“Ölkəmizdə dayanıqlı iqtisadi-siyasi inkişaf dinamikası, daxili və xarici siyasətin prioritetləri, əhalinin sosial rifahının yüksəldilməsi səyləri münbit əsaslardan qaynaqlanır və bu tendensiya koronavirus pandemiyası dövründə də öz aktuallığını qoruyub saxlamaqdadır. Prezident İlham Əliyev dünən keçirilən müşavirədə özünün dərin məzmunlu çıxışı, ayrı-ayrı hökumət üzvlərinin hesabatlarına münasibət bildirərkən qarşıya qoyduğu vəzifələr və müəyyənləşdirdiyi hədəflər cəmiyyətdə pandemiya nigarançılığını yaşayan xalqımıza çox böyük ümid və pozitiv enerji verdi”.
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə irəli sürdüyü fikirlərini şərh edərkən bildirib.
Millət vəkili qeyd edib ki, ölkə prezidenti müşavirədə Azərbaycanda son dövrdə baş verən mürəkkəb proseslərin parlaq analizini verdi, 2020-ci ilin gərgin hadisələrlə zəngin olan birinci rübünün iqtisadi, siyasi, mənəvi-psixoloji və sosial aspektlərini ətraflı təhlil etdi, görülən işləri dəyərləndirərək, qarşıda duran taleyüklü problemlərin həlli perspektivlərini göstərdi. Dövlət başçısı müasir vəziyyət və reallıqlardan bəhs edərkən dedi:” Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik”.
K.Qafarovun fikrincə, artıq ölkəmizdə aparılan balanslaşdırılmış siyasət bir sıra mühüm qabaqlayıcı tədbirlərin reallaşdırılması ilə öz uğurlu təsirini göstərməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında əsasən qeyd edib ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlər, həmçinin gerçəkləşdirilən sosial tədbirlər qarşıdakı zamanda da həyata keçiriləcək. Başqa sözlə deyilsə, islahatlar bundan sonra da davam edəcək. Bu amil, şübhəsiz irəliyə doğru atılan inamlı, düşünülmüş addımların məntiqivə uğurlu nəticəsidir.
Millət vəkili bildirmişdir ki, xalqımızın və ölkəmizin lideri möhtərəm İlham vƏliyevin dünənki müşavirədə söylədiyi fikirlər, cəsarətlə demək olar ki, cəmiyyət üzvlərinin nigarançılığını xeyli şəkildə aradan qaldırdı, insanları günlərlə nigarançılıqda saxlayan bir sıra məsələlərə birdəfəlik aydınlıq gətirdi. Dövlətimizin başçısı, əhalini daha çox narahat edən manatın devalvasiyası ilə bağlı şaiyələrə açıq və birmənalı cavab verdi:”…Hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur. Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar… Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar”.
Kamaləddin Qafarovun fikrincə, ölkə başçısının inandırıcı, əsaslandırılmış, praqmatik mülahizələri, təhlilləri və Azərbaycanda baş verən bütün proseslərə yaxından bələd olmasını, onları daimi nəzarətdə saxlamasınə əks etdirən real mənzərə xalqımızın ona olan inamını və sevgisini yenidən artırdı. Dövlətimizin başçısı müşavirədə dinləmələr və onlara münasibət zamanı söylədiyi fikirlər xalqda məmnunluq və razılıq yaratdı.
Prezidentimizin makroiqtisadi vəziyyətin qorunması, bankların özünüməşğulluq proqramına qoşulmasına yüksək qiymət verməsi, şübhəsiz, məhz bu amillərin maliyyə sabitliyinin qorunmasında rolu ilə əlaqədardır. Bu amillər, əhalinin sosial rifahının yüksəldilməsi üçün də həlledici funksiyaya malikdir.
Millət vəkili sözünə davam edərək demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müşavirədə pandemiya dövründə əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, karantin dövrünün çətinlikləri, islahatlar prosesinin genişləndirilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri və Azərbaycanın inkişaf perspektivinin bir sıra spektrləri geniş müzakirə və təhlil olunmuşdur.
Millət vəkili sonda bildirmişdir ki, bu müşavirədə dövlət başçısı bir daha ilk gündən vətəndaşının yanında olduğunu, bundan sonra da ölkə vətəndaşlarının rifahı üçün bütün addımları atacağını bəyan etdi. Ölkəmizin gücü, obyektiv çətinliklərə uğurla sinə gərməsi onun iqtidar-xalq birliyində, cəmiyyətimizin üzvlərinin iqtidarın siyasətini ürəkdən bəyənməsi və onu birmənalı şəkildə dəstəkləməsindədir.