Prezident İlham Əliyev martın 31-də İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək ölkə iqtisadiyyatının qarşısında duran problemlər və onların həlli ilə bağlı danışıb.
Ölkə başçsı kölgə iqtisadiyyatına da toxunub. Sitat: «... Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi. Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır...»
Deputat Vahid Əhmədov Prezidentin çıxışını «Turan» agentliyinə şərh edərkən bildirib ki, kölgə iqtisadiyyatı ilə mübarizə son vaxtlar gündəmdədir: «Dünən iqtisadiyyat naziri M. Cabbarov prezidentə məruzəsində kapital və əmlak leqallaşdırılmasına da toxundu. Bu da çox ciddi məsələdir. Prezidentin göstərişləri çox ciddidir və bu istiqamətdə iş gedir».
V.Əhmədov hesab edir ki, bunun nəticəsi ilk rübün sonunda, ilin axırında büdcəyə əlavə daxilolmalarda özünü göstərəcək: «Əgər o vəsaitlər gələcəksə, deyə biləcəyik ki, kölgə iqtisadiyyatı Azərbaycanda azalır, ya da minimum səviyyədədir».
Vahid Əhmədov həmçinin hökumətin açıqladığı “xilas” paktini də şərh edib: «Hesab edirəm ki, yardımlar hamıya edilməlidir. Xüsusilə günəmuzd işləmişlərə, imkanları olmayanlara. Onlara mütləq yardım edilməlidir. Bu barədə təkliflər verilib. Əgər sahibkara yardım ediriksə, bu, birbaşa müqaviləsi olanlara edilən yardımdır. Günəmuzd işləmiş insanların siyahısı olmalıdır. İndi deyirlər ki, guya siyahı yoxdur. Siyahı yoxdursa, bu məsələ çoxdan həll edilməli idi. Hər bir rayonun icra başçısından bu məlumatlar alınmalı, ümumi kompüterə salınmalı, həllini tapmalı idi. Ola bilməz ki, işləyənlərə nəsə verək, amma günəmuzd işləmişlərə yardım etməyək. Dövlət başçısı da dedi ki, yardım olmalıdır, bu həftədən başlamalıdır».