Türkiyənin Ege Universitetində azərbaycanlı həkimlərə koronavirus infeksiyası ilə bağlı təlimlər keçiriləcək.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, universitetin tibb fakültəsinin tədris klinikasında təlimlər bu gün aprelin 1-dən başlayıb və iki həftə davam edəcək.
Universitetin rektoru Necdet Budak bildirib ki, müxtəlif ixstisaslar üzrə çalışan azərbaycanlı həkimlər təlimlərə cəlb ediləcək. “Bir millət iki dövlət sadəcə bir sözdən ibarət deyil. Həqiqi dost çətin zamanlarda bəlli olur. Hər iki ölkə bugünədək çətin zamanlarda bir-birilə əməkdaşlıq edib. Bundan sonra da eyni şəkildə hərəkət edəcəyik”,- rektor belə deyib.
Bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusa yoluxanların sayı artır. Təlimlərin məqsədi xəstəliklə mübarizə aparan azərbaycanlı həkimlərə köməklik etməkdir. Ege Universitetində təlim keçən azərbaycanlı həkimlər şəxsi qoruyucu avadanlıqlar və istifadə edəcəkləri vəsaitləri Azərbaycana göndərəcəklər. Bundan sonra onlar da Azərbaycana qayıdaraq həmkarlarına infeksiya ilə mübarizə, xəstəyə qulluq, infeksiyanı nəzarətdə saxlamaq və digər məsələlərlə bağlı 3 aylıq təlimlər verəcəklər.
Rektor Necdet Budak əlavə edib ki, Universitetin Tibb Fakültəsi Xəstəxanası bölgənin ən qədim xəstəxanası olmaqla çətin zamanlarda ağır missyanı üzərinə götürüb. Xəstəxana bütün güclərini səfərbər edib. “Azərbaycanın, eləcə də, ölkəmizin Səhiyyə Nazirliyinin tələbi ilə COVID-19 epidemiyası səbəbilə Türkiyədə müxtəlif xəstəxanalarda çalışan azərbaycanlı tibb işçiləri aprelin 1-dən 14-nə kimi təlim keçəcəklər. Onlar istifadə etdikləri bütün qoruyucu avadanlıqları, tibbi vəsaitləri aprelin 14-də Azərbaycana göndərəcəklər, özləri də Azərbaycandakı həmkarlarına 3 aylıq təlimlər keçəcəklər. Dünya çətin imtahan qarşısındadır. Türkiyə və Azərbaycanın bu çətin günlərin öhtəsindən gələcəyinə inanırıq”,-rektor qeyd edib.
Ü.Xudiyeva
Virtualaz.org