“COVİD-19-un ortaya çıxardığı qlobal problemlər insanların həyat və sağlamlığının müdafiəsi üzrə effektiv tədbirlər görülməsini tələb edir. Buraya panika və sosial çaxnaşma yarada biləcək dezinformasiyaya qarşı mübarizə də daxildir. Təəssüf ki, bəzi hökumətlər bundan mətbuat azadlığına ölçüsüz məhdudiyyətlər tətbiq edilməsi üçün bəhanə kimi istifadə edir. Bu, səmərəsiz yanaşmadır, buna son qoyulmalıdır”, deyə aprelin 3-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç bildirib.
“Son həftələr ərzində parlamentlər, hökumətlər və yerli hakimiyyət orqanları jurnalistlərin və KİV nümayəndələrinin işinə açıq-aşkar maneə törədə və ictimaiyyətin informasiya əldə etmək hüququnu məhdudlaşdıra biləcək qanunlar, fərmanlar və ya qərarlar qəbul ediblər.
Macarıstanda və Rusiya Federasiyasında pandemiyanı işıqlandıran jurnalistlər, yeni qanunlara əsasən, “yalan informasiya” yayılmasına görə beş ilədək həbs riski də daxil olmaqla, müxtəlif sanksiyalarla üzləşirlər.
Azərbaycanda bu yaxında edilmiş düzəlişlər xəbər saytlarının sahiblərinin üzərinə İnternetdə “zərərli məlumatın” yayılmasına yol verməmək öhdəliyi qoyur.
Rumıniyada fərman hakimiyyətin COVİD-19 və profilaktika tədbirləri haqqında “yalan məlumat” yer alan mətni silmək və veb-saytları bloklamaq imkanı verir.
Bosniya və Hersoqovinada panika yarada biləcək informasiyanın yayılmasına görə cəzaya yönəlmiş fərmanlar və qanunvericilik təklifləri jurnalistlərin işini və sosial şəbəkələrdə fikri ifadə etmək azadlığını məhdudlaşdırmaq riski təşkil edir.
Ermənistanda virusun yayılması haqqında rəsmi mənbələrin məlumatlarına tam uyğun olmayan tibbi və epidemioloji xarakterli məlumatların dərc edilməsini qadağan edən sərt qaydalar qəbul edildikdən sonra bir sıra qəzetlər və veb-saytlar bəzi məlumatları silmək məcburiyyətində qalıblar.
Nazirlər Kabinetinin Jurnalistikanın və jurnalistlərin və digər şəxslərin təhlükəsizliyinin qorunması haqqında 4 saylı Tövsiyəsində (2016) qeyd edildiyi kimi, jurnalistlərin təqiblərdən və ya hücumlardan ehtiyatlanmadan təhlükəsiz şəraitdə işləyə bilməsi çox vacibdir.
Amma Türkiyədə COVİD-19 haqqında reportajlara cavab olaraq bir neçə jurnalist saxlanılıb. Sloveniyada hökumətin pandemiyaya qarşı mübarizə üçün gördüyü tədbirlər haqqında informasiya sorğusu verən jurnalist hökumət koalisiyasına rəhbərlik edən siyasi partiyaya yaxın olan kütləvi informasiya vasitələrinin böhtan kampaniyasının hədəfinə çevrilib.
Hökumətlərin bu pandemiya zamanı misli görünməmiş problemlərlə üzləşdiyinə şübhə yoxdur. Amma bu, mətbuata təzyiq və insanların informasiya əldə etmək imkanının məhdudlaşdırılması üçün bəraət ola bilməz. Jurnalistlər və KİV nümayəndələri ictimai rifaha xidmət edən əvəzsiz iş həyata keçirir. Onların işi pozulmamalı, əksinə, qorunmalıdır.
Avropa Şurasına üzv olan bütün dövlətləri israrla mətbuat və kütləvi informasiya vasitələrinin azadlığını qoruyub-saxlamağa və dezinformasiyaya qarşı mübarizə tədbirlərinin zəruri, ölçülü olmasını və parlament və milli hüquq müdafiə təşkilatları tərəfindən onlara nəzarət olunmasını təmin etməyə çağırıram.
Dezinformasiyaya qarşı mübarizə tədbirləri jurnalistlərin və KİV əməkdaşlarının işlərini yerinə yetirməsinə mane olmamalı və ya İnternetdə məzmunun hədsiz dərəcədə bloklanmasına gətirib çıxarmamalıdır. Bu standartlara uyğun olmayan məhdudiyyətlər tətbiq edən ölkələr təcili olaraq onları ləğv etməlidir.
Contact.az