Maksim Suçkov
“Əl-Monitor”, 12.04.2020
Aprelin 10-da OPEC, Rusiya və digər ölkələr neft hasilatını müvəqqəti azaltmaq üçün yeni bir razılığa gələ bilib. Müqavilə əsas neft istehsal edən ölkələrin enerji nazirlərinin keçirdiyi təxminən 9 saatlıq videokonfransdan sonra əldə olunub.
Yeni saziş may və iyun aylarında gündəlik neft hasilatını 9,7 milyon barel, yəni 23 iştirakçı ölkədən 22-nin 2018-ci ilin oktyabrındakı hasilat səviyyəsi ilə müqayisədə, hasilatı 23% azaltmağı nəzərdə tutur. Rusiya və Səudiyyə Ərəbistanının azaldacağı hasilat gündəlik 11 milyon bareldən 8.5 milyon barelə qədərdir. Meksika isə hasilatı 400.000 barel azaltmaqdan imtina edib və yalnız 100.000 barelə razılaşıb.
Aprelin 12-də ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Səudiyyə kralı Salman bin Əbdüləziz Ali-Səudu təbrik etmək üçün üçtərəfli danışıq aparıb. Putin və Tramp daha sonra ayrıca söhbət ediblər.
Bundan başqa, razılıq əldə edilməmişdən əvvəl Səudiyyə Ərəbistanı kralı Salman, Tramp və Putin arasında təxminən saat yarım davam edən üçtərəfli telefon danışığı reallaşıb. “Tərəflər qlobal neft ticarətindəki vəziyyətin sabitləşdirilməsi və neft qiymətlərinin dəyişkənliyinin qlobal iqtisadiyyata mənfi təsirinin minimuma endirilməsinə dair fəaliyyətlərin əlaqələndirilməsinə sadiq olduqlarını təsdiq ediblər”, – deyə Kremlin qısa press-relizində bildirilib.
İlkin OPEC + sazişindən sonra Tramp rusiyalı vəzifədaşı ilə danışıb.
“Prezidentlər qlobal neft bazarındakı cari inkişaflar, o cümlədən neftin qiymətinin sabitləşməsi məqsədilə hasilatın həcminin azaldılması barədə ilkin OPEC + sazişi barədə fikir mübadiləsi aparıblar. Donald Tramp bir neçə neft hasil edən ölkənin liderləri ilə təmasları haqqında məlumat verib. Prezidentlər bu məsələ ilə bağlı Rusiya-Amerika məsləhətləşmələrini davam etdirməyə razı olublar”, – deyən Kreml iki liderin COVID-19 pandemiyası və kosmosdakı əməkdaşlığa da toxunduğunu açıqlayıb.
Putin daha sonra Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon əlaqəsi yaradaraq Rusiya-Səudiyyə əlaqələrinin təfərrüatlarını – Moskva ilə Ər-Riyad arasında neft qiymətləri müharibəsi başlayandan bəri ilk müzakirə aparıb.
“Xam neftin azaldılmasının müəyyən parametrləri üzrə 23-dən 22-nin konsensusu OPEC + nazirlərinin səylərinin qeyd-şərtsiz uğuru olub. Onlar müəyyən öhdəliklər götürüb və bu öhdəliklər haqqında razılıq əldə ediblər”, – deyə Putinin sözçüsü Dmitri Peskov müqavilə barədə danışıb.
O əlavə edib: “Sənədin özü çox müsbətdir və qlobal bazarların tələbatıdır. İnanırıq ki, mütəxəssislər Meksika ilə konsensusu rəsmiləşdirib yekunlaşdırmağa müvəffəq olacaqlar”.
Əvvəlcə Rusiyanın OPEK-lə ayrılması fikrini tənqid edənlərin arasında olan “Lukoil” vitse-prezidenti Leonid Fedun jurnalistlərə açıqlamasında yeni razılaşma olmazsa, qlobal neft anbarının 40-45 gündə dolacağını söyləyib. Bu halda Rusiya öz neft yataqlarını “dondurmalı” və bir barelini 15-20 dollara satmalı idi.
Yeni sövdələşmədə, neft maqnatının sözlərinə görə, qiymətləri bir barel üçün 30-40 dollar həddində saxlayacağı razılaşmanı məqbul edir. Bununla belə, Moskvanın hasilatın gündəlik 2,5 milyon barel azaltması Fedunu qane etmir: “Mən bunu 1918-ci ildə Brest müqaviləsi ilə müqayisə edərdim. Bolşeviklərin Almaniya ilə alçaldıcı müqaviləni imzalamasına”.
Brest-Litovsk müqaviləsi 3 mart 1918-ci ildə Rusiyanın yeni bolşevik hökuməti tərəfindən imzalanmış və Rusiyanın Birinci Dünya müharibəsində iştirakına son verib, nəticədə, Baltikyanı ölkələr üzərindəki Almaniyanın hegemonluğu tanınıb. Üstəlik, Ukraynanın müstəqilliyi. Rusiyanın Cənubi Qafqazdakı ərazisi və Qars vilayəti Osmanlı İmperiyasına verilib.
Bəziləri 10 aprel müqaviləsini Trampın qələbisi kimi yozublar. Rusiyanın məşhur sağçı nəşri “Svobodnaya Pressa”nın yazarı Aleksey İlyaşeviş qeyd edib: “Yeni müqavilənin əsas qalibi Donald Trampdır. Aparıcı neft ixrac edən ölkələrin zirvə görüşü onun ssenarisinə uyğun keçirilib. Putin və vəliəhd şahzadə MBS-in danışıqlar masasına qayıtması və güzəştə getməyə hazır olduqlarını ifadə edən ABŞ prezidenti idi. Mart ayında Rusiya hasilatın gündəlik 1,5 milyon barel həcmində azaldılmasını nəzərdə tutan müqaviləni uzatmaqdan imtina edib. İndi gündəlik 2,5 milyondan 2,8 milyon barelə qədər azaltmaq məcburiyyətindədir. OPEC + ilə daha böyük bir öhdəlik götürməyə dəyərmi? Moskva və Ər-Riyad milyonlarla bareli bazardan çıxarmalı olacaq, Vaşinqton isə yüz minlərlə. Deməli, ABŞ qiymət dəyişikliyinə daha çevik reaksiya verə biləcək bir oyunçudur. O, imtiyazlı bir vəziyyətdə qalır”.
Bəzi Rusiya neft bazarı analitikləri yeni razılaşmaya dair daha pessimistdirlər. Rusiya və postsovet məkanlarında neft və qaz sənayesinin monitorinqi və təhlili üzrə ixtisaslaşmış “RusEnergy” şirkətinin ortağı Mixail Krutixin yeni razılaşmanın Rusiya iqtisadiyyatı üçün uzunmüddətli nəticələrə səbəb olacağını söyləyib.
O deyib: “Rusiyada 180 minə yaxın neft quyusu var. Hasilatı 23% azaltmaq üçün təxminən 14000 quyu bağlanmalıdır. Orta hesabla bir quyudan gündəlik 9,5 ton neft hasil olunur. Müqayisə üçün, Səudiyyə Ərəbistanında bir quyu gündəlik 1000-2000 ton istehsal edir. Bu, Rusiyanın 16 dəfə çox quyu bağlaması deməkdir.
İndi quyuların bağlanmaması üçün şirkətlər neft quyularına elektrik enerjisini və su ötürülməsini kəsməlidir. Texniki cəhətdən bu, çox çətin deyil, lakin sonradan bu quyularda hasilatı bərpa etmək çətin olacaq. Quyular təqribən 2 ay işləmirsə, təmizlənməli olan parafin və stearin yataqları meydana gələcək. Şimalda (əksər Rusiya neft yataqlarının olduğu) quyular da buzlanır, karbohidrogen qazlarının hidratları əmələ gəlir və bir həlledicidən istifadə etməli, nasos texnikasını təmizləməlidir və s. Bu, bahalı bir işdir”.
Krutixin əlavə edib: “Bu ehtiyatların bir hissəsi istehsal fəaliyyətlərini bərpa etmək mümkün olsa da, yeni ehtiyatların açılması üçün vəsait olmayacaq. Gəlir çatışmazlığı olacaq və daxili istehlakı təmin etmək üçün ixracı azaltmaq məcburiyyəti yaranacaq. Bu o deməkdir ki, yeni OPEC + sazişində neftin qiyməti bir qədər artsa da, ixracın azaldılması səbəbindən yenə də [dövlət] büdcəsinə gəlir az olacaq. Bu, maddi bir fəlakətdir. Sıravi insanlar üçün fəsadlar dəhşətli olacaq”.
Bəlkə də, bu ağır nəticələrin qarşısını almaq üçün Rusiya Energetika Nazirliyi razılaşmanın ilkin olduğunu və düzəliş edilə biləcəyini vurğulayıb. “Razılaşdıq ki, müqavilənin müddəti iki ildir. Bu, bazar üçün vəziyyətin bərpası, tələb və təklif tarazlığının bərpası üçün tədbirlərin görülməsi üçün ən təsirli müddətdir”, – deyə energetika naziri Aleksandr Novak danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, bazar vəziyyəti gözləniləndən daha tez yaxşılaşsa, istehsal qərarları dəyişdirilə bilər.
Novak deyib ki, Rusiya şirkətlərinin istehsalın azaldılmasına hazırdır və hökumət “neft şirkətlərinin rəhbərləri ilə əlaqə qurub.
Tərcümə: Strateq.az