Təklif edirəm ki, bütün iri və məhəlli marketlərdə "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə rəflər yaradılsın.
Bu vasitə ilə biz imkansız vətəndaşlarımıza yardım edə bilərik.
Bəzən birimizin bir çörək, ya bir qutu çay yardım etməyə gücümüz çatır. Lakin yardımımızın az olmasına görə elə olur ki, onu ehtiyacı olan ailələrə çatdırmağa utanırıq.
Təklif etdiyimiz qayda olsa, hər kəs bu kampaniyada iştirak edə bilər. Təklifimiz bu ki, "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə yaradılan rəflər marketlərin girəcəyində yaradılsın. Yardım etmək istəyən vətəndaşlar kassada aldıqları ərzaqlara ödəniş etdikdən sonra həmin ərzaqları "Ehtiyacın varsa, götür, imkanın varsa, yardım et!" elanı ilə yaradılan rəflərə qoysunlar və beləcə də ehtiyacı olanlar o rəflərdən ehtiyac duyduqları ərzaqları götürə, yardım etmək istəyənlər isə oraya yerləşdirə bilərlər.
Yardımın böyüyü, kiçiyi olmaz deyiblər. Və beləcə cəmiyyətlər, toplumlar bütövləşməyə, sosiallaşmaya, sevgiyə, qayğıkeşliyə, diqqətə, insanlığa bu cür addımlarla öyrəşdirilir, vərdişlər belə formalaşdırılır.
İri marketlərə - Bravo, Araz, Favorit, Rahat, Oba və s., o cümlədən məhəlli marketlərə səslənirəm:
Bu təşəbbüsü gerçəkləşdirin ki, ehtiyacı olan insanlarımıza hamı yardım edə bilsin, ölkəmizin bu çətin dönəmində
#evdəqal kampaniyası zamanı ac insanımız olmasın. Bu ağır günlərdə hamımız bir yerdə olaq, kimsə ümidsiz olmasın.
P.S. İndi sosial şəbəkələrdə paylaşımlarda rast gəldim ki, artıq Göyçayda mağazaların birində belə rəf yaradılıb. Alqışlayır və bütün marketləri bu kampaniyaya qoşulmağa çağırıram.