Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polisi güllələməkdə suçlanan Yunis Səfərovun işi Gəncə Ağır Cinayətlər Məhkəməsindən alınıb. Səbəb adıçəkilən məhkəmədə Y.Səfərov və onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işinə baxan hakim Natiq Əliyevin zərərçəkmiş E.Vəliyevlə qohumluğudur.
Cinayət işində başqa ittiham epizodları da var
N.Əliyev həm də Gəncə Ağır Cinayətlər Məhkəməsinin rəhbəridir. Onun sədrliyi ilə Y.Səfərov və digərlərinin işi üzrə 3 məhkəmə iclası keçirilmişdi. İlk iclasda vəkillərdən Cavad Cavadov işin Gəncədən alınıb, Bakı Ağır Cinayətlər Məhkəməsinə verilməsi haqda vəsatət qaldırmışdı. Vəkil onu əsas gətirmişdi ki, bu cinayət işində təkcə icra başçısının güllələnməsi deyil, başqa ittiham epizodları da var. Məsələn, təqsirləndirilən şəxslərdən bəziləri tutularkən onların təhlükəsizlik xidməti əməkdaşlarına qarşı silahlı müqavimət göstərməsi haqda ittiham. Bu son hadisələrin isə Bakıda baş verdiyi iddia olunur, ona görə də, işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxmalıdır. O zaman vəkilin vəsatəti təmin olunmadı və bu işə N. Əliyevin sədrliyi ilə baxılması davam etdirildi.
Qohumluq
Daha sonra mediada hakim N.Əliyevin bu işdə zərərçəkmiş olan keçmiş icra başçısı ilə qohumluğu haqda məlumat yayıldı. Bildirildi ki, məhkəmə sədri E.Vəliyevin qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyevin qudasının qardaşıdır. Fevralın 17-də keçirilən məhkəmə iclasında vəkil Nazim Musayev bu əsasla işə nəinki N.Əliyevin, ümumiyyətlə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin baxılmasına etiraz etdi. Vəkil dedi ki, N.Əliyev məhkəmənin sədridir. Hətta iş ondan alınıb, bu məhkəmənin başqa bir hakiminə verilsə də, yenə baxması düzgün olmayacaq. Çünki o məhkəmənin digər hakimləri də N.Əliyevin sədrliyi altında fəaliyyət göstərir. Vəkil vurğuladı ki, əslində, N.Əliyev özü öncədən qohum olduğuna görə bu işə baxmaqdan imtina etməliydi.
Etiraz təmin olunub
Vəkilin sözügedən etirazı baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdi. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, etiraz təmin olunub.
Y.Səfərov və digərlərinin işi Gəncədən alınaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə verilib. Burada onların işinə məhkəmənin sədr müavini Əfqan Hacıyev baxacaq.
Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.