Müəyyən səbəblərdən ünvanlı sosial yardım ala bilməyən və dolanışığını təmir-tikinti işlərində çalışaraq, şəxsi taksi xidməti göstərərək təmin edənlərin çörək pulunu kim verəcək?

Məlum olduğu kimi, koronavirusun ölkə ərazisində yayılmanın qarşısını almaq üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq ölkədə tətbiq edilən karantin rejimi sərtləşdirildi. Belə ki, ölkədə koronavirus təhlükəsi ilə bağlı olaraq insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılıb.

Hələlik aprelin 20-ə qədər strateji dövlət qurumlarının və dövlət əhəmiyyətli digər özəl qurum və müəssisələrin əməkdaşları istisna olmaqla, əhalinin evdən bayıra çıxması qadağan olunub. Həkimə, ərzaq mağazalarına və əczaxanalara gedənlər isə aprelin 5-dən icazə almalı olacaqlar. Yəni Azərbaycanda əksər sahibkarlıq subyektlərində çalışanların işləri tamamilə dayandı, qazancını fərdi şəkildə təmin edənlər də icazəsiz bayıra çıxa bilmirlər.

Əhalinin maddi vəziyyətinin dəstəklənməsi proqramı evindən çıxmayan bütün vətəndaşları ehtiva edirmi?

Bu vəziyyətdə evindən çıxa bilməyən, faktiki olaraq qazanc əldə edə biməyənlər üçün hökumət tərəfindən yardım ayrılacağı barədə xəbərlər “ölüm vahiməsi” ilə yanaşı, “ac qalmaq qorxusu” ilə yaşayan əhalinin günəmuzd işləyən təbəqəsindən olanları azca da olsa, sevindirmişdi. Amma onların gözlədiklərinin əksinə olaraq İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən yardım proqramlarında bəzi kateqoriyadan olan vətəndaşlara açıq şəkildə hər hansı güzəşt nəzərdə tutulmaması məyusluq və narahatlıq yaradıb…

Halbuki buna qədər hökumətdəki mənbələrə istinadən bəzi media orqanlarında yayılan məlumatlara görə, yaxın günlərdə vətəndaşlara minimum əməkhaqqı (250 manat) məbləğində vəsait ayrılacaqdı. Məsələ ilə bağlı bəzi dövlət qurumlarının nümayəndələri da ümidverici açıqlamalar verərək, layihə üzərində müzakirələr aparılmasını təsdiq etmişdi.

Bununla yanaşı, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov karantin dövründə günəmuzd işləyən imkansız vətəndaşları narahat olmamağa çağırmışdı:

“Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək”.

Bu günlərdə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

Azərbaycan İqtisadiyyat Nazirliyi isə bəyan edib ki, həmin proqlamlar 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. Nazirlik bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, layihə halında olan və müvafiq olaraq 10 istiqamət üzrə təqdim edilən proqramlara aşağıdakılar daxildir:

1. Pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramı.

2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı.

3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı (Qeyd edək ki, bu proqram vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi və s. kimi güzəştlərə görə mühüm əhəmiyyət daşıyır).

4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat).

5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat).

6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket:
• Sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) üçün vəsaitlərin ayrılması.

7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı:
• Xüsusi vəsaitlərin ayrılması.

8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı:
• Əlavə vəsaitlərin ayrılması.

9. Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı:
• Əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması.

10. Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı:
• Xüsusi vəsaitlərin ayrılması

Göründüyü kimi, İqtisadiyyat Nazirliyinin ictimaiyyətə təqdim etdiyi proqramlardan əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket: sosial yardım üçün vəsaitlərin ayrılması, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının yer alıdığı 6-cı və 7-ci proqramlar cəlbedici görünsə də, orada günəmuzd işləyən və hazırda evdə qalanlara yardımla bağlı heç bir ifadəyə rast gəlinmir.

Karantin dövründə kommunal xidmətlərin ödənişində də güzəşt olmayacaq

Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılmasının nəzərdə tutulmasından əlavə, əhalinin bütün təbəqələrindən gözlənilən kommunal borcların ödənilməsi, heç olmasa dondurulması yönündə güzəştlər yer almayıb.

Belə ki, kommunal xərclərin dondurulması məsələsi Gürcüstan və Türkiyə daxil olmaqla, bir çox qonşu ölkələrdə tətbiq olunduğu halda dövlət başçısına təqdim olunan proqramlar paketində elektrik enerjisindən güzəştli istifadə limitinin müddətli artırılmasından (yəni müəyyən dövr üçün) başqa heç bir güzəşt nəzərdə tutulmayıb.

Bu məsələ ilə bağlı mediaya münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, elektrik enerjisinin aylıq limitinin artırılması aşağı qiymətə istehlaka şərait yaratdığı üçün təxminən bir ailəyə 4 manat aylıq güzəşt deməkdir. Bu da kommunal xidmətlər üzrə cüzi güzəşt hesab edilir.

İqtisadçı ekspert, həmçinin qeyd edib ki, əhalinin bütün kommunal xidmətlərdən, ödəniş haqlarından karantin dövründə azad edilməsi həmin ailələrin sabit xərclərinin müəyyən qədər azalmasına, bununla da ailələrin maddi vəziyyətinin nisbətən sabit saxlanmasına, eyni zamanda onların karantin şərtlərinə əməl etməsinə müsbət təsir göstərə bilər.

Ünvanlı sosial yardımın təyinolunma müddəti bitənlərə həmin yardımın verilməsi davam edəcək

Proqrama əsasən, əməkhaqqı fonduna dəstək və işyerlərinin ixtisarı hallarının qarşısının alınması ilə bağlı gözlənilən tədbirlərə əsasən, əməkhaqqına subsidiya iki əmsal üzrə tətbiq ediləcək və tam zərər çəkən sahələrdə 1, qismən zərər çəkən sahələrdə isə 0,7 olacaq. Birinci kateqoriyaya aid fəaliyyət sahəsində muzdla çalışan və 700 manat maaş alan şəxsə bu məbləğ tam həcmdə ödəniləcək. Əgər vətəndaş ikinci kateqoriyaya daxil olan fəaliyyət sahəsində çalışırsa və 700 manat maaş alırsa, bu zaman 700 manata 0,7 əmsal tətbiq ediləcək və ona 490 manat ödəniləcək. Kompensasiyanın 304 min muzdlu vətəndaşa şamil edilən dəstək paketlərinə görə, ictimai iaşə, xidmət və turizm sahələrində muzdla çalışanlar üçün 712 manatdan artıq olmamaq şərti ilə 100 faiz kompensasiya almaq imkanı yaradılır.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır. Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 2020-ci il 1 aprel tarixli Qərarı da bu məqsədə xidmət edir.

Qərara əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılır. Belə ki, qanunvericiliyə uyğun olaraq, ünvanlı sosial yardım ailəyə iki il müddətinə təyin olunur. Lakin indiki şəraitdə bu müddət bitdiyi halda, ailəyə yardımın verilməsi dayandırılmayacaq.

Bu sosial dəstək baxımından çox təqdirəlayiq addımdır. Lakin Azərbaycan reallığına diqqət yetirəndə müəyyən səbəblərdən ünvanlı sosial yardım ala bilməyən və dolanışığını fərdi təmir-tikinti işlərində çalışaraq, şəxsi maşınında taksi xidməti göstərərək təmin edənlərin çörək pulunu kim verəcək? Belə ki, koronavirus pandemiyası bir çox peşə sahibləri kimi təmir-tikinti sahəsində çalışan ustaları, fəhlələri və taksi sürücülərini də çörəksiz qoyub. Vətəndaşlar evdə oturmağa üstünlük verdiklərindən onların xidmətlərindən istifadə olunmur. Ona görə də təbii olaraq hökumətdən yardım gözləyirlər.

Günəmuzd işləyən vətəndaşa birbaşa güzəştlər nəzərdə tutulmayıb

Günəmuzd işləyənlərə həmin proqramlarda konkret olaraq və birbaşa hansısa formada yardım nəzərdə tutulmamasına ekspertlər də reaksiya veriblər. AzToday.az-ın məlumatına görə, mediaya açıqlamasında iqtisadçı ekspert R.Həsənov bildirib ki, təqdim olunan proqramlar yalnız biznesə və legal əmək bazarının içtirakçılarının hansısa formada müdafiəsi xarakteri daşıyır. Onun sözlərinə görə, indiki durumda işsizlik müavinəti, sosial yardım kimi, sosial müdafiə mexanizmlərinin əhatə dairəsinin daha da genişləndirilməsi şərtdir və bu proqramlar qeyri-legal əmək bazarı iştirakçılarına uyğun deyil.

R.Həsənov deyib ki, bu yardımlardan faydalanmaq üçün faktiki olaraq qanuni əmək bazarının iştirakçısı olmaq, əmək müqaviləsinə sahib olmaq kimi şərtlər var. Ekspertin sözlərinə görə, görünən odur ki, indiki şəraitdə vətəndaşa birbaşa güzəştlər nəzərdə tutulmayıb.

Qeyd edək ki, sosial paketdə ümumi yardımdan bəhs olunsa da, hətta onun ödəniş mexanizminin qeyri-müəyyən olması, qeyri-rəsmi olaraq və ya günəmuzd işlərdə çalışanlara konkret olaraq maliyyə yardımının nəzərdə tutulması narahatlıq yaradır. Ona görə ki, elə paytaxtın özündə hazırda qeydiyyatsız yaşayan sayı milyonlarla hesablanan əhali var və onların ailə başçılarının əksəriyyəti də ya ticarət mərkəzləri və bazarlarda satıcı və fəhlə işləyən, ya da vətəndaşların şəxsi evlərində tikinti və təmir işlərində çalışan, ya da şəxsi minik maşını ilə taksi xidməti göstərənlərdir. Əsas kasıb təbəqəni təmsil edən bu vətəndaşların əksəriyyəti rayonlardan gəldiyi üçün bir çox səbəblərdən ünvanlı sosial yardım almaq imkanı məhduddur, heç birinin də əmək müqaviləsi yoxdur, əksər hissəsi kirayədə qalır.

Qeyd edilən səbəblərdən sözgedən əhalinin tələbatını ödəmək üçün hökumət səmərəli mexanizm fikirləşməlidir. Bunun üçün də hazırda vətəndaşların lazımsız yerə evdən çıxmasının qarşısını almaq üçün SMS-lə icazə mexanizmində şəxsiyyət vəsiqəsi məlumatlarının tətbiqində olduğu kimi, birbaşa yardım üçün məhz şəxsiyyət vəsiqəsi əsasında hər bir vətəndaşa birbaşa yardım verilə bilər (Xatırladaq ki, ABŞ hakimiyyəti fərq qoymadan birbaşa bütün vətəndaşlara 1200 dollar, yetkinlik yaşına çatmayanlara 500 dollar ödəməyi qərara alıb). Vəsaitə qənaət etmək baxımından Azərbaycanın indiki maliyyə durumunu və dövlət büdcəsinin vəziyyətini də nəzərə alaraq ailələrə adambaşına 50-100 manat arasında maliyyə yardımı göstərilməsi ən səmərəli mexanizm ola bilər. Necə ki, Kür daşqını zamanı hökumət adambaşı yardım mexanizminə üstünlük vermişdi. Həmin vaxt əhali arasında yardımlara görə hər hansı bir narazılıq müşahidə olunmamışdı. Bu dəfə də hakimiyyətin Kür-Araz daşqınları zamanı olduğu kimi “adambaşı yardım mexanizmi” effektli olardı. Görünür, rəsmi qurumlar qeyri-leqal əmək bazarından ümumiyyətlə məlumatlı deyil və koronavirusun yaratdığı vəziyyəti düzgün qiymətləndirə bilmir.

Yox əgər İqtisadiyyat Nazirliyi tərəfindən elan edilən yardım proqramlarında göstərilən şəkildə yardımlar verilsə, ölkədə, o cümlədən Bakı şəhərində yaşayan əhali arasında narazılıq yarana bilər. Təbii ki, son illər hakimiyyətə qarşı tənqidi daha çox sosial məsələlər üzərində quran bəzi müxalifət qüvvələr bundan istifadə edə bilərlər. Onsuz da dəstək paketi üzrə proqramların hazırlanması və tətbiqi ilə bağlı ləngimə və sosial yardımların məzmunu barədə qeyri-müəyyənlik indidən narahatlıq doğurur.

Orxan Məmmədli

AzToday.az