Məşhur professordan koronavirusla bağlı ŞOK MÜSAHİBƏ: İnsanlar dəhlizlərdə öləcək, əgər...

16-04-2020, 09:52   
 
Üç ay ərzində SARS-CoV-2 virusuna yoluxanların sayı iki milyonu keçib, 120 mindən artıq insan ölüb. Bu, dünyanın ən qlobal və sürətlə yayılan infeksiyalarından biridir ki, artıq dövlətlərin sərhədlərinin bağlanmasına və meqapolislərin təcrid olunmasına səbəb olub.
Moskva Dövlət Tibb Universiteti Xəstəxanasının direktoru, professor Jilbert Massar koronavirus epidemiyasının nə zaman bitəcəyi və xəstələrin ölüm səbəbləri haqqında danışıb.
Publika.az professorun Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir.
- COVID-19-u adi soyuqdəymədən və ya qripdən fərqləndirə bilmək üçün hansısa üsul var? Simptomlar oxşardır, amma bəlkə bəzi xüsusi əlamətlər var?
- Diaqnozu təsdiq etməyin yeganə yolu COVID-19-da polimeraz zəncirvari reaksiya metodu əsasında test həyata keçirməkdir. Fakt budur ki, simptomlar qriplə müqayisədə daha az və ya eyni dərəcədədir. Fərqli ola biləcək əlamətlər dad, qoxu itkisi, ishal, oynaq, boğaz ağrısı, öskürək və digər kiçik simptomlardır. Ancaq bunlara olduqca az rast gəlinir.
Əsas əlaməti təngənəfəslikdir, bu halda təcili sürətdə həkimə müraciət etmək lazımdır. Hərarət və öskürəyi olan xəstələrə yalnız parasetamol verilir və infeksiyanı yaymamaq üçün karantin rejimində saxlanılır. Ancaq təngənəfəslik ağırlaşmanın başlandığını göstərir və intensiv terapiya tələb olunur.
İnsan necə yoluxa bilər? İlk növbədə əlbəttə ki, COVID-19-dan əziyyət çəkən bir xəstənin öskürdüyü zaman ətrafa yaydığı mikroskopik damcılar vasitəsi ilə. Bilirik ki, bu damcılar xəstədən iki metrdən uzaq məsafəyə yayılır, odur ki, digərləri ilə məsafəni qorumaq lazımdır. Digər vacib amil zamandır. Əgər yoluxmuş bir insanla yolunuz kəsişsə və ona iki metrdən çox yaxınlaşsanız, bu sizin virusa yoluxduğunuzu göstərmir. Ancaq onunla 15 dəqiqədən çox vaxt keçirsəniz, onda risk artır.
İkinci ötürmə üsulu - virusun yerləşdiyi səthlərə toxunmaqla keçir. Bir xəstəyə və ya onunla təmasda olan əşyalara toxunduqda, virusun əlinizə hopacağı şübhəsizdir. Sabunlamadan əllərinizi gözünüzə, burnunuza və ağzınıza toxundurmağa başlasanız, infeksiyaya yoxulmaqdan xilas olmaq mümkün deyil. Odur ki, əllərin mümkün qədər tez-tez yuyulması vacibdir. Evdə sabunla yumaq kifayət edəcək, ancaq küçəyə çıxarkən spirtli antiseptiklərdən istifadə edə bilərsiniz. Əlbəttə ki, xəstəliyin yayılmasını azaltmaq üçün özünütəcrid və karantin qaydalarına əməl etməlisiniz. Bütün insanların bunu başa düşmələri vacibdir, çünki belə bir vəziyyətdə edə biləcəyimiz yeganə öhdəlikdir. Sonra bütün bu zərərli dalğa azalacaq.

- Böyük Britaniyada bunun əksini etməyə çalışdılar: bütün əhalinin virusa yoluxmasını, bununla da immuniteti inkişaf etdirmək istədilər. Ən azından Baş nazir Boris Conson əvvəlcə bu qərara gəlmişdi. Bəlkə də virusun yayılmasının qarşısını həqiqətən almaq lazım deyil, sadəcə ən ağır hallar qeydə alınsın...
- Əlbəttə ki, xəstəliyin gedişatının müxtəlif variantları var. Reanimasiyada süni nəfəs aparatına qoşulmalı və xəstəxanada müalicə edilməli olanlar var. Xəstəliyin özünü demək olar ki, heç bir şəkildə göstərməyən başqa bir qrup insan var ki, onlarda ümumiyyətlə simptomlar olmaya bilər. Belə insanların sayını qiymətləndirmək çətindir.
Artıq imtina edilmiş Britaniyadakı strategiyaya gəlincə, bunda həqiqət payı var. Xəstəlikdən sağalan bütün insanlarda antikorlar olacaq və bu, epidemiyanı dayandıra bilər. Bilirik ki, epidemiyanı dayandırmaq üçün əhalinin 70 faizi immunizasiya keçirməlidir. İndi qarşılaşdığımız problem ondadır ki, mexaniki ventilyasiya ilə reanimasiyaya ehtiyacı olan xəstələrin sayını dəqiq bilirik. Onlar cəmi dörd-beş faiz ola bilər, ancaq bütün reanimasiya otaqları dolu olarsa, insanlar sadəcə dəhlizlərdə və gözləmə otaqlarında öləcəklər. Onları reanimasiyaya yerləşdirməyin heç bir yolu olmayacaq. Anlamaq lazımdır ki, belə xəstələr iki-üç gün ərzində deyil, dörd həftə müddətində intubasiya edilməlidir. Odur ki, təcridetmə siyasəti yalnız insanları infeksiyadan qorumağa deyil, həm də tibb sisteminin çökməsinin qarşısını almağa yönəldilib. Beləliklə, epidemiyanı genişləndirəcəyik, ancaq daha az insan itkisi və adaptasiya imkanı ilə.
- Xəstələrin ölümünə nə səbəb olur? Axı insanlar konkret olaraq sadəcə bu virusdan ölə bilməz...
- Xəstələri distress sindromu öldürür. Bu o deməkdir ki, ağciyərlər qanın normal oksigen qəbul etməsini təmin edə bilmir. Süni nəfəs aparatı sayəsində bu çox vaxt düzəldilir, lakin həmişə deyil, çünki bəzən vəziyyət o qədər mürəkkəbləşir və ağciyərlər hədsiz zədələnir ki, heç nə kömək etmir. Yaşlılar bədənləri zəiflədiyi üçün daha çox risk altındadır. İnsan nə qədər yaşlı olarsa, xroniki obstruktiv ağciyər xəstəliyi, ürək-damar xəstəliyi, şəkərli diabet kimi patologiyaları varsa və ya sadəcə kökdürsə, sağalma proqnozu bir o qədər qaranlıqdır. Ancaq əsas amil yenə də ağciyər sağlamlığıdır.
Distress sindromuna yalnız virusun səbəb olmadığını başa düşmək vacibdir. Bu, bədənin təbii reaksiyası ola bilər: ağ qan hüceyrələri, limfositlər sitokinlər istehsal edir və sitokinlərin səviyyəsinin artması ilə distress sindromu inkişaf edir. Bu, mütləq bir virus deyil, bədənin reaksiyasıdır. Bu mənada orqanizm özü-özünü öldürür.

- Bu yaxınlarda bildirildi ki, COVID-19 xəstələrində ağciyərlərin tənəffüs funksiyası sağaldıqdan sonra da 20-30 faiz azalır. Sətəlcəmdən sonra da bu baş verir və ya özünəməxsus simptomdur?
- Yalnız 40 illik tibbi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, dörd həftəlik süni tənəffüs aparatına qoşulan hər bir xəstədə tənəffüs funksiyası azalır. Ağciyərdə heç bir əməliyyat olmasa belə, həyatı davam etdirmək üçün xəstəyə müqavimət göstərməmək məqsədilə xüsusi dərmanlar verilməlidir: yuxu həbləri, əzələ müqavimətini azaldan preparatlar. Nəticədə bütün əzələlərin həcmi azalır, odur ki, bərpa olunduqdan sonra ümumi əzələ zəifliyi görünür.
- Yəni nəticələr geri dönə bilər?
- Bəli, reabilitasiyadan sonra hər şey normal vəziyyətə qayıda bilər, amma bu bir neçə həftədən bir neçə aya qədər davam edən uzun bir prosesdir.
Digər bir təhlükə xəstənin yüksək oksigen konsentrasiyasına ehtiyacı olduğu zaman meydana çıxır. Ağciyərlərimiz təxminən 21 faiz oksigenlə nəfəs alır, lakin bəzən reanimasiyada 21 deyil, 100 faiz oksigenə ehtiyac duyulur. Həyatı xilas edə bilər, ancaq ağciyərlərə zərər verə bilər: yüksək oksigen konsentrasiyası ağciyər fibrozuna səbəb ola bilər. Sonra əzələlər normal işləsə belə, yenə də tənəffüs funksiyasında çətinlik yaranacaq.
- Xəstəxanalarda yerin olmaması və süni nəfəs cihazlarının çatışmazlığı səbəbindən varlı insanlar bu aparatları evdə quraşdırmaq üçün satın alırlar.
- Ventilyatorun normal işləməsi üçün həkimlərin və təcrübəli şəxslərin gecə-gündüz monitorinqi tələb olunur. Bu peşəkar səviyyədə həyata keçirilməli olan prosedurdur. Ən azı üç həkim, altı ixtisaslaşmış tibb bacısı, 12 sanitar işçisi olmalıdır və bunu evdə tənzimləmək mümkün deyil. Rusiyada rəsmi icazə olmadan evdə reanimasiya şöbəsi açmağa imkan verən qanun varmı bilmirəm. Hətta maskasız ağciyərlərin süni nəfəs aparatına qoşulmasını belə həyata keçirmək olmaz. Üstəlik, bu cihaz sayəsində virusun otaq boyunca yayılması riski var. Əlbəttə ki, avadanlığı və təcrübəsi olan xəstəxanaya getmək daha yaxşıdır.

- Xəstəxanalarda yoluxmuş insanlara hansı müalicə tətbiq olunur? Axı dərman tapılmayıb, yəni onlar ya müşahidə altında, ya da reanimasiya şöbəsində saxlanılır?
- Bəli, virusu məhv edən dərmanlar yoxdur. Odur ki, simptomatik müalicədən istifadə edib temperaturu aşağı salmaq üçün parasetamol verə bilərik. Ancaq ibuprofen kimi antiinflamatuar dərmanlar təhlükəlidir. Bu preparatları qəbul edən gənclərin distress sindromuna düşdüyü hallar olub. Bunun əlaqəli olub-olmadığını söyləmək çətin olsa da, ÜST yalnız parasetamol istifadə etməyimizi tövsiyə edir. Vəziyyət pisləşərsə, əvvəlcə maska ilə qeyri-invaziv ventilyasiyaya qoşulur.
Müxtəlif dərmanlar haqqında çox danışılır, amma təsiri barədə heç bir dəlil yoxdur. Məsələn, Fransada malyariya xəstəliyi 70 ildir xlorokinlə müalicə olunur və həkimlər bütün əks təsirləri bilirlər, ancaq koronavirusun dərmanlarla necə mübarizə aparması hələlik elmə məlum deyil. Bu yaxınlarda Fransa, digər Avropa ölkələri ilə birlikdə hidroksiklorokin olan dörd fərqli dərmanı sınamaq üçün onların klinik sınaqlarına başladı.

- Belə çıxır ki, virusla mübarizə aparmağın yeganə yolu təbii şəkildə və peyvəndlə immunitetin qazanılmasıdır. Amma ekspertlər deyirlər ki, peyvəndin inkişafı yarım il çəkəcək. Niyə bu proses belə uzun gedir? Axı dərmanların ilk variantlarının hazır olduğu barədə məlumatlar var.
- Peyvənd ilk növbədə profilaktika məqsədi daşıyır. Sağalan insanın artıq xilas olmasına ehtiyac qalmayacaq, öz immunitetini inkişaf etdirəcək. Ancaq ümumiyyətlə, peyvənd çox maraqlı bir üsuldur, bunun sayəsində artıq iki xəstəlik - çiçək xəstəliyi və poliomielit keçirmirik.
Peyvəndlə bağlı problem onun hazırlanmasına fərqli yanaşmaların olmasıdır. Bu ya virusun antigeni, ya da zərər verə bilməyən virusun özü ola bilər. Beləliklə, birinci vəzifə sadəcə hazırlamaqdır, ikincisi onun təsirini və təhlükəsizliyini araşdırmaqdır. Peyvənd sınağı ən çox vaxt aparan və uzun bir prosesdir.
- Tam sağalmış şəxs COVID-19-a yoluxmayan insanları yoluxdura bilərmi?
- İndi bu barədə danışmaq çətindir. Təcrübələr simptomların başlanmasından 14 gün sonra xəstənin yenidən digər insanlarla əlaqə qura biləcəyini göstərir. Ancaq məhdudiyyətlər var: əvvəlcə onun temperaturu 72 saat ərzində qalxmamalı və ümumi sağlamlığı yaxşılaşmalıdır. Buna baxmayaraq, bundan sonra da virusun sağlam insanlara ötürülməsi riskinin qarşısını almaq üçün daha iki həftə karantində saxlanılması tövsiyə olunur.
- Sizcə, koronavirus nə vaxta qədər yayılacaq?
- Mən peyğəmbər deyiləm, statistik məlumatlar əsasında bir model hazırlayan, nə qədər əhalinin xəstələnəcəyini və nə qədər davam edəcəyini hesablayan riyaziyyatçı deyiləm. Üstəlik, bu modellər reallıqla üst-üstə düşməyə bilər. Yalnız bilirik ki, virus Çində dekabrın sonunda başladı və artıq epidemiyanın bitdiyini bildirirlər. Yəni orada üç aya yaxın davam etdi. İnanmıram ki, bizdə daha sürətli olsun.
Bu tamamilə yeni bir hadisədir və Yeni ili qeyd edəndə heç kim bu barədə düşünmürdü. Yeganə təcrübəmiz 2003-cü ildə Çində SARS (Şiddətli Kəskin Tənəffüs Sindromu) və 2012-ci ildə Yaxın Şərqdə rast gəlinən MERS-dir (Orta Şərq Tənəffüs Sindromu). Və bu nümunələrdən görürük ki, təxminən doqquz ildən bir yeni epidemiya yayılır. Ancaq ümumilikdə riyaziyyatçılar və virusoloqlar üçün daha çox sual yaranır.
Maraq doğuran məqamlar var, əgər insan genetikasına baxsanız, müxtəlif virusların faydalı olan parçalarını görə bilərik. Bu o deməkdir ki, virus mütləq düşmən deyil, dost da ola bilər.
- Və nəhayət, SARS-CoV-2-nin süni şəkildə yaradılması versiyası barədə nə düşünürsünüz?
- Düşünmürəm ki, çinlilər öz xalqlarını məhv edə biləcək bir epidemiya yaradıb sonra onu bütün dünyaya yaysın. Virusun yayılmağa başladığı Uhan bazarının yaxınlığında hərbi bazaların və laboratoriyaların olması, virusların “sehrbazların” əlinin işi olduğunu bildirmir. Mən belə bir vəziyyət təsəvvür edə bilmirəm.
Virusun hazırda Çində və bütün dünyada yayıldığına baxsaq, bu cür “sui-qəsd nəzəriyyələri”ni qəbul edə bilmərəm.

Aytən Məftun
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.