Xəbər verdiyimiz kimi, xeyli müddətdir bir qrup iş adamı ilə Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında pul üstündə qalmaqal yaşanır. Qalmaqala səbəb isə Sumqayıt Bulvarı və şəhərin girişinin təmirini həyata keçirmiş şirkət və iş adamlarının 3 ildir 8 milyon manat pullarının verilməməsidir.
JAMAZ.İNFO bildirir ki, 2016-cı ildə başa çatan işin pulunun indiyə qədər ödənilməməsi ilə bağlı sahibkarlar məhkəməyə üz tutublar. 400 nəfərə yaxın şəxs pullarını geri almaq məqsədi ilə hüquqi müstəvidə mübarizə aparacaqlarını bəyan ediblər. Lakin Zakir Fərəcov bəyan edib ki, onun heç kimə borcu yoxdur və görülən işlərə görə, bütün pullar iş icraçısına ödənilib. Üstəlik, icra başçısı sahibkarları yalançılıqda da ittiham edib.
Məsələ ilə bağlı JAMAZ.İNFO-ya müraciət edən iş adamları Fərəcovun iddialarına aydınlıq gətiriblər. Onlar icra başçısının yalan danışdığını deyiblər. “Zakir Fərəcov 8 milyon manatı geri qaytarmamaq üçün bütün imkanlardan istifadə edir. İndi də yaşlı vaxtında yalan danışmağa başlayıb. O iddia edir ki, guya, pulumuzu ödəyib. Əgər ödəyibsə, kimə, hara və hansı hesaba köçürüb pulları? Bircə sənəd ortaya qoysun və bizdə deyək, düzdür. Axı, bu adam yalan danışmaqla hara qədər getmək istəyir?
Əgər bizə pul ödənilmişdisə, o zaman niyə gecə-gündüz Zakir Fərəcovun və ya Prezident Aparatının məsul şəxslərinin qəbulunda otururduq?
Məgər biz dəliyik, ağlımızı itirmişik ki, aldığımız pulu bir dəfə də istəyək? Sizcə, biz Prezident Admnistrasiyasını aldada bilərik? Bunun hansı hüquqi nəticələr verəcəyini bilə-bilə, dəliyik ki, şikayətçi düşək və ya yalan danışaq?” İş adamları deyir ki, məsələ ilə bağlı dəfələrlə Zakir Fərəcovun qəbulunda olublar. Eyni zamanda, Prezident Admnistrasiyasında da məsul şəxslərlə görüşüblər. “Biz heç bir yerdə dəlilsiz, sübutsuz, sənədsiz danışmamışıq. Hər yerdə bu işə aid bütün sənədləri təqdim etmişik. Xahiş etmişik ki, sənədləri araşdırıb, bizim haqqımızı almağa köməklik etsinlər. Məhkəməyə də bütün sübutları təqdim etmişik. Sona qədər mübarizəmizi aparıb, 400-dən artıq insanın haqqını geri qaytarılmasına çalışacağıq”. Sahibkarlar Zakir Fərəcovun həqiqəti gizlətdiyini, pulu ödəməmək üçün müxtəlif bəhanələr gətirdiyini, mətbuata özünü qorumaq üçün yalan məlumatlar verdiyini də söyləyiblər. “Necə olur ki, pulu ödəyən adam bizi qəbul edir və deyir ki, “həmin məbləğin 30 faizini mənə keçin”? Necə olur ki, “sizə pulu ödəməyi Adil Xudadatova tapşırmışam. Yavaş-yavaş verəcək” deyir? Necə olur ki, müavini Fəzaili üstümüzə göndərib deyir ki, “bir az sakitləşin, mənə möhlət verin, pulunuzu qaytaracam”? Bunları bizə dediyi halda, hansı haqla mətbuata açıqlama verib, bizi “şanatjçı”, “yalançı”, “böhtançı” kimi təqdim edir? Onu bu sözlərinə görə də, məhkəməyə verəcəyik. Öncəliklə ilkin məhkəmə prosesini başa vurub, daha sonra bu addımı atacağıq”.
Sahibkarlar onu da deyiblər ki, Zakir Fərəcov təkcə, onların deyil, başqa bir şirkətin də pulunu verməkdən imtina edir.
“Bu elə bir adamdır ki, pulu verməmək üçün əlindən nə gəlirsə edir. Bizə borclu olduğu halda, Sumqayıtda "YAĞMUR" MMC-nin də 870 min manatını verməyib.
Həmin şirkət də xeyli müddətdir pulunu geri almaq üçün Fərəcovdan tələb edir. İndi belə bir adam durub başlayır yalan danışmağa ki, guya aydan arı, sudan durudur. Hələ bilinən bizlərik. Bilinməyən neçə nəfərdir, məlum deyil”. Onlar sonra vurğulayıblar ki, Zakir Fərəcovdan öz haqlarını almayana qədər sakit dayanmayacaqlar. “Biz hüquqi müstəvidə bütün addımları atacağıq. Zakir Fərəcov bizim pulumuzu qaytarmalıdır. Başqa yolu yoxdur. Qanunun icazə verdiyi bütün imkanlardan istifadə edəcəyik. Yaxın günlərdə Prezident Admnistrasiyasına gedib, dərdimizi bir daha çatdıracağıq. Zakir Fərəcov heç olmasa, Nizaməddin Quliyev, Qoca Səmədov və İsmayıl Vəliyevin başına gələnlərdən örnək götürsün. Onların aqibətini yaşamaması üçün hələ ki, şansı var. Biz əminik ki, Prezident İlham Əliyev bizə dəstək olub, Zakir Fərəcovdan haqqımızı almağa kömək edəcək və onu cəzalandıracaq. Ona görə də, Cənab Prezidentə üzümüzü tutub xahiş edirik ki, bizə kömək etsin”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
JAMAZ.İNFO