CADUGƏR SƏFƏVİ ŞAHI:dövləti kimyagər laboratoriyasından idarə edən hökmdarın kəlləsi ovucuna qoyuldu

13-03-2020, 14:32   

Cavad Nəvaian Rudsəri

“Xorasan”, 12.03.2020

 

Səfəvi sülaləsi monqol istilası və Teymurləngin talanları nəticəsində yaranan bir neçə əsrlik böhrandan sonra yenidən İranı vahid bayraq altında birləşdirə bilib. Bu sülalənin banisi olan I Şah İsmayıl ölkədə şiə məzhəbini rəsmiləşdirməklə, xalqın birliyini təmin edib. I Şah Abbas dövrü Səfəvilərin yüksəlişinin zirvəsi hesab olunmalı, o, haqlı olaraq bu xanədanın öz hakimiyyətinə güvənən ən güclü siması kimi qəbul edilməlidir.

Lakin I Şah Abbasın ölümündən sonra Səfəvilərin İran üzərində hakimiyyəti şübhəyə alınıb. Sonrakı padşahların çoxu hərəmxana təhsili almış, ucaboy, enlikürək cüssəli, simalarında döyüş izləri olan, siyasi cəhətdən fəal və siyasi meydanda təfəkkürləri genişlənmiş şəxslər kimi böyüməyib.

Əslində, onlar sələflərinin təmin etdikləri sərvəti tükəndirir və varidatlarına heç bir şey əlavə etmirdilər. Xüsusilə Səfəvi hakimiyyətinin son dövründə ölkə daxilində başlayan və sonra zirvəyə çıxan bir çox təlatüm və böhranların səbəbi bu səriştəsizliyin nəticəsi idi.

 

Cadugərlik və şəxsi kitabxana

Səfəvi dövrünün son illərində vəziyyət vahiməli hal alıb. Şah Sultan Hüseyn Səfəvi sadəlövlük, xurafatçılıq və həməxana meylinin bariz bir nümunəsi idi. Onun sehr-caduya marağı o dərəcəyə çatmışdı ki, vaxtının çox hissəsini rəmmal və münəccimlərlə birlikdə keçirir və onların icazəsi olmadan su belə içmirdi. Şah Sultan Hüseyn günün çox hissəsində trans halında olurdu.

Hökmdarın özü üçün tilsim və sehrlər haqqında çox sayda əsərdən ibarət məxsusi kitabxana qurmuşdu. Bu kitablarda, adətən, xəyalpərəst Səfəvi şahının gün ərzində dodaqaltı oxuyacağı, özünü etibarlı və qüdrətli hiss edəcəyi tilsimlər və dualar yazılmışdı.

Əlbəttə, dövrün üləmasından bəzi alimlər bu əməllərin səmərəsizliyini və küfrünü şaha xatırlatdığı zamanlar olub, amma o hər iki inkarçı ayağına eyni başmaq geymişdi!

Kitabxanasından əlavə, Şah Sultan Hüseyn praktik olaraq kimyagərlik və sehrbazlıqdan istifadə etməli olur və bu kitabların öz məqsədləri üçün yetərli olmadığına inanırdı.

 

Sirli otaq

Beləliklə, cadugərlik fəaliyyəti üçün ekzotik əşyalar və vəsaitlərin alınması da Şah Sultan Hüseynin maraqları siyahısına əlavə edilib.

Məhəmməd Haşim Asif Zəndiyyə sülaləsi haqqında yazılmış “Rostam əl-təvarıx” kitabında Səfəvi xanədanının sonuncu şahlarından birinin zamanında baş vermiş hadisələrə və daha sonra İsfahanın əfqan istilasına diqqət çəkərək yazır: “O padşah qəribə şeylər və çox əcaib əşyalar toplayaraq tilsim oxuyan bir şəxs idi”.

Bu əcaib-qəraib şeylər, əslində, dəyərsiz, lakin nadir əşyalar idi və mənfəətpərəst rəmmallar onları padşaha külli miqdarda pul müqabilində satır və ya başqa bir yerdə qazanc və mövqe əldə etmək imkanı üçün ona hədiyyə edirdilər.

 

Şahın iksirbazlığı

Tarixi məlumatlar göstərir ki, Şah Sultan Hüseynin laboratoriyası zəruri maddələrlə yanaşı, hər cür sehr və kimyagərlik ləvazimatı ilə dolub-daşırdı: qara ilanın dərisi, kərtənkələ dərisi, üzərində möhür olan bir neçə qoyun kəlləsi və iki-üç yağlanmış insan kəlləsi!

Bundan əlavə, müxtəlif şüşə qablarda saysız-hesabsız rəngbərəng maddələr var idi və onların tərkibi məlum deyildi.

Şah onları “iksir” adlandırır və hər birinin insan həyatına xüsusi təsir etdiyini, məsələn, insanlara xoşbəxtlik və səfalət gətirə biləcəyini iddia edirdi!

Maraqlıdır ki, mərhum Səfəvi padşahı çevrəsindəki adamlar, yəni vəzir-vəkili – məiyyəti üçün də bu iksirlərlə dua halqaları yazır və bu “bəxtəvərlər” hökmdarın göstərişlərinə mütləq əməl etməli idilər.

Bu rəngli halqalarla neçə adamın zəhərlənib məhv olduğu məlum deyil.

 

Əsrarəngiz tamaşalar

Bu iksirlərdən bəziləri ilə cazibədar tamaşalar icra olunurdu. Onlardan biri “Rəml əl-Səud” adlanır, tamaşa zamanı isti, qaynar şüşədən havaya bir sima (siluet) yüksəlir, sağa-sola hərəkət etdikdən sonra yerə enir və qəfildən yüksək səslə partlayır və ətrafa qorxu sıçradırdı.

Maraqlıdır ki, Şah Sultan Hüseyn bu iksirdən istifadə edərək, sehrli səsin insanları bihuş edəcəyinə inanırdı. Sarayın nökərləri, həmçinin, bəlkə də mövhumatçı Səfəvi şahına xoş gəlsin deyə, özlərini bihuşluğa vururdular!

Hökmdarın ən çox sevdiyi iksirlərdən biri olan və hiyləgər rəmmalın hazırladığı “Rəml əl-Səud”dan başqa, Şah Sultan Hüseynin laboratoriyasında “Rəml Mutələvvən” adlı başqa bir iksiri də vardı ki, bu da onun üçün böyük əhəmiyyət daşıyırdı.

Padşah iddia edirdi ki, kim yuxulu halda bu rəngarəng iksiri sinəsinə axıtsa, bütün sirlərini söyləyəcək və qəlbində gizlətdiyi dedi-qoduları açıqlayacaq.

Yenə də şahın məiyyəti onun könlü xoş olsun deyə, özünü yuxuluğa vurub mühüm sirlərini faş edir, əlbəttə, əyanlar özlərini nəzarətdə saxlayır və şahda özlərinə maraq oyatmaq istəyirdilər.

Ancaq bu uzun sınaqlar, laboratoriya və o əcaib-qəraib iksirlər İsfahanın süqutunun qarşısını ala bilmədi. Əfqan qiyamçıları şəhərin darvazalarına yetişdilər və İsfahanın süqutundan sonra Şah Sultan Hüseyn bir müddəti zindanda keçirdi və Osmanlıların ona dəstək verməsi şayiəsinin peyda olması ilə boynu vuruldu.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.