 

Bəs bugünkü Moskva görüşündən əsas gözlənti nədir? Nəzərə alsaq ki, Türkiyə və Rusiya son illər iqtisadi, energetik, hərbi sferalar üzrə çoxmilyardlıq, qarşılıqlı faydalı, ikitərəfli müqavilələr bağlayıb və onların çoxu artıq həyata keçirilir (Akkuyu AES), bəziləri isə artıq reallaşıb (“Türk axını” qaz kəməri, S-400 zenit-raket komplekslərinin Ankaraya tədarükü) o zaman “Mehriban düşmən”lər yola davam, yoxsa tamam deyəcəklər?   

Politoloq Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında görüşlə bağlı xüsusi gözləntisinin olmadığını bildirib: “Şəxsən mən elə də ciddi nəticə alınacağına ümid etmirəm. Rusiya israrla Əsədi müdafiə etməkdədir və bundan imtina etməyəcək. Olsa-olsa atəşkəslə bağlı razılaşma əldə ediləcək və müvəqqəti olaraq problem dondurulacaq. Bu da hər iki ölkə üçün məqbul variantdır. Bundan sonra məsələyə Amerikanın daha aktiv münasibət göstrəcəyini düşünürəm”.

Q.Çaxmaqlı da deyir ki, Moskva Türkiyənin İdlibdən çəkilməsini istəyir: “Amma bu görüşdə belə razılaşmanın əldə olunacağı mümkün deyil. Ona görə də hesab edirəm ki, bu, nəticəsiz görüş olacaq. Ümumiyyətlə, Türkiyədə bəzi praqmatik siyasətçilər Ərdoğanın Moskvaya getməsini doğru hesab etmirlər”.

******

“Türkiyə Rusiya ilə münasibətlərində ehtiyatlı olmalıdır. Moskvaya etibar edib onun ipinə şələ yığmaq olmaz”. Bu fikri isə “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, siyasi analitik Elçin Şıxlı Teleqraf.com-a söyləyib. Onun sözlərinə görə, son illər Moskva apardığı aqressiv və uğurlu siyasət nəticəsində Türkiyənin öz ənənəvi müttəfiqləri ilə münasibətlərini poza bilib.

Elçin Şıxlı Suriya ile ilgili görsel sonucu

Elçin Şıxlı Suriya üzrə Astana və Soçi anlaşmalarının yada salaraq deyib: “Bu anlaşmalar Rusiya, Türkiyə və İranın birgə səyi nəticəsində ortaya çıxıb. Amma buna rəğmən, Əsəd rejiminin qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə hücumlar həyata keçirib. Bu da 40-a yaxın türk əsgərinin ölümü ilə nəticələndi. Sözsüz ki, Suriya hava məkanına Rusiya nəzarət edir və onların xəbəri olmadan türk əsgərlər bombardman edilə bilməzdi. Bu da sonda gətirib Rusiya-Türkiyə münasibətlərini kəskinləşdirdi və Türk ordusunun yenidən Suriyada hərbi əməliyyatlar aparmasını şərtləndirdi”.

O, martın 5-də Moskvada keçiriləcək görüş təşəbbüsünün Ərdoğandan gəlməsinə xüsusi diqqət çəkib: “Açığı, mən bir vətəndaş kimi düşünürəm ki, əslində bu görüşü Ərdoğan tələb etməməli idi. Üstəlik, görüş Moskvada keçiriləcək. Amma siyasət elədir ki, belə hallar baş verir və lazım gəlsə, başqa addımlar da atılır. Fkrimcə, Türkiyə Rusiyaya bel bağlamazdan öncə gərək Azərbaycandan bunu öyrənərdi. Bəlkə də bu zaman bəzi səhvlər buraxılmazdı. Moskva görüşünə gəldikdə, anlaşma olmasa da, sövdələşmə ola bilər. Sövdələşmə əldə edib adını razılaşma qoyacaqlar. Suriyada bütün hallarda Rusiya-Türkiyə müharibəsi baş verməyəcək. Tərəflər başlarını itirməyib ki, buna qədər getsinlər. Amma məhəlli toqquşmalar ola bilər”.

Beləliklə, gözlər yenə Moskvadadır. Əlavə edək ki, əgər Rusiya öz xalqının qəniminə çevrilən və çoxdan legitimliyini itirən Bəşər Əsədə görə bölgədə və dünyada Türkiyə kimi güclü və vazkeçilməz tərəfdaşını, yeganə NATO üzvünü itirmək, körpüləri yandırmaq istəyirsə, buyursun...

“Yeni Müsavat”ın analitik xidməti

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.