İsmət Qayıbovun ailəsinin biznesini çökdürən Allahquluzadə kimdir? – Müraciət/Foto

16-03-2020, 09:40   




 

“1998-ci ildə ailə üzvlərimiz tərəfindən təsis edilmiş ölkənin ilk şirniyyat brendi olan “Bon Appetit” mağazalar şəbəkəsi əlimizdən çıxdı, bütün əmlaklarımıza həbs qoydurulub, bu azmış kimi, keçmiş şərikimiz Fuad Allahquluzadə şirkət çökdürdüyü halda məhkəməyə müraciət edərək bizdən 770 min manat təzminat tələb edir”.



Reportyor.info xəbər verir ki, bu sözləri KİV-ə ünvanladığı şikayət məktubunda Azərbaycanın ilk baş prokuroru, mərhum İsmət Qayıbovun qızı Firuzə Qayıbova və mərhum baş prokurorun nəvəsi Şəbnur Qayıbova yazıblar.

Ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya müraciət edən Qayıbovların sözlərinə görə, “Bon Appetit” mağazalar şəbəkəsi onun nənəsi Leyla Qayıbova, anası Bahar Qayıbova, bibisi Firuzə Qayıbova və digər yaxınları tərəfindən qurulub.


2001-2019-cu illərdə, yəni 18 il ərzində mağazalar şəbəkəsi Ş.Qayıbovanın anası tərəfindən idarə olunub. Mərhum baş prokurorun nəvəsi I vitse-prezident Mehriban Əliyevaya müraciətində bildirir ki, son dövrlərdə anasının biznesi tək başına idarə etmək imkanı olmayıb:

“Bu məqsədlə bizə kömək etməsi üçün Prezidentin xüsusi mühafizə xidmətində işləyən Fuad Allahquluzadə ilə şərik olmağa qərar verilir.

Ümidimiz ona idi ki, Fuad Allahquluzadə komandası ilə birgə biznesin vəziyyətini yaxşılaşdıracaq, gəlirlər artacaq. Lakin Fuad Allahquluzadə və direktor təyin etdiyi Rüfət Dadaşov 1 ildən az vaxt ərzində şirkətin hesabından 320 min manatdan artıq vəsait mənimsədi.

Eyni zamanda “Bravo” marketlər şəbəkəsi ilə olan müqaviləyə xitam verildi, məhsulların keyfiyyəti və satış aşağı düşdü, əsas müştərilər itirildi.

Yuxarıda qeyd etdiyimiz kimi, bundan sonra şərikimiz Fuad Allahquluzadə şirkəti müflis vəziyyətə saldığı halda məhkəməyə müraciət edərək bizdən 770 min manat təzminat tələb etməkdədir”.

(Fuad Allahquluzadə)

F.Qayıbova və Ş.Qayıbova I vitse-prezident Mehriban Əliyevaya müraciətində qeyd edirlər ki, F.Allahquluzadə vəzifə mövqeyindən və əlaqələrindən, o cümlədən Prezidentin xüsusi mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun adından sui-istifadə edir.

“Biz əminik ki, hörmətli general Bəylər Əyyubovun məsələdən heç xəbəri yoxdur. Sadəcə, onun və digər yüksək ranqlı məmurlarından adından istifadə edərək bizi çıxılmaz vəziyyətə salıb, bütün əmlaklarımıza həbs qoydurub.

Fuad Allahquluzadənin adamı Rüfət Dadaşov direktor işlədiyi 9 aya yaxın dövr ərzində özünün yarıtmaz və qanunsuz fəaliyyəti nəticəsində müəssisənin maddi mənafelərinə, işgüzar nüfuzuna və biznes fəaliyyətinə ciddi ziyan vurub.

Şirkətin bank hesablarından qanunsuz olaraq 144 min manatdan artıq vəsaiti məxaric edərək, mənimsəyib”, – deyə Firuzə və Şəbnur Qayıbovalar müraciətində yazırlar.

Müraciət müəllifləri bildirirlər ki, həmçinin, “Bon Appetit” ilə “Bravo” marketlər şəbəkəsi arasında qənnadı məhsullarının alqı-satqısı üzrə uzunmüddətli, uğurlu biznes müqaviləsi var idi:

“Lakin Fuad Allahquluzadənin “kadrı” Rüfət Dadaşovun “xüsusi səyləri” və məsuliyyətsizliyi nəticəsində “Bravo” tərəfindən ötən il yanvarın 21-dən növbəti sifarişlər dayandırılıb”.

Sonda Firuzə və Şəbnur Qayıbovalar dövlət rəhbərliyinə üz tutaraq kömək istəyiblər: “Düşdüyümüz bu vəziyyətlə əlaqədar prezident İlham Əliyevdən və hörmətli Mehriban xanımdan xahiş edirik ki, bizi qəbul etsinlər, dərdimizi dinləsinlər, köməklik göstərsinlər.

İnanırıq ki, bizi qəbul etsələr, haqlı və haqsız tərəfin kim olduğu üzə çıxacaq. Çünki Mehriban xanım həmişə vətəndaşların müraciətlərinə həssasdır, minlərlə çarəsiz, köməksiz insana yardım göstərib.

Ümidvarıq ki, rəhmətlik şəhid babamız İsmət Qayıbovun bu vətən üçün xidmətləri nəzərə alınaraq, ehtiram göstərilərək, onun ailə üzvlərinin üzləşdiyi bu çətinliklə bağlı ölkə rəhbərliyi bizə diqqət ayıracaq”.

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.