“Bundan sonra başqa bir aləmdə, fərqli münasibətlərin olduğu bir dünyada yaşayacağıq”.
Reportyor.info-nun yenicag.az-a istinadən xəbərinə görə, bunu koronavirus pandemiyasının dünya miqyasında siyasi-psixoloji təsirlərini dəyərləndirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.
Onun sözlərinə görə, hazırda dünyanın hər yerində insanlar ciddi qorxu içindədirlər:
“İnsanlar indiki halda həyatları üçün ciddi təlaş keçirirlər, yaşamaq istəyirlər. İki min ildən çox yaşı olan səmavi dinlərin ehkamlarında insanlara deyilir ki, cəhənnəm var, orada yanacaqsınız. İnsanlar o cəhənnəmi görmədikləri üçün təsəvvür etmirlər, onu ciddiyə almırlar.
Ancaq indi faktik gözünün qarşısında belə böyük miqyasda təhlükə yaranıb, insanlar qırılır. Ona görə də, bu, bir qorxu psixologiyasıdır. Havalar hələ soyuqdur deyə, insanlar pulsuz da olsa, zor-xoş evdə otura bilirlər. Aprelin sonundan sonra nə Azərbaycanda, nə də başqa yerlərdə bu insanların küçəyə çıxmalarının qarşısını almaq mümkün olmayacaq.
Hamı insanlar pul qazanmaq, yemək üçün heç nəyə baxmadan küçəyə çıxacaq. Həyat tədricən əvvəlki axarına dönəcək. Bütün bunlarla yanaşı, insan psixologiyası dəyişəcək. Başqa bir aləmdə, fərqli münasibətlərin olduğu bir dünyada yaşayacağıq.
Bu məsələlərin siyasi təsiri iqtisadiyyatdan doğacaq. Azərbaycan kimi ölkələrdə sağlamlıqla yanaşı, iqtisadiyyatın asılı olduğu neft də zərbə altındadır. O kateqoriyaya aid olan ölkələrdə vəziyyət xeyli dəyişəcək. İnsanlar arasında, siyasi müstəvidə gərginlik artacaq, münasibətlər kəskinləşəcək.
İnsanlar hələ bir müddət qorxu psixologiyasının təsiri altında olacaqlar, amma sonra o qorxunu dəf edəcəklər. Ancaq nə dünyanın siyasi xəritəsi dəyişəcək, nə də anarxiya olacaq. Lakin bu fonda dünya iqtisadiyyatı çökür, iİşsizlik artır. Nəticədə psixoliji, sosioloji və iqtisadi yanaşmalar”.
İlham İsmayıl koronavirus pandemiyasının genişləndiyi bir vaxtda ABŞ-da silah satışının artmasına da münasibət bildirib:
“Hər cəmiyyətin spesifik psixologiyası var. Amerikanlar düşünürlər ki, insanlar yemək-içmək uğrunda bir-birilərini qıra da bilərlər. Yəni ölkədən ölkəyə fərq var.
Koronavirusdan ən çox ölüm hallarının qeydə alındığı İtaliyada heç kim düşünmür ki, qaçım əlimdəki pulu dəyişim. Ancaq bizdə insanlar bir müddət də banklarda növbədə qaldılar.
Azərbaycanda mağazalardan daha çox bankların qarşısında növbələr oldu. Ərzaq istehsalçıları yenə öz işlərini görəcəklər. Əksinə, onların iş həcmi daha da artacaq. Təbii, mənim dediklərim Quran ayəsi deyil. Dediyim məqamlar fərdi planda üzə çıxdığı kimi, cəmiyyət şəklində də təzahür edə bilər”. (Yenicag)