Ultrazənginlər dünyanı bürümüş koronavirus pandemiyasından qorunmaq üçün şəxsi adalarına, qəsrlərə və bunkerlərə qaçır.
Virtualaz.org xəbər verir ki, rieltorlar pandemiya fonunda elit daşınmaz əmlaka tələbatın misli görünməmiş həddə artdığını qeydə alıblar. Bu barədə Böyük Britaniyanın “Homes&Properties” daşınmaz əmlak portalı bildirir.
Portal qeyd edir ki, özünüizolyasiyadan söhbət gedəndə milyarderlər öz vərdişlərini dəyişmirlər. “Quintessentially Estates” beynəlxalq elit daşınmaz əmlak agentliyinin icraçı direktoru Penni Mosqrouvun sözlərinə görə, koronavirusla bağlı lüks sinif mənzillərə olan sifarişlər kəskin artıb. İmkanlı adamlar virusun yayılmasının episentrindən uzaq durmaq üçün böyük pullar xərcləməyə hazırdır. Sığınacaq qismində onlar Şotlandiya qəsrlərini, bunkerləri olan malikanələri və ya Karib arxipelaqında insan yaşamayan adaları seçirlər. İzolyasiya yerlərinə gedib çatmaq üçün oliqarxlar şəxsi təyyarələr və yaxtalar götürürlər, bu da sövdələşmələrin artmasında özünü göstərir.
Koronavirus pandemiyası agentliyin müştərilərə göstərdiyi xidmətlərin çeşidini və müştərilərin sorğusunu əhəmiyyətli dərəcədə dəyişdirib. Misal olaraq Penni Mosqrouv müştərilərdən birinin istəyini göstərib. Həmin müştəri öz arvadı üçün böyük spa-salona malik olan ev almaq istəyirdi ki, arvadı malikanədən çıxmadan bütün kosmetik prosedurlardan keçə bilsin. Digər sifarişçi isə xarici səfərdən qayıdan kimi agentlikdən yeni mənzil almaq istəyib. Çünki qayıdanda o, dəyəri 50 milyon dollara yaxın olan malikanəsinə baş çəkməyə imkan tapmışdı. Malikanədə virus ola biləcəyindən qorxan həmin oliqarx təcili olaraq yaşayış yerini dəyişmək qərarına gəlib.
Şəxsi adalar ətrafında da görünməmiş ajiotaj yaşanır. “Quintessentially Estates” şirkətinin müştərilərindən biri Qrenada sahillərindən 4 mil məsafədə olan İl-de-Kaye adası ilə maraqlanıb və özünün şəxsi təyyarəsi ilə adanın üstündən uçaraq onu araşdırıb. Agentliyin əməkdaşları deyirlər ki, satış üçün adaların seçimi olduqca böyükdür.
Virtualaz.org