Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin üzvü Kamaləddin
Qafarov XXİ əsrin pandemiyasına çevrilmiş koronavirusun yeni növü ilə mübarizə
sahəsində ölkəmizdə aparılan qabaqlayıcı tədbirlərə yüksək qiymət vermişdir. Millət
vəkilinin fikrincə, dünyada bütün insanları həyəcanlandırmış bu koronavirus növü
bəşəriyyətin daim qayğısız yaşaması, elmin və səhiyyənin müasir səviyyəsinin Yer
üzərində bütün mümkün epidemiyaların müalicə edilə biləcəyi mifini amansızlıqla
dağıda bildi. Hazırda dünyanın Çin, ABŞ,Yaponiya, Koreya, İtaliya, İspaniya, İran
və digər inkişaf etmiş ölkələri bu virusun “cilovlanmasında” çətinlik çəkirlər, çünki
ən müasir müalicə metodları belə virusun qarşısında acizdir.
Hazırda Azərbaycanda dünyanın taleyüklü probleminə çevrilən bu virusun
yayılmasının qarşısının alınması istiqamətində bütün qabaqlayıcı və operativ
tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah
ölkədə virusla bağlı vəziyyətə ciddi nəzarət edir, ardıcıl təşkilati işlər aparır. Eyni
zamanda, Azərbaycanda koronavirusun yeni növünün müəyyən edilib nəzarət altına
alınması üçün müasir laboratoriyalar, müalicə üçün kifayət qədər tibbi ləvazimatlar
və dərman ehtiyatları, tibbi personal və bütün müvafiq strukturlar bu işə səfərbər
edilmişdir.
Millət vəkili vurğulayıb ki, yaranmış vəziyyətdə preventiv, qabaqlama
tədbirlərinin daim nəzarətdə saxlanılması, ölkə rəhbərliyinin çox məntiqi, düzgün
olaraq müəyyənləşdirdiy taktiki və strateji addımdır. Müalicə metodu olmayan
pandemiyadan qorunmağın yeganə yolu onunla qabaqlayıcı tədbirlər vasitəsi ilə
etibarlı şəkildə mübarizə aparmaqdır.
K.Qafarov bildirib ki, bu sahədə həlledici addımı məhz insanlar atmalıdır. Onlar
zəruri ehtiyac olmadığı halda çölə çıxmamalı, kütləvi tədbirlərə, qələbəlik sahələrə
getməməli, qrup halında toplantılardan uzaq durmalıdırlar. Bu tələblər xüsusilə yaşlı
adamlara aiddir. İtaliyada koronavirusun yeni növündən ölənlərin 90 faizindən çoxu
yaşı 50-dən yuxarı olan insanlardır.Şəxsi gigyena qaydalarına ciddi şəkildə əməl
olunması xəstəlikdən qorunmanın ən əsas tələblərindən biridir.
Millət vəkili sözünə davam edərək demişdir ki, Azərbaycan rəhbərliyinin dəqiq,
məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə koronavirusun yeni növünə qarşı mübarizə
tədbirləri uğurla davam etdirilir. Xəstəliklə bağlı epidemioloji şəraitə tam şəkildə
nəzarət olunur. Xəstəliyin geniş yayılmaması üçün bütün zəruri tədbirlər görülür,
idarələr, müəssisələr, təşkilatlar, xəstəxanalar, məktəblər, uşaq bağçaları, kütləvi
əyləncə məkanları, hətta bir sıra küçə və parklar profilaktiki dezinfeksiya edilir.
Kamaləddin Qafarovun fikrincə, hazırkı şəraitdə xalqımız dövlətin ətrafında sıx
birləşməli, verilən bütün qərar və göstərişlər dərhal, operativ şəkildə yerinə
yetirilməlidir. Ajiotaj yaradan hər cür şaiyə, həmçinin insanları vahiməyə salan
məsuliyyətsiz, qeyri-sağlam məqsədli informasiya və fəaliyyətə qarşı kəskin
mübarizə aparılmalıdır. Vətəndaşlarımız diqqətli olmalı, fitnəkar çağırışlara ,
insanlarda panika yaratmağa yönəlmiş məlumatlara inanmamalı, yalnız rəsmi
hökumət məlumatları əsas götürməli və onlara əməl etməlidir.
Millət vəkili K.Qafarov sonda bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının
koronavirusun yeni növünə qarşı mübarizəni daha səmərəli və mütəşəkkil təşkil etmiş
ölkələr sırasında Azərbaycanın da adını qeyd etməsi dövlətin bu sahədə səylərinə
verilən obyektiv qiymətdir. Mən öz mülahizələrimi Azərbaycan Respublikasının
Prezidenti, möhtərəm İlham Əliyevin Azərbaycan xalqına Novruz təbrikində
vurğuladığı ibrətamiz bir fikirlə tamamlamaq istəyirəm:”Əziz həmvətənlər, bacılar və
qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki,
bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib
çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə
dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq",