“Dövlət müşaviri olduğum zaman Nizaməddin Şəmsizadəni qəbuluma gətirmişdilər. Quba rayonuna İcra Hakimiyyəti başçısı təyin etdirmək istəyirdilər. Universitet müəllimim Azad Nəbiyev də gəlib çıxmışdı. Bəzi cəbhəçilər də dəstək verirdi. Prezidentə də onun barəsində demişdilər”.
AzToday.az xəbər verir ki, bunu Elçibəy hakimiyyəti dönəmində kadr məsələləri üzrə dövlət müşaviri olmuş Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
Qeyd edib ki, ilk görüşdən Elçibəyi, bizləri müqəddəsləşdirəcək qədər yaltaq və mənasız adam olduğu üzə çıxdı.
“Bir müddət sonra prezident onun haqqında fikrimi soruşdu. “Deyir ki, Elçibəy peyğəmbər, siz isə Həzrəti Əlisiz”-dedim. “Aydındı”-dedi. Bununla da söhbət bitdi. Nizaməddin mövzusu birdəfəlik bağlandı…”-deyə, o, əlavə edib.
Qeyd edək ki, professor N.Şəmsizadə bugünlərdə koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınmasındakı xidmətlərinə görə, ölkə Prezidenti İlham Əliyevə Milli Qəhrəman adı verilməsi təşəbbüsü ilə çıxış edib və bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması üçün millət vəkillərinə müraciət ünvanlayıb.
Bu təşəbbüsdən sonra N. Şəmsizadəyə qarşı müxalif kəsimdən sərt ittihamlar və ifadələr səsləndirilməyə başlanılıb.
Həmçinin, qeyd edək ki, N. Şəmsizadə ötən əsrin 90-ci illərində yaranan Dirçəliş və Tərəqqi Partiyasının yaradıcılarından olub.
Həmin partiyaya isə BDU-nun professoru, tanınmış ziyalı, əslən qubalı-mərhum Azad Nəbiyev sədrlik edib.
Onu da qeyd edək ki, AXC hakimiyyəti dönəmində Qubanın icra başçısı Eldar Sübhanverdiyev olub.(etikxeber.az)