Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişlərdə yaradılan postlarda polis əməkdaşları sutkalıq xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir.
Bu məqsədlə martın 19-dan saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.
Sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları da qadağan olunub.
Bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyətə başlayıb. Bakı-Ələt yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci və Bakı- Şamaxı yolunun 31-ci kilometrliyində yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar: “Həmin məntəqələrdə ticarət əlaqələrinin saxlanılması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə yükdaşımalarla məşğul olan nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Həmin avtomobillərin Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonları istiqamətində növbə gözləmədən fasiləsiz şəkildə hərəkəti polislər tərəfindən təmin edilib. Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq”. (baku.ws)