Tofiq Yaqublu xuliqanlıq ittihamını rədd edir YENİLƏNİB (YENİLƏNİB)

23-03-2020, 19:23   
 

Martın 23-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə Turan  vəkil Elçin Sadıqov məlumat verdi.
Tofiq Yaqublu CM-nin 221.3 (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Sadıqovun sözlərinə görə, Yaqublu ona qarşı sürüldüyü ittihamda təqsirıi bilmir, səhhəti normaldır.
*   *   *
2020 Mart 23 (Bazar ertəsi) 16:38:31
Tofiq Yaqublunu xuliqanlıqla mühakimə etmək istəyirlər (YENİLƏNİB)
Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bu barədə Bakı şəhər prokurorluğunun məlumatında bildirilir.-0-
*   *   *
2020 Mart 23 (Bazar ertəsi) 16:28:59
Tofiq Yaqublunu xuliqanlıqla mühakimə etmək istəyirlər
Bakı/23.03.20/Turan:  Martın 23-də Azərbaycan DİN müxalifətçi siyasətçi Tofiq Yaqublunun həbs olunduğunu təsdiqləyib. DİN mətbuat xidmətinin məlumatına görə, martın 22-də saat 15.00-a yaxın Bakının Nizami rayonunda T.Yaqublunun idarə etdiyi  “Toyota Corolla” avtomobili ilə Elxan Cəbrayılovun sükan arxasında olduğu VAZ-2107 avtomobili toqquşub.
“Baxmayaraq ki, yol-nəqliyyat qəzası  Tofiq Yaqublunun günahı üzündən  baş verib, o, heç bir əsaslı səbəb olmadan Elxan Cəbrayılova və onun həyat yoldaşı Cəvahir Cəbrayılovaya yumruq və qayka açarı ilə xəsarət yetirib”, - DİN mətbuat xidməti bildirib.
Fakt üzrə Nizami Rayon Polis İdarəsində CM-in 221.3-cü maddəsi (silah və ya silah kimi istifadə olunan  əşya ilə törədilən xuliqanlıq) ilə cinayət işi başlanıb. T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb. E.Cəbrayılov və həyat yoldaşı şahid olaraq dindiriliblər. Hazırda istintaq davam edir.
T.Yaqublunun vəkili Elçin Sadıqov onunla görüşə bilmir.
“Martın 22-də axşam polisə getdim, ancaq içəri buraxmadılar. Bu gün də vəziyyət eynidir. Mənə deyirlər ki, istintaq şöbəsinin rəisi və müstəntiq yerində yoxdur. Buna inanmaq çətindir. Bütün bunlar Tofiq Yaqublunun müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”, - E.Sadıqov Facebook səhifəsində yazıb.
Öz növbəsində AXCP sədri Əli Kərimli öz səhifəsində yazıb ki, həbsdən öncə T.Yaqublu ona telefon edərək maşını park vəziyyətdə ikən vurduqlarını deyə bilib. Eyni zamanda başqa bir avtomobilin sürücüsü ona hücum edib, buna görə də o, maşından düşməyib və avtomobilin qapılarını bağlayıb.
Qeyd edək ki, CM-in 221.3-cü maddəsi ilə T.Yaqublunu 3 ildən 7 ilədək həbs təhlükəsi gözləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.