“Düşünürəm ki, tərəflər vəziyyətin gərgin olduğunu və əldə olunmuş razılığın həssaslığını nəzərə alaraq müzakirələri davam etdirəcək”.Bunu
Publika.az-a müsahibəsində Türkiyə və Rusiya prezidentlərinin dünən Moskvada baş tutan görüşünü şərh edən
politoloq İlqar Vəlizadə deyib.
Politoloqla müsahibəni təqdim edirik.
- Tərəflər istədiyi nəticəni əldə edə bildimi?- Danışıqlar ümumən 6 saat davam etdi. Bu da o deməkdir ki, mürəkkəb müzakirə prosesi reallaşıb. Belə bir vəziyyətdə düşünmürəm ki, hansısa tərəf danışıqlardan tamamilə razı qala bilsin. Fikir ayrılıqları hələ də var. Hər iki tərəf kompromisə getdi. Yəni heç biri tam şəkildə bu vəziyyətdən qane ola bilmədi. Həm Türkiyə, həm də Rusiyanın hazırda əsas məqsədi tərəflər arasında qarşıdurma yaratmamaqdır. Çünki belə bir təhlükə var idi və aradan qaldırıldı. Danışıqlara gəldikdə, Türkiyə tərəfi istəyirdi ki, İdlib deeskalasiya zonası tam şəkildə bərpa olunsun. Bu alınmadı. Çünki son günlər ərzində Əsəd qüvvələri irəliləyərək xeyli strateji əraziləri əldə edib və oradan çəkilməyəcək. Çox güman ki, Rusiya tərəfi israrla bu məsələnin üzərində dayanıb. Rusiya və Əsəd istəyirdi ki, Türkiyə İdlibdən çıxsın. Ancaq bu alınmadı. Sadəcə olaraq deeskalasiya zonasının sərhədləri və ya miqyası azalır. M5 yolu ilə bağlı əldə olunan razılıq mühüm əhəmiyyət kəsb edir. Türkiyə, Rusiya və Əsəd qüvvələri bu yola nəzarət etmək istəyir. Razılaşmalara əsasən, M5 Türkiyə və Rusiyanın nəzarətinə keçdi. Bu məsələ də iki tərəf arasında gərginliyi xeyli azaldır.
- Atəşkəs prosesinin ömrü nə qədər olacaq? İnanmıram ki, bu razılaşmalar uzunmüddətli olsun. Tarixə nəzər yetirdikdə görürük ki, adətən tərəflər Suriyada ali məqsədlərə çatmaq istəyib. Bu məqsədlər isə fərqlidir. Müvəqqəti sabitlik və sakitlik iki tərəfə də imkan verəcək ki, öz qüvvələrini səfərbər edib, yerlərini bərkitsin.
- “
Heyət Təhrir əş-Şam”
terror qruplaşması özünü necə aparacaq?- “Heyət Təhrir əş-Şam” terror qruplaşmasının Suriyada mövcudluğu problemin alovlanmasında mühüm rol oynayır. Onlar atəşkəsə əməl etməsə, həm Türkiyə, həm də Rusiya üçün təhlükə ön plana keçir. Rusiya-Türkiyə tərəflərinin birgə fəaliyyəti həm də ona hesablanacaq ki, “Heyət Təhrir əş-Şam” qüvvələri maksimum şəkildə zərərsizləşdirilsin”.
- Proseslər hansı istiqamətdə inkişaf edəcək?- Baxmayaraq ki, son vaxtlar Rusiya mətbuatında söz-söhbət gəzir ki, guya Rusiya qazanır filan. Əslində, bu, belə deyil. Rusiya çalışırdı ki, minimum itki ilə maksimum mənfəət qazansın. Amma biz gördük ki, bunun əksi oldu. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Əslində, bu danışıqlar davam etdirilməlidir deyə düşünürəm. Hesab edirəm ki, tərəflər vəziyyətin gərgin olduğunu və əldə olunmuş son razılıqların həssaslığını nəzərə alaraq danışıqları davam etdirəcək.
Məhərrəm Əliyev