Koronavirusun planetimizin müxtəlif bölgələrinə qeyri-bərabər yayılması bu sahədə çalışan alimləri də maraqlandırıb.
Bu sahədə ən ciddi araşdırma "Massaçussets" Texnologiya İnstitunun alimləri Qasim Buxari və Yusif Camal tərəfindən aparılıb. Həmin tədqiqat bir çoxlarında epidemiyanın tempinin aşağı salacağına dair ümid yaradıb. Belə ki, onlar yoluxma hallarının 90%-nin müsbət 3-17 dərəcə arasındakı hava istiliyi və 4-9 q / m³ rütubət olduğu zaman meydana gəldiyini aşkar ediblər. Onlar hesab edir ki, yüksək temperatur virusun yayılmasını əngəlləyir.
Lakin “The Washington Post” qəzetinin xəbərinə görə, Amerika Milli Elmlər Akademiyasının (NAS) “21-ci əsrdə yeni infeksiya xəstəlikləri və sağlımlığa yönələn təhdidlər üzrə daimi komitəsi”nin Ağ Evə göndərdiyi hesabat bununla bağlı fikirləri dəyişdirə bilər. Sənəddə hava temperaturunun və rütubətin koronavirusun yayılmasına təsiri barədə əldə olunan nəticələrin son olmadığı və bu mövzuda başqa informasiyalar alınmadığı vurğulanır. Ekspertlər yuxarıda adları çəkilən alimlərin araşdırmasında bəzi çatışmazlıqları təsbit edərək, olduqca məhdud bir zamanda əldə edilən sonucların qəti nəticəyə gəlmək üçün əsas olmadığını bildiriblər.
“Bəzi məlumatlar doğrudan da SARS-CoV-2 virusunun yüksək temperatur və rütubət şəraitində daha az effektli olduğunu göstərir. Lakin dünyadakı insanların əksəriyyətinin immunitet zəifliyi nəzər alınsa, həmin “effektivliyin azalmasının” infeksiyanın yayılma sürətinə təsiri yüksək olmaya da bilər. Bunun üçün sosial məsafənin qorunması kimi məhdudlaşdırıcı tədbirlər mütləq olmalıdır”,-deyə hesabatda qeyd edilir.
Alimlər vaxtilə SARS və MERS kimi virusların heç də özlərini mövsümə uyğun aparmadıqlarına diqqət çəkiblər. Bundan başqa, virusun yayılmasında coğrafi, səhiyyə sistemi, əhali arasında gəlirlərin paylanması və xəstəliklərin tez müəyyənləşdirilməsi kimi amilləri nəzərə almaq lazımdır.
NAS ekspertlərinin hesabatı Ağ Ev üçün xəbərdarlıq xarakteri daşıyır və onlar federal hökuməti yay fəslində də məsələnin ciddiyətini qorumağa və koronavirusun bir sonrakı dalğalarına hazırlaşmağa çağırıblar.
Musavat.com